Şimali Avropa ölkələrindən olan rəssam və art-kurator qrupu martın 12-dən 18-dək Azərbaycandakı yaradıcı layihədə iştirak edəcək. Bu barədə Bakı Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilib. Məlumatda deyilir ki, layihənin təşəbbüskarı kimi Bakı Mədəniyyət və Turizm İdarəsi, eləcə də «Art Group» şirkəti çıxış edir və o, SF- Azərbaycan Açıq Cəmiyyət İnstitutunun mədəniyyət və incəsənət üzrə proqramının dəstəyilə həyata keçiriləcək.
   Layihənin ideyası Bakının mədəniyyət idarələrində yerli əhalinin iştirakı ilə xarici rəssamların incəsənət əsərlərini yaratmaqdır. İşlərin Stokholmda yerləşən məşhur Müasir İncəsənət Muzeyinin əməkdaşı Katrin Lundsvist, eləcə də Norveç rəssamı Eli Qladerin iştirakı ilə həyata keçirilməsi planlaşdırılıb. Layihə Şimali Avropa Nazirlər Kabinetinin maliyyələşdirdiyi “KulturKontakt Nord”-dan qrant alan müxtəlif ölkələrdən olan bir neçə fond və təşkilat tərəfindən maliyyələşdirilir. Azərbaycanda və Şimal ölkələrində yekun sərgilərin keçirilməsi, eləcə də kitab nəşr olunması və sənədli filmin çəkilişi planlaşdırılıb.