Dünən Memarlıq və İnşaat Universitetinin birinci tədris binasının sərgi salonunda universitetin memarlıq fakültəsinin 1- ci kurs tələbəsi Ədalət İlqar oğlu Əhmədovun bədii yaradıcılıq sərgisi keçirildi. Sərgini fakültə dekanı Tofiq Abdullayev açıq elan etdi. Bütün qonaqları salamlayan Tofiq müəllim Ədalətin əl işlərini çox yüksək səviyyədə qiymətləndirərək, onun gələcəkdə həm gözəl rəssam, həm də memar olacağına böyük ümidlər bəslədiyini qeyd etdi: “Əgər bütün tələbələrimiz Ədalət qədər çalışarsa, onların gələcəyin əsl memarı olacağına heç şübhəm yoxdur. Çünki rəssamlığı bacarmayan şəxs, güclü memar da ola bilməz. Memarın həm qrafikası, həm rəsm işi yüksək səviyyədə olmalıdır”.
   Professor Elturan Avalov da Ədaləti təbrik etdi. Prorektor Nərgiz xanım Abdullayeva öz ürək sözlərini söylədi və bu cür sərgilərin tez-tez keçiriləcəyinə ümid etdiyini bildirdi. Ədalətin rəsm əsərlərində rəng çalarlarının müxtəlifliyinə yol verildiyi hamının diqqətini cəlb etdi. Ədalət də müxtəlifliyi, fərqliliyi xoşladığını və qəsdən bu cür rəngarəngliyə müraciət etdiyini açıqladı.
    Tarix Muzeyinin direktoru Gülmirə Məmmədova belə sərgiləri tez- tez təşkli etdiklərini bildirdi: “Demək olar ki, hər 3-4 aydan bir, həm layihə işçilərinin, həm tələbələrin fərdi işlərinin sərgisini təşkil edirik. Hətta bizdə Almaniya, Misir, İtaliyadan da olan tələbələrin də belə sərgiləri açılır. 145 saylı məktəbin məzunu olan Ədalətin bu universitetdə ilk sərgisidir. Lakin onun bu cür sərgiləri çox olub. Heç təsadüfi deyil ki, Ədalət Nizami rayonu məktəbliləri arasında “Azad, müstəqil Azərbaycan” mövzusunda keçirilən rəsm müsabiqəsində fərqləndiyinə görə xüsusi diploma, karikatura müsabiqəsindəki iştirakına görə təşəkkürnaməyə və bir çox fəxri fərmanlara layiq görülüb”.
   Sonda Tofiq müəlllim bütün tələbələri bu cür sərgilər təşkil etmək üçün onlara müraciət etməyə çağırdı: “Biz istedadlı gəncləri dəstəkləyirik və həmişə də onlara kömək etməyə hazırıq”.

   Könül NƏCƏFOVA