Əli İsa Cabbarov: «Kino problemlərini işıqlandırmaqla yanaşı, art jurnalistikanın inkişafını dəstəkləmək layihənin əsas məqsədlərindəndir»
   
   Peşəkar kino jurnalı “Fokus”un 5-ci sayı çap olundu. Bu sayın ənənəvi “kinomarketinq”, “nəzəriyyə”, “oxu zalı”, “sosium” rubrikalarında kinonun və cəmiyyətin ən müxtəlif problemləri işıqlandırılır. Rejissor Roberto Rodriqesin ustad dərsi, kinoşünas Kiril Razloqovun «Şərq-Qərb tezisləri» həvəskar kinomanlar və peşəkar kinematoqrafçılar üçün jurnalın dəyərini daha da artırır. Dərginin daimi yazarları kinoşünas Aygün Aslanlı “Diktatura və kino”, Aliyə Dadaşova “Kinoda bədən”, yazar Vəfa Cəfərova bugünkü cəmiyətimiz və oxumaq mədəniyyətimiz mövzularında apardıqları araşdırmalarla çıxış edirlər.   

   Həmçinin jurnalda kinossenari də yer alıb. 1993-cü ildə “Vahidbank”ın bankrotlaşmasından sonra istehsalı dayandırılmış və çəkiliş materialları müsadirə olunmuş “Milyoner” ssenarisi də jurnalda ilk dəfə çap olunur. H.Z. Tağıyevə həsr olunmuş ssenarinin müəllifləri Nadejda İsmayılova və Rasim İsmayılovdur. Günel Mövludun Qarabağ qaçqınlarının faciəsini gerçək boyalarla işləyən “Film kimi” adlı yazısı da oxucuların diqqətini çəkəcək. Bundan başqa jurnalı alan oxucular yerli kinematoqrafçılar Fariz Əhmədov, Mübariz Nağıyev, Nicat Feyzullayev yaradıcı planları ilə bu sayda yer alan müsahibələrdən tanış olacaqlar.
   Jurnalın təsisçisi, Gənc Film İstehsalçıları Assosiasiyası İctimai Birliyinin sədri Əli İsa Cabbarov nəşrlə bağlı sualları cavablandırdı: “Jurnalın ərsəyə gəlməsində Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun rolu əvəzedilməzdir. Jurnalımızın 5-ci nomrəsi fondun KİV proqramının “Mediada yeni təşəbbüslər sahəsində” QRANT MÜSABİQƏSİ çərçivəsində “Analitik kino jurnalının nəşri art jurnalistikanın dəstəyi kimi” layihəsinin udduğu qrant vasitəsi ilə çap olunur. Layihənin adından göründüyu kimi, jurnalımızın nəşrində sırf kino məqsədlərini yox, ümumiyyətlə art jurnalistikanın dəstəyi məsələsini də önə çəkirik. Mənim üçün bu sırf şəxsi problemim kimi də durur. Kinematoqrafçı olaraq çeşidli art nəşrlərin olmasında, peşəkar art jurnalistlərin olmasında həddindən artıq maraqlıyam. Ən azı çəkdiyim filmlərin keyfiyyətli analizini görməkdə maraqlıyam. Bu sahədə çalışan jurnalistlərimizin fəaliyyətinin dəstəklənməsi təkcə kiv və ya kino məsələsi yox, həmçinin mədəniyyətimizin vacib məsələlərindəndir.
   Art məhsul istehsalçıları art jurnalistlərdən ancaq mədhiyyə gözləyirlər. Sənətşünaslığımız və art jurnalistikamız az qala bu roluna öyrəşib. Kinematoqrafçılar, teatr xadimləri, rəssamlar və bəstəkarlarımızın xidmətində farağat pozasında durmaq. Bu haldan nə art jurnalistika, nə də incəsənətimiz udmaz. “Fokus” kino jurnalı layihəsinin məqsədlərindən biri də art jurnalistlərimizin işlərinə dözümlü münasibətin formalaşdırılmasıdır. Biz bu sahənin inkişafı üçün münbit şərait yaratmaq istəyirik. Bunun üçün bu sahəni işıqlandıran kiv-lərin sayının artması lazımdır. ”Fokus” bu istiqamətdə bir addımdır.

   Aişə