Aprel ayında Azərbaycan Kinosu Həftəsi keçiriləcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 6-dan 10-a kimi respublikanın müxtəlif yerlərində son illər istehsal edilmiş milli filmlərin nümayişi keçiriləcək. Belə ki, kino həftəsinə aprelin 6-da Heydər Əliyev Sarayında rejissor Samir Kərimoğlunun «Niyyət» filmi ilə start veriləcək.
   Yeni filmlər Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Yevlax və Gəncə şəhərlərində də göstəriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə bildirdi ki, kino həftəsində Sumqayıt şəhərində “Gənclərin qısa filmləri” proqramına baxış və yaradıcı gənclərlə görüş də keçiriləcək.
   «Ən son filmlərdən olan «Cavad xan» tarixi qəhrəmanlıq filmi N saylı hərbi hissədə hərbiçilər qarşısında nümayiş etdiriləcək».
   Əlavə edək ki, «Niyyət» və Mehriban Ələkbərzadənin quruluş verdiyi «Məhkumlar» bədii filmini iki islah əmək düşərgəsinin sakinləri də görə biləcək. Bundan başqa, kino həftəsində “İçərişəhər. Əsrlərin daş yaddaşı”, “Azərbaycan xalçası”, “Azərbaycan motivləri” sənədli filmlərinə baxış da keçiriləcək.