30-cu illərin ikinci yarısından sonra bütün ölkə kinostudiyalarında, o cümlədən Azərbaycanda tarixi-inqilabi filmlərin istehsalına diqqət daha da artırıldı. Bu filmlərdə çar Rusiyası imperiyasının əsarəti altında yaşayan xalqların milli-azadlıq mübarizəsi, rus proletariatı ilə dostluğu tərənnüm edilirdi. İnqilab adamlarının konkret təsviri, insanları qurub-yaratmağa səsləyən nümunəvi qəhrəmanların, xarakterlərin yaradılması kino sənətkarları qarşısında duran əsas problemlərdən idi.
Belə bir vaxtda «Azərfilm» kinostudiyasında «Bakılılar» (1938) və «Kəndlilər» (1939) filmlərinin ekrana çıxması Azərbaycan kino tarixində əhəmiyyətli hadisəyə çevrildi.
Kinodramaturq G.Mdivaninin ssenarisi əsasında Səməd Mərdanovun çəkdiyi «Kəndlilər» filmi gənc rejissorun bədii kinoda ilk müstəqil böyük işi idi. S.Mərdanov 1935-ci ildə ÜDKİ-nin rejissorluq fakültəsini (S.Eyzenşteynin emalatxanasını) bitirməkdə və professional kino təhsili almış ilk azərbaycanlı kinorejissor idi. O, hələ institutun sonuncu kursunda oxuyarkən B.Barnetin çəkdiyi «Mavi dənizin sahilində» kinokomediyasında ikinci rejissor işləmişdi.
Filmin operatorlarından biri M.Dadaşov danışırdı ki, «Toy» səhnəsini kinostudiyanın həyətində gecə lentə alırdıq. Rejissor S.Mərdanov həm çəkiliş, həm də texniki imkanlar baxımından bu çətin epizodun çəkilişini bilərəkdən axıra saxlamışdı. Nəhayət, həmin səhnə çəkilib qurtardı. Səmədin sevincinin həddi-hüdudu yox idi. Xəstəliyi ilə bağlı həkimlər ona gəzməyi qadağan etmişdilər. O, çəkilişləri elə kresloda oturduğu halda aparırdı. Ülfət rolunda oynayan Səmədin həyat yoldaşı Tamara İsgəndərova yaxınlaşanda birdən Səməd ona baxıb həyəcanlı səslə bir bayatı dedi:
Qızıl gül olmayaydı,
Saralıb solmayaydı,
Nə xəstəlik, nə ölüm,
Heç biri olmayaydı.
Bu əhvalatdan bir neçə gün sonra 1939-cu il avqustun 6-da gözəl sənətkar Səməd Mərdanov gözlərini əbədi yumdu.
Çəkilməmiş yalnız adi bir epizod və filmin montajı yarımçıq qaldı. Hətta Səməd montajın necə olunacağını da əvvəlcədən yazıb hazır qoymuşdu. Bu işi rejissor A.Beknazarov başa çatdırdı. O, bu filmdəki işi ilə əlaqədar xatirələrində belə yazmışdır: «Gənc, olduqca istedadlı rejissor S.Mərdanovun bütün fikri filmdə idi. Hətta ağır cərrahiyyə əməliyyatından sonra belə tələb edirdi ki, onu xərəkdə çəkiliş meydançasına gətirsinlər. Ölümündən bir qədər əvvəl Mərdanov bitməmiş işini başa çatdırmağı mənə etibar etmişdi. Mən bu böyük sənətkarın ümidlərini qıra bilməzdim. «Kəndlilər» filmi üzərində işlərkən mən öz dəst-xəttimdən, sevimli rejissor priyomlarımdan imtina etdim. İşə başlarkən Mərdanovun manerasına ciddi əməl edir, onun çəkdiyi hər bir kadra ehtiyatla yanaşırdım. Resenziyalardan birində yazılanda ki, «filmdə əvvəldən axıra kimi quruluşçu S.Mərdanovun özünəməxsus, əsl milli istedadı özünü aydın göstərir», - mənim üçün bundan yaxşı tərif ola bilməzdi».
