Xarici filmlər yerli kino bazarını zəbt edib
   
   Bu gün Azərbaycan kino sahəsində dirçəliş, canlanma var, ancaq bu o demək deyil ki, problemlər tam həllini tapıb. Azərbaycan kinosunda və inkişaf edən bütün sahələrdə mövcud olan problemlər olub, həmişə də olacaq. Müasir dövrdə çəkilən milli filmlərimizin pillələri addım-addım qalxıb zirvəyə doğru aşağı sürətlə də olsa qalxdığını deyə bilərik.
   
   Hazırda müstəqil kino şirkətləri və “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sayəsində ildə istehsal olunan filmlərin sayını artırıb. Amma bu gün telekanallarda nümayiş olunan milli filmlərimizlə xarici ölkələrin istehsalı olan filmlərin nisbətini hesablasaq görərik ki, ən çox efirlərdə yayımlanan xarici filmlər və teleseriallardır. Milli filmlərimizi isə həftə sonları, bayram və ya faciəli günlərdə izləmək imkanımız olur. İstədiyin kinonu da izləmək üçün gərək Azərbaycan təqvimini yaxşı biləsən, çünki hər vaxtın öz kinosu var. Bayram günlərində “Bəxt üzüyü”, “Qayınana”, “Arşın mal alan”, faciəli günlərdə isə “Fəryad”, “Ögey ana” və s. Bəzən də eyni filmi eyni gündə müxtəlif vaxtlarda və müxtəlif kanallarımızda izləmək imkanımız olur. Bu filmlərin də əksəriyyəti sovet vaxtında çəkilənlərdir. Müasir dövrdə istehsal olunan milli filmlərimizə isə efir məkanında izləmək qeyri-mümkündür. Düzdür, əslində TV-lər kino şirkətlərinə müəyyən məbləğdə pul ödəyərək bu filmləri almalı və efirində yayımlamalıdır. Amma nədənsə telekanallar hələ də əlini cibinə salmaq istəmir. Azərbaycan seyrçisinin də müasir filmləri izləmək imkanı olmur, məcburən və yaxud sevə-sevə xarici filmləri izləyir.
   Maraqlıdır, bəs Azərbaycan tamaşaçısının sonuncu baxdığı hansı filmdir? Və ya, ümumiyyətlə, tamaşaçı efirdən hansı filmlərə baxmaq istəyir?
   
   Gülnaz Hacıyeva ( tərçüməçi):
   - Demək olar ki, bizim evdə ancaq xarici filmlər izlənilir. Sonuncu izlədiyim milli kinomuz isə 20 Yanvarda ilk dəfə baxdığım “Qala” filmidir. Fikrimcə, filmin finalı əsl tapıntı idi. İztirablı atanın oğlunun yasında əl açıb oynaması insan hisslərini riqqətə gətirirdi. İstərdim hər gün milli kinolarımız, xüsusən də yeni çəkilmiş kinolarımız nümayiş olunsun. Bu tip kinolar uşaqların tərbiyəsinə də böyük kömək edər. Artıq uşaqlarımız o qədər xarici filmlər izləyir ki, qərbsayağı olublar.
   
