Son illərdə çəkilmiş kinofilmlərimizin televiziya ekranlarında nümayişi məsələsi mütəmadi olaraq mətbuat səhifələrində müzakirə olunan mövzulardandır. Bu xüsusda irəli sürülən əsas irad isə yeni filmlərin telekanallarda göstərilməməsi ilə bağlıdır. Üstəlik, bu məsələdə telekanalları qınayırlar. Maraqlıdır, niyə? Görəsən, bu mövzunu diqqətdə saxlamağa çalışan şəxslər həmin filmlərə ayrılan vəsait barədə fikirləşirmi?
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş olunan filmlərdə çalışan hər bir şəxs gördüyü işə görə məvacib və ya qonorar alır. Sinopsis, sonra isə ssenari yazan müəllifdən başlayaraq təqdimat zamanı səhnəyə çıxan rejissora kimi bütün yaradıcı heyətin filmi ərsəyə gətirməsi üçün dövlət vəsait ödəyir. Odur ki, «Telekanallar yeni filmlərimizi nə üçün nümayiş etdirmir» sualına bu prizmadan yanaşmaq gərəkdir.
Hər bir telekanal xarici filmləri nümayiş etdirmək üçün onları müxtəlif prokat şirkətlərindən alır. Məsələn, Rusiyada kinoprokatla məşğul olan şirkətlər xarici həmkarlarından filmləri alıb MDB məkanında fəaliyyət göstərən telekanallara ucuz qiymətə təklif edirlər. Bəzən isə bizim telekanallarımız heç bir əziyyət çəkmədən - pul ödəmədən DVD mağazalarından ürəyi istədiyi filmi alır və dublyaj edərək efirə verir. Təbii ki, telekanalın milyonlarla dollara başa gələn filmin DVD-sini 5-10 manata alıb, öz efirində nümayiş etdirməsi ən azı müəllif hüquqlarının pozulması deməkdir.
Son illər bizim telekanallarda buna bənzər hadisə çox olub. Təsəvvür edin ki, «Oskar» qazanmış film mükafat alandan 5 gün sonra Azərbaycandakı kanalların birində nümayiş etdirilir. Kino aləmində bundan maraqlı oğurluq, görəsən, varmı?
Eyni fikri bizim kanallarda nümayiş olunan Rusiya filmləri barədə də demək olar. Həmin filmlər 3-5 manat ödəyib aldığımız DVD formatında Azərbaycana gətirilir. Dublyajdan sonra DVCAM kasetə köçürülərək yayıma buraxılır. Deməli, bizim TV-lər ya film üçün pul xərcləmək istəmirlər, ya da pulları yoxdur ki, həmin filmlərə xərcləsinlər.
Dünya praktikası nə deyir?
Bu gün Azərbaycan tamaşaçısı peyk antenaları vasitəsilə dünyanın bir çox telekanallarını izləyə bilər. Götürək Türkiyə telekanallarını. Həmin kanallarda yeni istehsal olunmuş xarici filmləri nadir hallarda görmək olar.
Hollivud filmlərindən əsasən 2005-ci ilədək istehsal olunmuş filmlər nümayiş olunur.
Oxucuya dünya praktikasından bəzi məqamları çatdırmaq istərdim. Birincisi, film böyük məbləğə başa gəlir. Az qala hər gün xəbərlər eşidirik ki, filan film filan qədər gəlir əldə etdi, bu həftə neçə milyon toplayaraq prokata başçılıq edir və s. Bəs haradan gəlir bu pullar? İndi bizim filmlər də TV kanallarda nümayiş olunsa, ona xərclənən pullar necə qaytarılacaq?
Xaricdə telekanallar nadir hallarda hansısa filmin yayım hüququnu əldə edə bilir. Çünki həmin hüququ əldə etmək üçün ən azı filmin xərclərindən 5 dəfə artıq pul ödəməlidir.
Üstəlik, film istehsalçıları kinoteatrlardan və DVD satışından qazanılan vəsaiti toplayandan sonra əldəki əmtəəni, yəni filmi TV kanala satır. Siz TV-də baxdığınız filmi sonradan pul ödəyib kinoteatrda baxarsınızmı? Buna görə məntiqi olaraq istehsalçılar filmləri ən son olaraq telekanallara satırlar.
Televiziya üçün nəzərdə tutulan filmlər
Sovet dönəmində tamaşaçı filmləri televiziyadan izləyərkən belə bir cümləyə rast gəlirdi - «film dövlət televiziyasının sifarişi ilə çəkilmişdir». Televiziyaların sifariş etdiyi əksər filmlər elə məhz telekanalda nümayiş olunmaq üçün nəzərdə tutulurdu. Həmin filmlərin əksəriyyəti nümayiş baxımından məhz televiziya ölçülərinə uyğun istehsal olunurdu. Azərbaycanda bədii televiziya filmlərindən «Aygün», «Ad günü», «Liftçi qız» və başqalarını buna misal göstərmək olar.
Sovetlər dönəmində isə məşhur «İşdə məhəbbət macərası», «Qəribə təsadüf və ya həmişə təmizlikdə» və digər filmlər məhz televiziya üçün nəzərdə tutulmuşdu.
Bəs bizdə vəziyyət necədir?
Şükürlər ki, son iki-üç ilin filmləri telekanallarda nümayiş etdirilmir. Niyə də etdirilsin? Tamaşaçı deyə bilər ki, bəs onlara harada baxaq? Doğru sualdır.
İtirməkdənsə gözləməyə dəyər. «Nizami» kinoteatrı ilin sonuna kimi yüksək səviyyədə istismara buraxılacaq. Digər kinoteatrların da təmiri nəzərdə tutulur.
Amma yaddan çıxarmayaq ki, dövlətin vəsaiti ilə çəkilən filmlər həm də dünya praktikasına uyğun olaraq öz məsrəfinin bir hissəsini geri qaytarmalıdır. Onu da deyim ki, yeni çəkilən filmlərimizin DVD kasetləri satışda var. Hər kəs istədiyi filmə baxa bilər.
Fehruz Şamıyev