Hazırda ömrünün əlli üçüncü baharını yaşayan istedadlı tişə ustası Səyad Rüstəmin adının bu gün Azərbaycan sənətsevərlərinə az tanış olmasının günahını bizcə, tamaşaçıdan çox sənətkarın öz ayağına yazmaq olar. Bunun yeganə səbəbi onun özünü heç vaxt reklam etməyə çalışmamasıdır. Odur ki, biz indiki məqamda da “Niyə?” və “Nə üçün?” suallarına cavab axtarmaq əvəzinə, oxucunu heykəltəraşın axtarışlarla dolu zəngin və məhsuldar yaradıcılığı barəsində məlumatlandırmaq istəyirik. Etiraf edək ki, onun gördüyü işlərin çox az bir qismini kimsə gerçəkləşdirə bilsəydi, çox iddialı və təmənnalı olardı. O isə ötən müddətdə yalnız işləməyə üstünlük verib. Özü də Vətəndən uzaqlarda. Bir çox mənalarda qardaş Türkiyəyə uzaq demək də olmur. Amma hər halda doğma Azərbaycandan kənardır.Yəqin elə bu səbəbdən də Səyad Rüstəm adlı heykəltəraşı Azərbaycandan çox Türkiyədə daha yaxşı tanıyır və sevirlər.
   
   Tanışlıq üçün deyək ki, o, Gürcüstanın Qarayazı elində dünyaya göz açıb. İxtisas təhsilini əvvəlcə Gəncədəki Pedaqoji Texnikumda alıb. Burada əsasən rənglərin sirrinə bələd olan (1974-1978) Səyadın bir il sonra Tiflis Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində oxumaq istəyini dilə gətirməsi onu eşıdənlər üçün baş tutmayan bir arzu kimi qəbul olunsa da, özü inadında israrlı, ən başlıcası isə öz gücünə inamlı idi. Odur ki, çətin imtahanlar da onu qorxutmayıb, elə ilk təmasdaca gələcək müəllimlərinin rəğbətini qazanıb. Altıillik təhsili (1979-1985) uğurla başa vuran və elə onda da akademiyanın tarixində az-az rast gəlinən “Leyli və Məcnun” adlı irihəcmli çoxfiqurlu kompozisiya ilə imtahan komissiyasının alqışını qazanan Səyadın yaradıcılığında gürcü heykəltəraşlığı ilə birbaşa anım yaradan bədii-estetik məziyyətlər olmasa da, o, Tiflisi də, orada xüsusilə kompozisiya məfhumunun mahiyyətini bütün incəliklərinə kimi ona açan ixtisas müəllimi Qoça Oçaurini bu günə kimi də minnətdarlıqla xatırlayır.
   Taleyini təhsildən sonra qədim Gəncə ilə bağlamağa qərar verən Səyad orada ilk bir neçə il ərzində şəhəri bəzəyən əsərlər ( “Əfqan şəhidləri”,1990; “20 Yanvar” və “İstiqlaliyyət”,1991; “Novruz”,1993) və xatirə lövhələri yaratsa da, hiss edirdi ki, iç dünyasında cəmləşənləri materiala çevirmək üçün ona daha geniş meydan lazımdı. 1993-cü ildə Türkiyə Mədəniyyət Nazirliyindən aldığı dəvət ona bu mənada arzuladığı şəraiti və imkanı yaratdı, desək, yanılmarıq. O, dost ölkədə gerçəkləşdirdiyi ilk tunc “Barış” heykəli (İzmir şəhəri) ilə özünün zəngin yaradıcılıq imkanlarını sərgiləməklə, türklərin inamını qazanmış oldu. Səyad Rüstəmin elə həmin şəhər üçün işlədiyi “Balıqçı” (1993) abidəsi də plastik oynaqlığına, daha sonra Mersində ucaldılan “Mersinli Əhməd” (1993) heykəli isə qürurdoğuruculuğuna görə diqqətçəkən idi.