   Məhbubə Məmmədli (Maştağa Mədəniyyət evinin əməkdaşı):
    - Sonuncu dəfə telekanallarımızda hansı proqramların nümayiş olunduğunu yoxlayanda «Böyük dayaq» filmini 2 dəqiqəlik izlədim. Demirəm ki, izləniləsi film deyildi. Lakin demək olar ki, həftənin 3 günü, müxtəlif vaxtlarda kanalların bir çoxunda əsasən bu filmin və bunun kimi bir sıra filmlərin dəfələrlə nümayişi artıq gözümü yorub. Məgər digər kinolarımızın efirə nümayişi qadağa olunub? Bugünkü günümüzdə xarici ölkələrdə keçirilən kinofestivalarda müəyyən qalibiyyət əldə edən kinolarımız var. Lakin bu uğurlardan illər keçsə də, biz hələ tv məkanında bu kinolarla tanış deyilik. Subyektiv fikirlə yanaşsam, mən xronika izləməyi xoşlayıram. Azərbaycanın tarixi ilə bağlı xroniki flimlərin çox çəkilməsi və efirdə nümayiş olunmasının tərəfdarıyam. Müasir günümüzlə səsləşən, Ermənistan-Azərbaycan arasındakı muharibədən bəhs edən filmlərin də üstünlük təşkil etməsi sevindirici hal olardı. Axı bu təbliğat vasitəsilə vətənpərvərliyi daha çox canımıza hopdurarıq. Necə ki, bizə qonşu dövlətlərin mənəviyyatsız, səviyyətcə aşağı olan filmlərini acgözlüklə izləyib "hopdurmuşuq" canımıza. Hətta bu filmlərin obrazları bizim ən doğma insanlarımıza çevrilib. TV məkanında ilk Azərbaycan filmlərindən «Bayquş», «Əvəz-əvəzə», «Qız qalası», «Bismillah», «Əlsizlər», «Lətif», «İsmət», «Gilan qızı», «Səbuhi», «Məhəbbət oyunu», «İki dost», «Komponella», «Bir məhəllədə iki oğlan» və s. kimi efirdə az, bəzən də heç nümayiş olmayan kinoların adları ilə tanışam və çox böyük maraqla bu kinoları izləmək istəyərəm.
   
   Fuad Ağakişiyev (mühəndis):
   - Sonuncu izlədiyim xarici kinolar, əsasən də türk kinolarıdır. Ən çox bəyəndiyim isə Tarantinonun «Şərəfsiz alçaqlar» filmidir. Xarici filmlər həm texnika cəhətdən, həm ssenari baxımından, həm də mükəmməl aktyor oyununa görə bizim filmlərdən fərqlənir. Ümumiyyətlə, Amerika kinosunu Azərbaycan kinosu ilə müqayisə etmək bir qədər gülməlidir. Bizim kinomuzun Hollivud səviyyəsinə çatmağına hələ çox var. Bu gün daha çox dövr ilə səsləşən filmləri izləmək istəyirəm, hansı ki, bu gün gəncliyin ona böyük tələbatı var. Amma istərdim son filmlərimizi də telekanallarda həftə ərzində heç olmasa 2-3 dəfə izləyə bilək. Çünki müasir kinolarımızı heç bir kanalda izləyə bilmirik. Ancaq yeni filmləri premyerada və festivalların açılışında və bağlanışında izləmək olur.
   
   Ülkər İslamqızı (ədəbiyyat müəllimi):
   - 1990- ci illərdən bəri, nə qədər ağır olsa da razılaşmalıyıq ki, Azərbaycan kinosu sovet dönəmində çəkilən filmlərdən aşağı səviyyədədir. Amma Azərbaycan kinosuna tam pessimist nəzərlərlə baxmaq da düzgün deyil. Hazırda Azərbaycan kinorejissorları və özəl şirkətlər silsilə şəkildə kinolar çəkməkdə davam edir. Son izlədiyim və bəyəndiyim kino Vahid Mustafayevin rəhbərliyi altında çəkilən və televiziya ekranlarında göstərilən “Qaydasız döyüş’’ filmidir. Bu kinoda cəmiyyəti narahat edən problemler öz əksini tapmışdı. Həmin problemlərin həlli yolları göstərilmişdir. Bəzən özlüyümdə qış fəslini «fəlsəfə» fəsli adlandırıram. Bu ayda insan bir növ ətrafaləmdəntəcrid olub, özünə qapanır. Belə vaxtlarda psixoloji, fəlsəfi kinolara baxmaq istəyirəm, xüsusi ilə də öz ölkəmizin istehsalı olan filmləri.
   
   Sorğumuzdan bəlli oldu ki, Azərbaycan tamaşaçısı müasir dövrdə yeni istehsal olunmuş milli kinolarımızı televiziya kanallarımızda daha tez-tez izləmək arzusundadır. Arzun cin olsun, azərbaycanlı!
   
   Könül M.