Amerika Kino Akademiyası bu dəfə 82-ci «Oskar» mükafatını təqdim edərkən ciddi sensasiyaya imza atmasa da, «Avatar» filmini arxa plana atdı. Belə demək mümkünsə, akademiya üzvlərinin bu addımı müəyyən tamaşaçı zümrəsi üçün sensasiya sayıla bilər. Amma qərar verən insanlar bu dəfə ideologiyanın arxasınca qaçmadılar. Məsələn, son 5 ildə «Oskar» mükafatlarının bəziləri ABŞ-ın keçirdiyi hərbi əməliyyatların əleyhinə yönəlmiş filmlərə qismət olub. Son prezident seçkilərindən sonra bu prinsip müəyyən qədər zəifləyib. Bununla belə bu dəfə «Ən yaxşı film» nominasiyasında məhz Əfqanıstan müharibəsindən bəhs edən «Fırtınanın hakimi» ekran əsəri qalib gəldi. Doğrudur, burada Amerika siyasəti əleyhinə hansısa kodlara rast gəlmək çətindir. Amma nəzərə alaq ki, tamaşaçıların daha çox «Oskar» alacağını gözlədikləri Ceyms Kameronun «Avatar» filmi yalnız «Ən yaxşı operator», «Ən yaxşı quruluşçu rəssam» və «Ən yaxşı xüsusi effektlər» nominasiyalarında mükafat ala bildi. Məlumdur ki, «Avatar»da Amerika və dünya arasındakı müəyyən siyasi motivlər açıq şəkildə göstərilmişdi. Və Amerikanın sakit görünən siyasətinin eyni olaraq «Oskar» da, siyasi maraqları bir kənara atdı. Amma bu maraqların olmaması mükafatın ictimai baxımdan zəifləməsinə gətirib çıxara bilərdi. Bu mənada akademiya müəyyən planlar işləyib hazırladı ki, nəticədə ödülün tarixində ilk dəfə olaraq qadın rejissor - Ketrin Biqelou «Ən yaxşı rejissor» adını qazandı. Nəzərə alaq ki, builki «Oskar» mərasimi mətbuatda daha çox bu xəbərlə gündəmə gəldi.
   Digər tərəfdən Sandra Ballakın bir həftə ərzində «Ən pis aktrisa» və «Oskar»da «Ən yaxşı aktrisa» olması da bu qurama sensasiyaların davamı olduğunu göstərdi.
   Xatırladaq ki, «Oskar»ın «Ən yaxşı film» nominasiyasının qalibi də məhz mərasimin tarixində ilk qadın mükafatçı olmuş Ketrin Biqelounun «Fırtınanın qalibi» filmi oldu. Film «Ən yaxşı ssenari», «Ən yaxşı montaj» və səs effektlərinə görə ümumilikdə 5 mükafata sahib oldu.
   Beləcə, amerikalılar öz kino mükafatlarını bu və ya digər formada yenə də dünyanın marağında saxlaya bildilər. Amma nəticələrə kompleks yanaşdıqda, təqdim olunan əsərlər arasında yeni «film»in olmaması və «Oskar»ın öz dəbdəbəsini saxlaması sübut olundu.
   
   Şamıyev F.