   Azərbaycanlı heykəltəraş daha sonra Bayburt şəhərində ulu Dədə Qorquda ucaldılan tunc abidədə isə özünün uzaq keçmişi, onun tarixini bəzəyən görkəmli şəxsiyyətlərin obrazlarını plastikada canlandıra bilmək istedadını nümayiş etdirdi. Duyğulandırıcı realizmdən qaynaqlanan bu özünəməxsus bədii şərhdə inandırıcılıqla psixoloji yaşantıların qovuşağı hökm sürdüyündən, abidə tamaşaçısını öz cəlbedicilik aurasına sala bilir və əsərdən alınan təəssürat davamlı olur. Elə Dədə Qorqudun heykəli də bu məziyyətlərinə görə yadda qalır.
   İzmir, Mersin və Bayburt şəhərlərindəki əsərləri ilə özünü tanıtmağa, istedadını sərgiləməyə nail olan Səyad üçün növbəti sınaq meydanının ölkənin başkəndi Ankaranın olması yəqin ki,məntiqli davam idi. Bu gün Səyadın irili-xırdalı iyirmiyə qədər yüksək bədii-estetik məziyyətli abidəsinin Ankaranı bəzəməsi ilk növbədə onun sənətkarlığına olan inamın göstəricisidir. “Cahid Güləbi”(1994), “Səhiyyə”(1994), ”İbn Sina”(1994), ”Ədalət ilahəsi”(1994), “Cüneyd Gökçər”(1994), ”Mehmet Şövqü Paşa”(1994), ”Əli Çətin Qaya”(1995), ”Leyla Gencər” (1995), ”Nazim Hikmət” (1995), ”Əsgər” (1995), ”Atatürk” (1996), ”Dəniz Kara Hava”(1996), ”Namik Kamal” (1996), ”Fateh Sultan Mehmet” (1998), ”Memar Sinan” (1996), «Piri Reys” (1996), ”Jandarm şəhidləri” (1997), ”Jandarm” (1997) abidələri Ankarada bu gün təkcə Səyadın özünün yox, həm də təmsilçisi olduğu Azərbaycanımızın, onun qədim tarixə malik heykəltəraşlıq sənətinin bir daha şöhrətlənməsi deməkdir. Bugünlərdə Türkiyədə olarkən həmin heykəllərə Ankaranin küçə və meydanlarında göz qoymaqla, duyulası fəxr hissi keçirdik. Türkiyənin mədəni həyatı və həmyerlimizin oradakı fəaliyyəti ilə yaxından tanış olandan sonra isə əmin olduq ki, Ankara uğuru artıq onu bu ölkənin aparıcı heykəltəraşına çevirib. Bu gün böyük Türkiyə şəhərlərinin əksəriyyətində onun əsərlərinin ucaldılması da bunun təsdiqidir. İstanbul, Bursa, Çanaqqala, Dənizli, Ədirnə, Sarıqamış, Qaziantəp, Tenirdağ və s. şəhərlərin sakinləri və qonaqları bu məkanlarda qərarlaşan Səyad Rüstəm təxəyyülünün nəticəsi olan heykəllərdən böyük zövq alır, sözün əsl mənasında qürur hissi keçirirlər.
   Heykəltəraşın Ankaradakı emalatxanasında söhbətlərimiz zamanı onun çox vaxt tamaşaçıya məlum olmayan yaşantılarına da şahidlik etdik, dəyərli fikirlərinə qulaq kəsildik. Ondan “Bu qədər çoxsaylı heykəllərin qarşılığında hansılar səni daha çox qane edir?” - sualına cavab istəyəndə o, gözlənilmədən cəmisi iki heykəlin adını çəkdi. Heykəltəraşın qənaətincə, “Zəlzələ” (2001,Bolu) və “Yunis Əmrə” (1995,Hacı Bektaş) abidələri bütün mənalarda uğurludur. Çünki bu heykəllərin həm də fəza-məkan taleyi-yer seçimi ürəyəyatan olmuş və onlarda sənətlərin sintezi problemi uğurlu həllini tapmışdır. Həmin əsərlərlə tanışlıq da sənətkarın təvazökarlıqla dolu qənaətini təsdiqləyir. Belə ki, həmin heykəllərdə onların seyrçiləri təmas zamanı özlərindən uzaqlaşdırılmış, ayrı bir yüksəkliyə qaldırılmış, təcrid olunmuş obrazlarla yox, səmimiyyət dolu, duyğularını bölüşə biləcəkləri insanlarla üz-üzə, göz-gözə qaldıqlarına inanırlar. Duyulası dinamikaya, kəskin ekspressiyaya can atmayan heykəltəraşın obrazları yola çıxmış, müasirləri ilə qoşa addımlayan kimidirlər, lap həyatda olduğu kimi... Odur ki, onun bizə təqdim etdiyi filosof da, həkim də, siyasətçi də, idmançı da, şair də, lap zəlzələdən ziyan çəkənləri xilas etməyə çalışan adı naməlum insan da yaxın görünür, öz müsbət, daha çox düşündürücü və duyğulandırıcı aurası ilə cəlbedicilik rolunu da uğurla yerinə yetirir...
   Türkiyədə yaşayıb-yaradan Səyad Rüstəmi hələlik yeniləşən Bakımızın bədii tərtibatında iştiraka dəvət edən olmasa da, onu artıq dünyanın başqa ölkələrində soraqlamaqdadırlar. Onun Macarıstanda “Gül Baba” (1997),”Bela Bartok” və “Adnan Sayqun” abidələri (2003), Yaponiyada “Piri Reys” (1997), Meksikada “Atatürk” (2000) kimi monumentləri bu qəbildən olub, azərbaycanlı heykəltəraşın beynəlxalq uğurunun təsdiqidir...
   Bütünlükdə əsərlərində heykəltəraş tanınmış şəxsiyyətlərin obrazlarına real plastik görkəm verməkdə duyulası məharət nümayiş etdirməklə yanaşı, onların bir qədər də düşündürücü, forma-biçiminə görə özünəməxsus, həm də çətinliyinə baxmayaraq milli kökə söykənməsinə çalışır. Qeyd edək ki, bu yöndə davamlı axtarışlar aparmaqdan da usanmır. Səyad Rüstəmin “yaradıcılıq mətbəxinə” yaxından bələd olmayanlar elə düşünə bilər ki, o, yaradıcılığını yalnız monumental heykəltəraşlığa həsr edib. Ancaq o, Ankaradakı emalatxanasında bizi özünün dəzgah heykəltəraşlığı sahəsində yaratdığı onlarla maraq doğuran kompozisiyaları ilə tanış edəndə bunun heç də belə olmadığına əmin olduq. “Ruhun gedişi”, “Adəm və Həvva”, “İztirab”, “Dolaşan ruhlar”, “Uğur böcəyi və yaxud eşq hekayəsi”, “Avtoportret” və s. əsərlər bunun əyani görüntüsüdür. Demək lazımdır ki, bu səpkili əsərlərdə böyükhəcmli heykəllərdən fərqli olaraq, həm də çox vaxt üzəri sirr qatına bələnmiş yaşantıların qabardılmasına üstünlük verilmişdir ki, bu da istər-istəməz tamaşaçının duyğularını qanadlandırmağa xidmət edir...
   Doğrudan da, incə plastik şərhin aşıladığı fəlsəfi qayədə biz saçın ucunun düyünündə itməkdə olan insan ruhunun, kədərli qadının ilğım səciyyəli qiyafəsinin, ilk ulu əcdadlarımızın gözlərində gizlənən heyrət toplusunun, eşqi özlərinə məlhəm bilənlərin qarşılıqlı tapınmalarından yaşanan iztirabın bu əsərlərdə oynaq və təzadlı formaya çevrilən plastik görüntüsü heykəltəraşın təfsirindən keçdiyindən düşündürücü ovqatdadır.
   Sonda demək istəyirik ki, Səyad Rüstəmin yaradıcılığının artıq on beş ili əhatə edən mərhələsi məhsuldarlığı ilə yanaşı, həm də müxtəlif materiallarda gerçəkləşən əsərlərin bədii-estetik dəyərlərinin ildən-ilə zənginləşməsi və yeniləşməsi ilə diqqət çəkir. Ən dəyərlisi isə bu yaradıcılığın mayasında Azərbaycan xalqını və onun qədim sənət ənənələrini şöhrətləndirmək istəyinin mövcudluğudur. Bizcə, belə bir təmənnasız istəyin vaxtında dəyərləndirilməsi də çox yaxşı olardı, sənətkarın özü bu barədə düşünməsə də. Ancaq aqillər demişkən, “Görünən dağa nə bələdçi?”
   
   Ziyadxan ƏLİYEV,
   əməkdar incəsənət xadimi