Azərbaycan ədəbiyyatının, incəsənətinin, ümumən mədəniyyətinin parlaq simalarından olan görkəmli komediya ustası Sabit Rəhman haqqında söhbətə 1945-ci ildə çəkilmiş «Arşın mal alan» musiqili kinokomediyasının yaranma tarixçəsi ilə başlamaq istəyirəm. Bu heç də səbəbsiz deyil.
      
   Gənc yazıçı İmran Qasımov 1940-cı il oktyabrın 15-də Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasova məktub yazıb xahiş edir ki, «Arşın mal alan» mövzusunun plana daxil edilməsi ilə əlaqədar ssenarinin hazırlanması ona tapşırılsın. Hətta o, söz verir ki, 1941-ci ilin əvvəli üçün ssenarini yazıb kinostudiyaya təhvil verəcək. Həmin il noyabrın 14-də SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri Komitəsinin razılığını alandan sonra İ.Qasımov işə başlayır. Lakin heç bir ay keçməmiş ssenari yazıçıdan geri alınır və dramaturq Sabit Rəhmana verilir.
   Ssenari şöbəsinin rəisi, yazıçı Əbülhəsən dəyişikliyin səbəbini Moskva Kino Komitəsi ssenari şöbəsinin rəisi Astaxova yazdığı məktubda belə izah edir: «İmran Qasımovun namizədliyini uğursuz hesab edirik. Çünki yoldaş İ.Qasımov Azərbaycan ədəbi dilini və Azərbaycan məişətini bilmir. Yoldaş Sabit Rəhman isə dramaturqdur, canlı dili ilə seçilən, Azərbaycanda populyar olan «Toy» komediyasının müəllifidir, kinematoqrafiya ilə tanışlığı var. Moskvada ssenari akademiyasında təhsil alıb və onun «Arşın mal alan» filminin ssenarisinin yazılmasına cəlb edilməsi əhəmiyyətli olacaqdır».
   Moskvanın etiraz etdiyini görən Azərbaycan Yazıçılar İttifaqının Rəyasət Heyəti də işə qarışır və öz razılığını ikincinin xeyrinə bildirir. Moskvalı yazıçı Anatoli Qlebov ssenari üzrə məsləhətçi təyin olunur. Nəhayət, bir sıra əngəl və maneələrdən sonra «Arşın mal alan» çəkilib ekranlara buraxılır. Film SSRİ Dövlət mükafatına layiq görülür.
   Sabit Rəhman «Azərbaycan kinematoqrafiyasının təntənəsi» məqaləsində yazır: «Üzeyir Hacıbəyovun məşhur «Arşın mal alan» musiqili komediyası filmin müvəffəqiyyətində ilk səbəblərdən biridir. Otuz ildən artıq dünyanın hər tərəfində iyirmidən çox dildə oynanılan bu komediya qüvvətli bir dramaturjiyə, gözəl dilə, ağıllı məzhəkəyə, şən bir musiqiyə malikdir. Ssenari yazılarkən «Arşın mal alan» musiqili komediyasının bütün bu məziyyətləri əsas götürülmüşdür. Yaradıcı əməkdaşlar isə bu əsərin üzərində məhəbbət və istedadla çalışmışdır».
   Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş filmlərin arasında «100 sevimli film» seçilib. Həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılıb. 1945-ci ildə istehsal olunmuş «Arşın mal alan» kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə «Qızıl siyahı»ya daxil edilib.
   «Arşın mal alan»ın bu uğurunda böyük payı olan Sabit Rəhmanın incəsənətə, ədəbiyyata gəlişi də təsadüfi deyildi. Bunu dramaturqun tərcümeyi-halından da aydın görmək olar.
   
   * * *
   Sabit Kərim oğlu Mahmudov 1910-cu ildə Nuxada, indiki Şəki şəhərində dünyaya göz açıb. Sabitin iki yaşı olanda atası Kərim kişi balaca bir royal aldı. Ailənin altı uşağından biri - yalnız Sabit royalda notsuz çalmağı öyrənmişdi. Qardaşı isə tarda çalırdı. Musiqini gözəl bilsə də, o özünə başqa yol seçir. 1926-cı ildə Bakı Müəllimlər Seminariyasını, 1932-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Kinoya olan maraq onu Moskvaya aparıb çıxarır. Gənc yazıçı 1936-1937-ci illərdə Dövlət Kinematoqrafiya İnstitutunun ssenari kurslarında oxuyur.