Amma çox təəssüf ki, dilinə bu sözləri gətirən erməni rejissoru «Zapiski aktyora i kinorejissora» kitabının sonunda verdiyi «Filmoqrafiya»ya «Kəndlilər» filminin də adını daxil etmiş, «quruluş S.Mərdanovundur, A.Beknazarov tərəfindən başa çatdırılmışdır» sözlərini yazmışdır. Hacı Həsən rolunun ifaçısı R.Darablının soyadı isə təhrif olunub kitabda «R.Darabyan» kimi göstərilmişdir.
«Kəndlilər» filmi bolşeviklərin rəhbərliyi altında Azərbaycan kəndlilərinin 1919-1920-ci illərdə Müsavat hökumətinə qarşı apardığı mübarizədən danışır. Filmdə Müsavat mürtəce burjua-millətçi Azərbaycan hökuməti kimi qələmə verilmişdir. Filmdə göstərilir ki, kəndli hərəkatının get-gedə güclənməsindən qorxuya düşən müsavatçılar xalq nümayəndələrindən ibarət qurultay çağırırlar. Onların fikrincə, qurultaya iri torpaq sahibkarları seçilməli idi. Ancaq bolşeviklər qurultay kürsüsündən müsavatçıların xalq əleyhinə siyasətlərini ifşa etmək üçün kəndliləri ayağa qaldırırlar.
«Kəndlilər» filminin müvəffəqiyyətli çıxmasında başda rejissor S.Mərdanov olmaqla, yaradıcı kollektivin - baş operator D.Feldmanın, operatorlardan Ə.İsmayılov və M.Dadaşovun, bəstəkar Niyazinin, rəssamlardan V.Aden və G.Əliyevin, səs operatoru A.Kərimovun əməyi böyükdür. Onların hamısı film üzərində ilham və ruh yüksəkliyi ilə işləmişlər.
Rejissor S.Mərdanov filmdə maraqlı aktyor ansamblı yarada bilmişdir: Ə.Ələkbərov (Göydəmir), M.Mərdanov (Təhməz və menşevik), R.Əfqanlı (Abbas), R.Darablı (Hacı Həsən), A.Rzayev (onun oğlu), B.Baykov (Petro), M.Sənani (Eldar), M.Mikayılov (bəy oğlu) gözəl oyun nümayiş etdirmişlər.
«Kəndlilər» filminin ən böyük uğurlarından biri Eldar obrazıdır. Aktyor M.Sənani bu qəhrəmanın müsbət insani keyfiyyətləri ilə yanaşı, onun anarxist təbiətini də ustalıqla açıb göstərir. Əvvəlcə biz onu bəyin adamları arasında görürük. Sonra o, sarayın alınmasında iştirak edir, bəyi öldürür, mülkədar üzərində çaldığı qələbəni ziyafət düzəldərək yeyib içməklə qeyd edir.
Digər əsas obrazlarla müqayisədə filmin baş qəhrəmanı - kəndli Göydəmirin xarakteri heç də tam açılmır. Bu obraz ekranda yaşamır, sadəcə, əksər epizodlarda iştirak edir. Bu da əsasən dramaturji materialın natamamlığından irəli gəlir. N.Hacınskayanın «Kinoiskusstvo stranı oqney» kitabında (Moskva, 1971) yazdığına görə, ssenari materialı film üçün nəzərdə tutulmuş həcmdən xeyli çox idi. Buna görə də 20-ə qədər epizod filmə daxil edilmədi. Bu epizodların bəziləri mövzu və obrazların açılmasına bilavasitə köməklik göstərə bilərdi. Ssenaridəki nöqsanlar film istehsala buraxılmazdan əvvəl qeyd olunmuşdu. Lakin sonradan ssenari qəbul edilmiş, rejissor isə ssenaridəki çatışmazlıqların hamısını çəkiliş vaxtı aradan qaldıra bilməmişdi.
«Kəndlilər» filminin ədəbi ssenarisinin Moskvada - SSRİ Kinematoqrafiya İşləri Komitəsində təsdiqi ilə bağlı rəvayətəoxşar bir əhvalat vardı. Danışırlar ki, filmin ssenarisi zəif olduğu üçün onu yenidən işləməyə geri qaytarırlar. İkinci variant da qəbul olunmur, müəyyən düzəlişlər aparmaq şərtilə müəllifə qaytarılır. Təbiətən çox sakit, təmkinli və tədbirli bir insan olan S.Mərdanov narahatçılıq keçirməyə başlayır və «Kəndlilər» filminə rejissor assistenti təyin olunmuş M.Əlilini yanına çağırıb deyir: «Əlili, düzəlişlərdən sonra ssenarini 3-cü dəfə təsdiqə göndəririk, gör nə edə bilərsən».
Əlili ssenarini üç nüsxə əvəzinə on üç nüsxə çap elətdirib Moskvaya aparır. Bədii filmlərin istehsalı üzrə baş idarənin rəisini iclasda olduğu üçün görə bilməyib, ssenarinin nüsxələrini rəisin katibəsinə, sürücüsünə, qapıçıya, redaksiya heyətinin üzvlərinə paylayır və hər birinə ayrı-ayrılıqda deyir ki, bu ssenarini gələndə verərsiniz rəisə, deyərsiniz ki, bunu Əlili verdi, sizi görə bilmədiyi üçün çox üzr istədi, sabah tezdən özü yanınızda olacaq. Rəisin ev ünvanını öyrənib sonuncu nüsxəni onun həyat yoldaşına verir və deyir ki, bunu rəis göndərdi, dedi ki, axşam gəlib oxuyacaq.
M. Əlili mənimlə söhbətlərinin birində danışırdı ki, ertəsi günü kino komitəsinə daxil olanda qapıçıdan tutmuş katibəyə kimi, məni kim görürdü, əvvəlcə üstümə cumur, «bu nə oyundur çıxarmısan?» deyib məni danlamağa başlayır, hətta rəislə hədələyirdilər. Günahkar olduğum üçün cınqırımı belə çıxarmırdım. Ehtiyatla rəisin otağına daxil olanda məni görüb ilan çalmış adam kimi yerindən sıçradı. Elə bildim ki, bu dəqiqə tavanı başıma uçuracaq. Amma belə olmadı. Deyəsən, dünənki əhvalatdan sonra səhərəcən hirsi xeyli soyumuşdu. Buna baxmayaraq üstümə cumub hirsli-hirsli dedi: «Çto, çto takoe? Çto vı sebe pozvolyaete?!»
Sonra nə dediyini heç eşitmirdim, çünki fikrim ssenarinin və Səmədin yanında idi. Ertəsi günü təsdiq olunmuş ssenarinin nüsxəsini əlimə alanda sevincimdən nə edəcəyimi bilmirdim. Həmin gün bilet alıb ləngimədən Bakıya qayıtdım…
Tarixi-inqilabi mövzunun klassik həllini verən, milli kinematoqrafiyanın inkişafında mühüm rol oynayan «Kəndlilər», bir sənət əsəri kimi, bu gün də bədii dəyərini itirməmişdir. Bir neçə il əvvəl Fransada - beynəlxalq kinofestival çərçivəsində keçirilən Azərbaycan filmlərinin retrospektiv baxışında uğurla nümayiş etdirilən, bu film gözəl rejissor həlli, materialın dərindən öyrənilməsi və hər bir aktyorun istedadının üzə çıxarılması baxımından, kino mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanmışdır.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi