Məlum olduğu kimi, may ayında Moskvada «Eurovision-2009» Beynəlxalq Musiqi Müsabiqəsi keçiriləcək. Bu müsabiqədə ölkəmizi cənubi azərbaycanlı musiqiçi Araşın «Always» mahnısı ilə Aysel Teymurzadə təmsil edəcək. Azərbaycanın belə bir məşhur müsabiqədə yerli bəstəkarlardan deyil, əcnəbi bəstəkarın əsəri ilə təmsil olunması ilə əlaqədar son zamanlar bəzi mətbuat vasitələrində Azərbaycan Bəstəkarlar İttifaqının münasibət bildirməməsi barədə bəzi ittihamlar səsləndirilib. Bununla bağlı bildirmək istəyirik ki, əvvəla nə «Eurovision-2009» müsabiqəsində iştirak edəcək sənətçinin, nə də onun oxuyacağı mahnının seçilməsi üçün ölkə daxilində təşkil olunan müsabiqələrin münsiflər heyətində təmsil olunmaq üçün bizə müraciət olunmayıb. Bu səbəbdən, 75 il əvvəl Azərbaycan peşəkar musiqi sənətinin banisi - dahi Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan Bəstəkarlar İttifaqı nüfuzlu təşkilat olduğu üçün, rəsmi şəkildə dəvət olunmayan tədbirlərə nümayəndə göndərmir. Bundan başqa, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, katibləri, həmçinin üzvləri bir çox telekanallarda bu mövzuya kifayət qədər toxunub, bu barədə öz rəylərini bildirmişlər. Bu səbəbdən «Eurovision»da baş verənlər barədə bizdə ətraflı məlumat yoxdur.
   Bütün bunları nəzərə alaraq, mətbuat vasitələrinin nəzərinə çatdırmaq istəyirik ki, nə qədər Bəstəkarlar İttifaqı musiqi ilə bağlı keçirilən tədbirlərdə, o cümlədən «Eurovision» müsabiqəsində, təmsil olunmaq üçün rəsmi dəvət almayacaq, həmin tədbirlərin məsuliyyətini daşıya bilməz və cavabdeh deyil.  

    İ.Hacıxanoğlu, Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri