Fevralın 27-də Almaniya Respublikasının Bakıdakı səfirliyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “İztirab çəkən insan” adlı incəsənət sərgisinin açılış mərasimi oldu. Bir ay müddətində davam edəcək sərgidə yer almış əsərlərin müəllifi almaniyalı rəssam Günter Uekerdir. Rəssamlıq Akademiyasının Sərgi Salonunda reallaşan açılış mərasimində səfirliyin nümayəndələri, tələbələr, müəllimlər iştirak edirdi. Almaniya Respublikasının Bakıdakı nümayəndələri çıxışları zamanı müəllifə belə bir sərgi düzənlədiyinə görə təşəkkürlərini bildirdilər. Müəllif Ueker öz əsərləri haqda fikirlərini söylədi: “Sərgidəki işlər insanın təhlükəyə məruz qalmasını və bu zaman keçirdiyi hissləri, situasiyadan irəli gələn zəifliyini nümayiş etdirir... incəsənət insanı xilas edə bilməz, lakin incəsənətin vasitələri ilə insanları bir-birini qorumağa təhrik edən dialoqa çağırmaq olar”.
   Qeyd edək ki, bu sərgi dünyanın 34 şəhərində nümayiş etdirilib. Əsərlər Orta və Şərqi Avropa ictimaiyyətində daha maraqla qarşılanıb.
   
   ELMİN