Rusiyanın tanınmış kinofabriki işlərini bir neçə istiqamətdə qurmaqdadır. Müasir tələbləri nəzərə alan müəssisə rəhbərləri indi internet-kinoteatr yaratmağı qərara alıblar. Kinofabrikin xarici əlaqələr xidmətinin nümayəndəsi Sergey Simaginin verdiyi məlumat görə, «Mosfilm» tamaşaçıları burada istehsal olunmuş filmləri internetdə də izləyə və onları köçürə biləcəklər.
   İlkin olaraq kinostudiya filmləri pulsuz təqdim edir. S.Simagin bildirib ki, bundan ötrü saytda «Kinozal» bölməsi yaradılıb. Virtual kinozalda ötən əsrin filmlərini də izləmək olacaq.
   www.cinema.mosfilm.ru saytı hələlik mətn formasında işləyir. «Mosfilm» nümayəndəsinin sözlərinə görə, sayt aprelin sonuna kimi tam formada istifadəyə veriləcək. Hazırda saytda 117 film yerləşdirilib. İngilis və rus dillərində fəaliyyət göstərəcək portalda filmləri həm də ingilis dilində subtitrlə izləmək mümkün olacaq. Simagin qeyd edib ki, filmlər saytda yüksək keyfiyyətlə yerləşdiriləcək.