Ötən həftə “İnkişaf və Dünya ”QHT və “Mc Donalds” kompaniyasının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına rəsm qalereyasında ilk dəfə “Azərbaycan xalq nağılları uşaqların illüstrasiyasında” adlı uşaq rəsm təsviri sərgisi keçirildi. Sərgidə 12 istedadlı uşaq və yeniyetmənin xalq nağıllarına həsr etdikləri 90-dan çox rəsm əsəri nümayiş etdirildi. Gənc rəssamlar milli adət-ənənələri, mənəvi dəyərləri əks etdirən folklorumuzun zəngin və rəngarəng süjetli xalq nağıllarından 12 nağıla: “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, “Tık-tık xanım”, “Süleyman şah və qarışqa”, “Mərd və namərd”, “Yaxşılığa yaxşılıq” və bu kimi müxtəlif maraqlı nağıllara müraciət edərək cazibədar illüstrasiyalar yaratmışlar. Rəsmlərin hər biri uşaqların özündə əks etdirdiyi fantaziyasından asılı olaraq fərqlənirdi. Balaca rəssamların rənglər dünyasından nağıllar aləminə səyahəti zamanı fantaziyalarında gördükləri xeyrə, şərə, divə, qəhrəmanlara, heyvanlara müxtəlif münasibətləri öz qeyri-adiliyi ilə diqqəti özünə cəlb edirdi. Onu da qeyd edim ki, burada bir nağıla həsr edilmiş bir neçə silsilə rəsmlər də var idi ki, onlardan da xüsusilə balaca Şəmsin “Tıx-tıx xanım”ı öz rəngarəngliyi ilə seçilirdi. Tədbirin təşkilatçı sədri Namazəli Mustafayev qəzetimizə verdiyi müsahibədə sərgi və uşaqlar barədə bir neçə kəlmə söylədi: “Biz iki ilə yaxındır ki, bu layihə ilə məşğuluq. Bu illər ərzində belə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarmışıq. Daha sonra onların əl qabiliyyətləri ilə tanış olub müəyyən istiqamətə yönləndirə bilmişik. Respublikanın əməkdar rəssamı Rafael Muradov da ayda bir dəfə bu uşaqlara master-klass dərsləri verir. Bizim xüsusi ofisimiz, kompyuterlərimiz yoxdur. Məhz sizlərin dəstəyi ilə bu şəraitdə işləyirik. Sərginin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin Azərbaycan xalq nağıllarına marağını artırmaq, xalqının milli-mənəvi dəyərlərini əks etdirən nağılları təbliğ etmək və bu istiqamətdə onların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirməkdən ibarətdir. Təsviri sənət sərgisi vasitəsilə istedadlı uşaqları tanıtdırmaq, onların yaradıcılıq qabiliyyətini və nağıllarımızı geniş auditoriyaya təqdim etmək, onların çəkdikləri illüstrasiyalarla təsviri sənətin inkişafına kömək etmək, ən əsası isə qiymətli sərvət kimi nağıllarımızı qorumaqdır”.
   Daha sonra respublikamızın xalq rəssamı Toğrul Nərimanbəyov tədbir iştirakçıları ilə görüşə gəldi. Onu da qeyd edim ki, böyük rəssamın gəlişi sərgiyə özüylə bərabər xoş aura da gətirdi. Sərgidəkilərin, xüsusilə də balaca rəssamların üzlərindən oxunan şirin həyəcanı və xoş sevinci sözlə ifadə etmək çox çətindir. Hamı rəssamın ətrafına toplaşaraq onunla şəkillər çəkdirir, avtoqraf alır və ona suallar verirdilər. Toğrul Nərimanbəyov özü də uşaq yaşlarında olarkən çəkdiyi ilk - Bakı, Şirvanşahlar sarayı, İçərişəhər təsvirlərindən danışıb uşaqlarla zarafat da elədi: “Siz mənim o yaşımda çəkdiyim rəsmlərdən daha yaxşı çəkmisiniz. Demək, gələcəkdə yaxşı rəssam olmaq ehtimalınız var”. Tədbirin sonunda isə təşkilatçı Namazəli bəy qonaqlara öz təşəkkürünü bildirərək uşaqlar üçün əlindən gələn köməyi əsirgəməyəcəyini söylədi.
   
   Yeganə CANSAİL