   Moskvadan qayıdandan sonra o, Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri işləyir. 1945-1946-cı illərdə həmin kinostudiyanın direktoru, Azərbaycan kinematoqrafiya nazirinin müavini vəzifələrində çalışır. Sabit Rəhmanın kinostudiyada işlədiyi dövr çətin illər idi. Əvvəlcə repressiya, sonra müharibə, müharibədən sonra isə film qıtlığı illəri.
   Sabit Rəhman ədəbi fəaliyyətə 1926-1927-ci illərdə məşhur «Molla Nəsrəddin» jurnalında dərc etdirdiyi felyetonlarla və tənqidi məqalələrlə başlamışdı. İstər bu jurnalla əlaqə saxlaması, istərsə də tanınmış yazıçıların, xüsusilə M.F.Axundov və C.Cabbarlının əsərlərini mütəmadi oxuması onun yaradıcılığına müsbət təsir göstərib, bir ədib kimi formalaşmasında mühüm rol oynayıb.
   S.Rəhman əsl komedioqraf idi. O, yazırdı: «Səhnədə, ədəbiyyatda və həyatda həddən ziyadə çatışmazlıqlar var və onlarla mübarizədə yumor və satira çox böyük rola malikdir. Geridə qalmışlığı, tüfeyliliyi mən elə bu insanlar vasitəsilə göstərir və onlara gülürəm».
   Klassik dramaturgiyanın gözəl nümunəsi olan «Arşın mal alan» kimi, «O olmasın, bu olsun» operettası da 1956-cı ildə ekranlaşdırılarkən filmin ssenarisinin yazılması Sabit Rəhmana tapşırıldı. Dramaturq ssenari üzərində işləyərkən operettanın nəinki süjet planını, həm də onun ideyasını, obrazlar sisteminin zənginliyini, klassik əsərin özünəməxsus üslubunu qoruyub saxlayıb.
   Filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə müsahibələrinin birində demişdi: «Bütün dövrlərdə, bütün millətlərin sənət tarixində meydana çıxmış komediyalar kimi «O olmasın, bu olsun» komediyası da mənalı gülüş, sosioloji konflikt əsasında yaranmışdır. Realizm əsərin mayasındadır. Məşədi İbad, Həsənqulu bəy, Rüstəm bəy, Rza bəy, Qoçu Əsgər, hələ üstəlik, hambal... Hər birisi tamamlanmış, qrotesk boyalarla çəkilmiş portretdir. İndi təsəvvür edin ki, qarşımda necə məsuliyyətli vəzifə durmuşdu. Əvvəla, səhnə üçün yazılmış əsəri kinematoqrafın «dilinə» çevirmək, ikincisi, şarja yol verməyib ciddi film çəkmək. Sabit Rəhman ssenarist kimi birinci vəzifənin öhdəsindən gəlmişdi. Komediyanın ilkin dramaturji quruluşunu əsas götürərək, ona kinematoqrafik xüsusiyyət vermişdi. Mən də öz növbəmdə bu xüsusiyyəti aktyor oyununda, mizanlarda, filmin montajında gözləməyə çalışmışam».
   Bu musiqili komediya Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin beynəlxalq kinofestivalında (1958) yüksək qiymətləndirilmişdi. Film xarici ölkə ekranlarında böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdi. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi H.Seyidbəyliyə göndərdiyi 7 dekabr 1970-cı il tarixli məktubunda yazırdı ki, «O olmasın, bu olsun» filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb. Sonralar filmin daha 10 ölkəyə satılması barədə məlumat verildi.
   İstər «Arşın mal alan», istərsə də «O olmasın, bu olsun» filmlərinin xalq kinosuna çevrilməsində ssenarist Sabit Rəhmanın da zəhməti az olmamışdır.
