Xan Yusif oğlu Babayev Lənkəran rayonunun Seydəkaran kəndində həkim ailəsində dünyaya göz açmış, ibtidai təhsilini Bakının 48 saylı məktəbində almış, 1931-1937-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Politexnikumunun elektronika fakültəsində oxumuşdur. Bu illərdə o, eyni zamanda müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləmişdir. Lakin harada təhsil almağından və işləməyindən asılı olmayaraq, çox sevdiyi fotoaparatı heç vaxt əlindən yerə qoymamışdı. Hətta müharibənin o ağır illərində və sonralar kinooperator olanda belə bu gözəl obyektivdən ayrılmamışdır.
      
   1938-ci il Xanın həyatında dönüş ili oldu. X.Babayev Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olmuşdu. Lakin II dünya müharibəsinin başlanması ilə bu sevinc çox uzun sürmədi. Leytenant X. Babayev müharibənin ilk günündən qələbə gününədək döyüşən ordu sıralarında olmuş, bir kinooperator kimi Sovet İttifaqı marşalı Konevin komandanlıq etdiyi qoşunların tərkibində həm vuruşmuş, həm də ümumittifaq jurnalları üçün çoxlu kinosüjetlər çəkmişdir. Onun döyüş yolları Polşadan, Macarıstandan, Çexoslovakiyadan, Rumıniyadan, Almaniyadan keçmişdir. Cəbhələrdə göstərdiyi igidliklərə görə "I dərəcəli Vətən müharibəsi" (1943), "Qırmızı ulduz" (1944), "Qırmızı bayraq" (1945) ordenləri, "Stalinqradın müdafiəsinə görə" (1942), iki dəfə "İgidliyə görə" (1943) "Berlinin alınmasına görə" (1945) və "Praqanın azad olunmasına görə" (1946) medalları ilə təltif olunmuşdur.
   Ordudan tərxis olunan kimi gənc zabit təhsilini görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında davam etdirmişdir. X.Babayev 1950-ci ildə institutu bitirib yenidən Bakıya, doğma kinostudiyaya bu dəfə professional kinooperator kimi qayıtmışdır.
   Xan hələ kinematoqrafiya institutunun tələbəsiykən 1947-ci ildə dostu, kinooperator T.Axundovla birgə iki sənədli film - məşhur pambıq ustası Sürəyya Kərimovadan, Ağdam bölgəsində pambıqçılığın inkişaf etdirilməsi üzrə görülən tədbirlərdən bəhs edən "Çağırışa cavab", 1949-cu ildə Azərbaycanın Ağstafa rayonundakı "İskra" kolxozunun əldə etdiyi nailiyyətlərə həsr olunmuş "Yeni həyat qurucuları" kinolentlərini çəkmişdir. Həmin il istehsala buraxılan "Bakının işıqları" tammetrajlı bədii filmində II operator işləmişdir. Bu filmdə X.Babayev müstəqil çəkdiyi bir fraqmenti diplom işi kimi müdafiə etmiş və bu iş "əla" qiymətə layiq görülmüşdür. Bununla əlaqədar filmin baş operatoru Q.Yegiazarov diplomçu tələbəyə verdiyi "Xasiyyətnamə"də (14 dekabr 1950-ci il) belə yazmışdır: “Bakının işıqları" filminin II operatoru X.Babayev özünü əla şəkildə göstərmişdir. O, operator ustalığı texnikasına yaxşı yiyələnmişdir. Və mürəkkəb yaradıcılıq məsələlərinin həllinə cəsarətlə yanaşır. Yaradıcılıq prosesində özünü sərbəst hiss edir".
