Burada bərabərliyə ancaq sözdə rast gəlmək olar
   
   İlk baxışdan elə təsəvvür yaranır ki, amerikalı feministlər həyatın bütün sahələrində qazandıqları uğuru Hollivudda da əldə ediblər. Real həyatda olduğu kimi, ekranda da qadınların baş qoşmadıqları məşğuliyyət sahəsi qalmayıb. 
   
   "Xəyallar fabriki"ndə son illər polis qadın və hərbçilərlə yanaşı, şər qüvvə ilə mübarizəni bütünlüklə öz üzərinə götürən cazibədar qadın obrazlı savaş filmləri də dəbdədir. Ekranlarda boksçu qadın və futbolçularla yanaşı, hərdən ABŞ-ın zəif cinsdən olan prezidentlərini də görmək olar. Kevin Smitin "Doqma"sında (1999) isə hətta Tanrı da qadın cinsində təsvir edilir. Əlbəttə, demək olmaz ki, qadınlar bütün peşələri zəbt ediblər. Məsələn, hokkeyçi, ağır atlet, poladəridən və asfaltsalan qadınlar hələlik Hollivuda ayaq açmayıblar. Görünür, bu peşələr Amerikada o qədər də geniş yayılmayıb.Bütün bunlara baxmayaraq, Amerika filmlərində qadınların hüququ ötən əsrlərdə olduğundan bir o qədər də fərqlənmir: onlar yenə də ağıllı qərar qəbul edə bilməyən ikinci dərəcəli növün nümayəndəsi kimi təqdim olunur.
   Hollivudda kişiyə və qadına münasibət birmənalı deyil. Bu münasibəti yalnız kişilər üçün nəzərdə tutulan savaş və macəra filmlərində yox, elə qadınların maraq mərkəzində olan janrlarda - melodram və ailə dramlarında da görmək olar. Oğlanlar toya, qızlar isə yasa! Əsrlərdən gələn bu münasibət indinin özündə də qüvvədədir. İctimai əxlaq uzun müddət ərsiz, amma uşaqlı qadınları qəbul etməyib. Hollivudda tənha anayla rastlaşıb, başqasının uşağını özününkü kimi tərbiyə etməyə hazır olan kişi barəsində filmlər yalnız ötən əsrin 70-ci illərindən çəkilməyə başlayıb. "Alisa artıq burada yaşamır" - Martin Skorseze), "Zərif rəhmdil" - Bryüs Birsford, "Məcburi turist" - Lorens Kazdan, "Gör kim danışır" - Emi Hekerlinq, "Cerri Maquayr" - Kemeron Krou, "Bundan yaxşı ola bilməz" - Ceyms Bruks, "Mənə güvənə bilərsən" - Kennet Lonerqan... Burada, təbii ki, feministlərin səyi və ölkədə doğum səviyyəsinin aşağı düşməsi öz nəticəsini göstərib. Amma bunu da qadınların hüquq bərabərliyi uğrunda apardıqları mübarizənin qələbəsi saymaq olmaz. Məsələ bundadır ki, adıçəkilən filmlərin hamısında tənha analar oğul tərbiyə edirlər. Belə çıxır ki, oğlan uşağına ana lazımdır, qız uşağına isə yox?.. Filmlərin əksəriyyətində təkbaşına qız tərbiyə edən analar yeni ər tapmaqda çətinlik çəkirlər. Belə qadınlar kişiləri yalnız qeyri-adi və ya yaxşı gəlir gətirən peşənin sahibi olduqları təqdirdə "kəməndə sala" bilirlər. Məsələn, aktrisalar ("Vidalaşmaq üçün qız" - Qerbert Ross, "Tutsi" - Sidni Pollak), xüsusi xidmət orqanlarının agentləri ("Gecədə uzun öpüş" - Renni Harlin), fırıldaqçılar ("Kişiləri özünə məftun edən qadın" - Devid Mirkin) gözəllik müsabiqələrinin qalibləri ("Ümid işartısı" - Forest Uiteker) və cadugərlər daha şanslıdırlar ("Təcrübi magiya" - Qriffin Dan, "Şokolad" - Lass Hollstrem). Hollivud ssenaristlərinin fikrincə, elə oğul tərbiyə edən tənha ataların özləri də arvad tapmağa çətinlik çəkmirlər. ("Bortdan kənar" - Harri Marşall, "Sietldə yatmayanlar" - Norı Efron). Amma qız uşağının ataları uğur əldə edə bilmirlər. Özünə arvad tapa bilən yeganə bəxtəvər Con Xjyzun "Qıvrımsaç Syü" filminin qəhrəmanı - mahir dələduz olub. Ssenaristlər bəlkə də bununla qız uşağına atalıq edən kişinin yalnız yalanın köməyi ilə şəxsi həyat qura biləcəyinə işarə ediblər. Görünür, ssenari yazarları özləri də bilmədən əmindirlər ki, oğlanlar qızlardan daha yaxşıdır. Belə münasibət Amerika kinematoqrafiyasında müxtəlif formalarda özünü göstərir. Məsələn, fövqəladə bacarığa malik oğlanlar bu xüsusiyyətlərindən xoş məramlar üçün istifadə edirlər ("Altıncı hiss" - M. Nayt Şyamalan, Harri Potter haqqında filmlər). Qızlar isə əksinə, bacarıqlarını şər məqsədlərə sərf edirlər ("İblisi qovanlar" - Uilyam Fridkin, "Kerri" - Brayan de Palm). Ailə məsələlərində də kişilər həmişə ədalət tərəfdarı kimi göstərilir.
   Amerika filmlərinin çoxunda ağıllı və xeyirxah kişi onu atmağa qərar verən və ya başqasına ərə getməyə hazırlaşan arvadını bu addımı atmaqdan çəkindirir. Bu mövzuda köhnə Hollivud filmləri xüsusilə fərqlənir ("Bu, bir dəfə gecə baş vermişdi" - Frenk Kapr, "Filadelfiya əhvalatı" - Corc Kyükor, "Onun qızı Cümədir" - Qovard Xouks, "Sabrina" - Bill Uaylder və s.). Müasir dövrdə də bu ənənə davam etdirilir ("Sietledə yatmayanlar", "Sizə məktub var" - Nor Efron, "Toyda müğənni" - Frenk Koraç, "Altı gün, yeddi gecə" - Ayvan Raytman, "Qaçmış gəlin" - Harri Marşall, "Subay" - Heri Sinyor, "Gizli təhlükə" - Harold Bekker, "Ouşenin on bir dostu" - Stiven Soderberq). Bu filmlərin əksəriyyətində keçmiş ər ikinci dəfə ərə gedən arvadının ürəyini yenidən ovsunlamağa müvəffəq olur. Bir çox filmlər başqalarının nişanlısına və ya ərinə gözü düşən qadınlardan bəhs edir. Bəziləri isə başqasına aşiq olmuş kişinin diqqətini cəlb etmək üçün çalışır. Amma bu səylərin uğurlu alındığını təsvir edən iki filmin adını çəkmək olar. Hovard Houksun "Beybini tərbiyələndirərək" filmində baş qəhrəman toy günü gəlini başqa birisinə görə atır.
   Adam Şenkmanın "Toy çaxnaşması" filmində isə toyların təşkili ilə məşğul olan qız bəylərin birinə vurulur və onu nişanlısının əlindən alır. Qalan bütün filmlərdə aşiq olmuş qadınlar bütün səylərə baxmayaraq, nəinki sevdikləri kişinin məhəbbətini qazana bilirlər, əksinə, nə qədər çox səy göstərsələr də, uğursuzluğa düçar olurlar ("Fransız öpüşü" - Lorens Kazdan, "Qətl vaxtıdır" - Coel Şumaher, "Ən yaxşı dostumun toyu" - P.C.Hoqan, "Məhəbbət dəlisi" - Qriffin Dann, "Təbiətin gücü" - Bronuen Hyuz). Yalnız bir neçə filmdə uğur əldə etməyən qadınlar öz taleləriylə barışırlar ("Faciəli meyl" - Edrian Layn, "İfşa" - Barri Levinson, "Fanat" - Con Polson). Digər hallarda isə rədd edilmiş qadınlar kişi və onun sevgilisindən intiqam almaq üçün əllərindən gələni əsirgəmirlər. Amma bu səylər... boşa çıxır.
   Amerika filmlərinə görə, dünyada vurulduğu kişini özünə cəlb etmək istəyən qadından dəhşətli heç nə yoxdur. Təəccüblü də olsa, Hollivud qadınların kavalerlərinin yolunu müticəsinə oturub gözləməsinin tərəfdarıdır. Belə çıxır ki, kişinin seçiminə layiq görülən qadın onu atmamalıdır. Əlbəttə ki, əgər bunu başqa bir kişi tələb etmirsə. Amma Hollivud ssenaristləri qadınlara müəyyən qrup kişiləri "əldə etmək" imkanı verirlər. Bunlar "don juan"lardır. Gözəl qadınlara don juanların ürəyini fəth etmək üçün bütün üsullardan istifadə etməyə icazə var. Amma nəyin bahasına? Amerikalı ssenaristlərin fikrincə, qadın "don juan"ı "tora salmaq" üçün bunun müqabilində mütləq ya pul, ya da başqa bir şey ödəməlidir. Özü də "qurban" kifayət qədər ali olmalıdır.
   "Subay" filminin qəhrəmanı yalnız evlilikdən sonra böyük mirasa sahib olacağı təqdirdə nikaha girir. Bir çox filmlərdə ailə xoşbəxtliyi naminə qadınlar karyeralarını qurban verməyibacarırlar. Öz sevgililərinin öhdəliklərini öz üzərlərinə götürürlər. Məsələn, "Sizə məktub var" filminin qadın qəhrəmanı ailəsindən miras qalmış kitab mağazasını sevdiyi kişinin naminə satmağa məcbur olur. Nensi Meyersin "Qadınlar nə istəyir?" filmində isə "don juan" istedadlı və qabaqcıl həmkarını seçir. Bununla da o, işdə mövqeyini möhkəmləndirir. Bəzən bu qurbanlar qadınlara çox baha başa gəlir. Hlenn Hordon Kronun "Məhəbbət əhvalatı" filminin qadın qəhrəmanı qeyri-ciddi sevgilisinə yalnız o, əlil olandan sonra ərə getmək şansı qazanır.
   Con Çenin "Nyu-Yorkda payız" və Pet O"Konnorun "Şirin noyabr" filmlərində isə qızlar öz sevgililərini onlar əlacsız xəstəliyə mübtəla olduqdan sonra özlərinə cəlb edə bilirlər. Qəribədir, deyilmi?
   
   Aylin