   Rejissor H.Seyidzadə tapdanmış yolla getməyi sevməzdi, çətin mövzuları işləməkdən çəkinməzdi. Hələ 1960-cı ildə «Koroğlu» kimi qəhrəmanlıq, Azərbaycan bədii kinosunda ilk genişekranlı film yaratmaq Seyidzadə cəsarətinin təzahürü idi.
   Sabit Rəhman «Koroğlu» qəhrəmanlıq kino dastanının ssenarisini əfsanəvi qəhrəman Koroğlu haqqında eyniadlı məşhur xalq dastanının motivləri əsasında yazmışdı.
   Kinodastan quruluşçu rejissorun yaradıcılıq imkanlarından aşağı səviyyədə çəkilsə də, H.Seyidzadəyə, ssenari müəllifi Sabit Rəhmana və bütün yaradıcı qrupa uğur qazandırdı. Axı, oxucular və tamaşaçılar Koroğlunu ekranda görmək arzusunda idilər. Film istər keçmiş Sovet İttifaqında, istərsə də bir sıra xarici ölkələrdə geniş nümayiş etdirildi. «Pravda» qəzeti filmlə bağlı yazırdı: «Koroğlu» filmi ikinci həftədir ki, Tehranın ən iri kinoteatrlarında ağzınadək dolu zallarda nümayiş etdirilir. Bu film Azərbaycan xalq eposunun kino həvəskarları arasında təbliğ olunmasına və populyarlaşmasına kömək edir».
   O vaxtlar Moskvadan alınan məlumata görə, «Koroğlu» filmi 58 ölkəyə satılmışdı.
   Sabit Rəhmanın kinoda son işi «Əhməd haradadır?» musiqili kinokomediya üçün yazdığı orijinal ssenaridir. Bu ssenari müasir həyatımızdan bəhs edir. Burada gənclərin - inşaatçı Əhməd və sağıcı Leylanın köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından danışılır. Filmdə həyatımızda, məişətimizdə hələ də mövcud olan köhnəliklərin qalıqları tənqid edilir.
   Kinodramaturqun ssenarisi əsasında rejissor A.İsgəndərovun 1963-cü ildə çəkdiyi «Əhməd haradadır?» filmində Sabit Rəhmanın yaradıcılığına xas olan incə yumor, satirik lövhələr kino əsərini baxımlı edib. Hətta burada elə ifadələr var ki, filmdən ayrılıb xalq arasında deyimlərə çevrilib: «Qəməndir çağırır», «Zülümov dedi, qurtardı!», «Rəis məşğuldur, mən də məşğulam», «Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan!», «Qəmisiyyədir? Deputatdır?», «Buna da bir quş qoyaq», «Sükanı belə saxla!»...
   Sabit Rəhmanın ən böyük şah əsəri onun övladı, görkəmli bəstəkar Emin Sabitoğludur. Emin istər teatrda, istərsə də kinoda öz sözünü demiş sənətkarlarımızdandır. Onun musiqisini yazdığı bədii («Baladadaşın ilk məhəbbəti», «Gün keçdi», «Atları yəhərləyin», «Bizim Cəbiş müəllim», «Dədə Qorqud», «Təhminə», «Ölsəm, bağışla», «Bağlı qapı», «Ad günü», «Həm ziyarət, həm ticarət», «İstintaq», «Bəyin oğurlanması» və s.) və sənədli filmlər bu gün də ekranlarda nümayiş etdirilir, yazdığı mahnılar, lirik melodiyalar filmlərdən qoparaq müstəqil yaşayır. Emin Sabitoğlunun qızı Ceyran xanım alimdir, sənətşünaslıq namizədidir.
   Azərbaycanın görkəmli sənətkarı, Əməkdar incəsənət xadimi, dramaturq, yazıçı, ssenarist, teatr və kino xadimi Sabit Rəhmanın milli teatr və kinomuzun inkişafındakı xidmətləri əvəzsizdir. Onun adı Azərbaycan kino və teatr tarixinə əbədi həkk olunub.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi, kinoşünas

   
   Şəkillər Dövlət Film Fondunun arxivindəndir