   İnstitutu bitirib Bakı kinostudiyasında fəaliyyətə başlayan gənc operator T.Axundov və K.Həsənovla birgə Azərbaycanın ən zəngin mis və filiz yataqlarına malik Gədəbəy torpağından bəhs edən "Gədəbəyin sərvəti" (1950-ci il), C.Məmmədov, L.Koretski, V.Zbudski ilə birgə Azərbaycanda respublika stadionunun təntənəli açılışına həsr olunmuş "Respublika stadionu" (1951-ci il), yeni neft layları axtarıb tapmaqla məşğul olan neftçilərin gərgin əməyindən danışan "Neft kəşfiyyatçıları" (1952-ci il) sənədli filmlərini çəkmişdir.
   1953-cü ildə "Doğma xalqımıza" bədii-sənədli filmi istehsala buraxılarkən Xan Babayev və Teyyub Axundov filmə operator təyin olunurlar. Əsas süjet xəttini Azərbaycan zəhmətkeşlərinə incəsənət ustalarının yaradıcılıq hesabatı təşkil edən bu film üzərində təcrübəli kinooperator Ə.S.Atakişiyevin rəhbərliyi altında iki həmkar çalışırlar. Bununla bağlı filmin quruluşçu rejissoru H.Seyidzadənin Xan Babayev haqqında söylədikləri fikirlər maraqlıdır: “Xan Yusif oğlu" Azərbaycan incəsənət ustaları" filmi (film ekranlara “Doğma xalqımıza" adı altında buraxılmışdır - A.K.) üzərində II operator işləmişdir. İş zamanı o özünü bacarıqlı, rəngli filmin ("Doğma xalqımıza" Azərbaycan kino tarixində ilk rəngli bədii-sənədli filmdir- A.K.) istehsalı prosesini bilən, professional cəhətdən hazırlıqlı, zövqlü və filmin təsvir həllində fərqli yaradıcılıq keyfiyyətlərinə malik operator kimi göstərmişdir”.
   H.Seyidzadə. 29 yanvar 1954-cü il".
   Xan Babayevi kinematoqrafda "təbiətin tərənnümçüsü" adlandırmaq olar. Onun çəkdiyi "Ögey ana", "Böyük dayaq", "Yenilməz batalyon" və s. filmlərdə təbiət adi fon rolunu oynamır, bu filmlərdə fon fəaldır, personaj kimi fəaliyyətdədir. Azərbaycan, onun meşələri, dağları, dərələri, gözəl bağları, çayları ekranda sanki cana gəlir, tamaşaçı ilə ünsiyyətdə olur. Xan Babayev əsl Azərbaycan milli kinooperatoru, doğma torpağın nəğməkarı idi.
   Kinorejissor Həbib İsmayılov və kinooperator Xan Babayevin birgə səyi ilə iki bədii film - "Ögey ana" və "Böyük dayaq" çəkilmiş və ekranlara çıxarılmışdır. Qeyd etmək lazımdır ki, "Ögey ana" filmi 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında üçüncü mükafat almışdır.
   Xan Babayev 1960-cı ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinə işə keçənə qədər Bakı kinostudiyasında neftin çıxarılması uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri sürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edən "Qara Daşlar" kinopovestini (1956, Ə.İsmayılovla birgə), gənclər və tələbələrin III Respublika festivalına həsr olunmuş "Səadət və əmək mahnıları" rəngli sənədli (1957, baş operator), Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü haqqında "Azərbaycan mədəniyyətinin baharı" tammetrajlı rəngli sənədli (1959, C.Məmmədovla birgə rejissor və operator) filmlərini, ittifaq və respublika kinojurnalları üçün yüzlərlə xronikal kinosüjetlər çəkmişdir.
   Rejissor Ağarza Quliyevin "Qara Daşlar" bədii filminə operator dəvət olunan Xan Babayev çəkilişlərə başlamamışdan əvvəl lentə aldığı yerləri çox ciddi şəkildə öyrənir, tez-tez Neft Daşlarına gedir, burada neftçilərin işi və yaşayışı ilə tanış olurdu. Əvvəlcədən belə yüksək səviyyəli hazırlığın nəticəsidir ki, filmdə bir çox epizodlar, xüsusilə dəniz lövhələri maraqlı və inandırıcı alınmışdır. Filmi görənlər yəqin ki, tufan qopmuş Xəzərin ümumi mənzərəsini xatırlayırlar.
   Bundan sonra Xan Babayev çox qısa vaxt ərzində Azərbaycan televiziyasında çalışır. Lakin "Böyük dayaq" filminin istehsala buraxılması ilə əlaqədar yenidən doğma kinostudiyaya qayıdır. Film çəkilib ekranlara buraxılandan sonra "Bakı" qəzetində (14 may 1963-cü il) Xan Babayev haqqında məqalə dərc olunur. Məqalənin bir yerində Xan operator işi ilə bağlı müxbirlə fikirlərini bölüşüb belə deyir: "Film üçün kadr çəkərkən əlverişli obyektlər tapmaq, obrazları tamaşaçıya bütün xüsusiyyətləri ilə çatdırmaq lazımdır. "Böyük dayaq" filmi çəkilərkən bir sıra çətinliklər qarşıya çıxmışdı. Amma kollektivimiz səylə çalışdı. Bəzən bir həftənin işini üç gündə görməli olduq".
   Xan Babayev "Böyük dayaq"dan sonra rejissor H.Seyidzadənin "Yenilməz batalyon" bədii filmi üzərində (R.İsmayılovla birgə) işə başlayır. "Yenilməz batalyon" operator X.Babayevin son filmi olur.
   "Yenilməz batalyon"a həyəcansız baxmaq olmur, hadisələrin dramaturji inkişafını diqqətlə izləyən tamaşaçı qəhrəmanların taleyinə biganə qala bilmir, hətta filmin nümayişindən sonra da düşüncələrə dalır. Əvvəlki filmlərindən fərqli olaraq, operator bu dəfə "Yenilməz batalyon"un xarakterinə, üslubuna uyğun ənənəvi işıqlandırma üsullarından imtina edir. Kütləvi səhnələrdə aktyorlara tam sərbəstlik verir. Buna görə də filmdə mizansəhnələr daha da inandırıcı alınmışdır. Bütün ekranı tutan ikibaşlı qartal emblemi - çarın simvolu elə rakursdan lentə alınmış və elə işıq - kölgələrlə təqdim olunmuşdur ki, bu səhnəyə baxarkən çarizmin xalqlar üzərindəki fiziki və mənəvi təzyiqini açıq-aydın hiss edirsən.
   Mahir operator "Yenilməz batalyon" filmi üzərində işləyərkən ağır xəstələnir. Onun özünün təklifi ilə cavan, lakin istedadlı kinooperator Rasim İsmayılov filmdə Xanın işini uğurla davam etdirir.
   X. Babayev heç vaxt özünü işsiz, hərəkətsiz təsəvvür etmirdi. Kinokameradan ayrı düşmək onun üçün həyatdan, cəmiyyətdən ayrı düşmək demək idi. Ancaq xəstəlik bu gözəl insana aman vermədi. O, 1967-ci il mayın 29-da vəfat etdi.
   Azərbaycanın ilk milli professional kinooperatorlarından biri olan Xan Babayev hansı filmdə işləyirsə-işləsin, öz peşə ustalığı və incə bədii zövqü ilə rejissor fikrini zənginləşdirməyi bacarırdı.
   Təsadüfi deyil ki, tanınmış özbək kinooperatoru Əhməd Şəmiyev azərbaycanlı həmkarına fotoşəklini bağışlarkən onun arxasında bu sözləri yazmışdı: "Hörmətli Xan! Sən operatorların Xanısan!" Həmin fotoşəkil bu gün də X.Babayevin şəxsi arxivində saxlanılır.
   X.Babayev Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olarkən kinomuzun gələcəyi ilə bağlı məsələlərin həllində həmişə prinsipial mövqe tutardı. Nə sənətdə, nə də həyatda güzəştə getməyi sevməzdi. 
      
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi