Bu gün mədəniyyət ölkələrin beynəlxalq arenaya çıxışında, milli-etnik dəyərlərin təbliğində ən önəmli vasitə və məqamlardandır. Müasir dövr, sivilizasiya toqquşmaları mədəni müxtəliflik kontekstində mədəniyyətlərin mübadiləsi siyasətini önə çəkir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya miqyasında tanınma işini təkcə iqtisadi və siyasi sferalarda yox, mədəniyyət sahəsinə də yönəltdi. Bu işin davamı kimi, mütəmadi olaraq, dünya ölkələrində Azərbaycanın mədəniyyət günləri keçirilir. Mədəniyyət və incəsənətimizlə əsrarəngiz muğam və xalq musiqimizlə, fəth etdiyimiz növbəti belə dost ölkə Ukrayna oldu.
   
   Azərbaycanın və Ukraynanın mədəniyyət və turizm nazirlikləri arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında protokola əsasən 2009-cu il 20-24 may tarixlərində Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Bu münasibətlə adıçəkilən ölkəyə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 80 nəfərlik nümayəndə heyəti getmişdi. Rəsmi nümayəndə heyətinin tərkibinə nazirliyin aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskaya da daxil idi. Səfərin ilk günü nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Ukraynadakı Azərbaycan səfirliyi yaxınlığındakı bağda ucaldılmış abidəsini ziyarət etmiş, daha sonra isə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın yaxınlığında şairin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Mərasimdə səfir Tələt Əliyev, Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov və diasporumuzun fəalları iştirak etmişlər.
   Səfər təəssüratlarını bizimlə bölüşən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva incəsənət ustalarımızın ifalarının maraqla qarşılandığını, mədəniyyətimizin ukraynalı sənətsevərləri sehrlədiyini bildirdi: «Qədim və gözəl Kiyevdə bizi hərarətlə qarşıladılar. Ümumiyyətlə, ukraynalılar Azərbaycanı və azərbaycanlıları çox sevirlər - bunu az qala hər addımda hiss etdik. Bilirsiniz, dövlətlərarası münasibətlərdə iqtisadi, siyasi, mədəni əlaqələrlə yanaşı, xalqların kütləvi yaxınlaşması, bir-birinə isti münasibəti əsas şərtlərdən biridir. Bu nüansı, yəni xalqımıza olan xoş münasibəti ayrı-ayrı fərdlərin simasından, xoş sözlərindən də hiss etdik. Elə həmin axşam Kiyev Milli Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət sərginin açılışı oldu. Sərgini hər iki ölkənin mədəniyyət və turizm nazirləri - Əbülfəs Qarayev və Vasil Vovkun açaraq, ölkələrimizin mədəni əlaqələrindən danışdılar. Ekspozisiyada ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək müxtəlif nəsillərdən olan rəssamların əsərləri təqdim olunmuşdu. Onu da deyim ki, əsərləri sərgidə nümayiş olunan bəzi rəssamların işləri məşhur Sotbis hərracına çıxarılacaq. Bu isə Azərbaycan təsviri sənət məktəbinin dünyada tanınmasından xəbər verir. Bir gün əvvəl isə orada ukraynalı rəssamların əsərləri nümayiş olundu və sanki bu ardıcıllıqda bir qanunauyğunluq vardı. Azərbaycan və Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan nazirimiz bildirdi ki, tərəflər hər il hər iki respublikada mədəniyyət günləri keçirmək barədə razılığa gəlmişlər. Vasil Vovkun da bu sərginin Ukrayna sənətsevərləri üçün əsl bayram olduğunu dedi və istedadlı Azərbaycan rəssamlarına uğurlar arzuladı.
   Sonra Milli Filarmoniyada Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı və bayram konserti oldu. Ə.Qarayev açılış nitqində birgə tədbirlərin keçirilməsinin xoş ənənəyə çevrildiyini söylədi. Azərbaycan və Ukrayna prezidentlərinin tapşırığı ilə nazirliklər son 3 ildə iki dost ölkə arasında mədəni əlaqələri daha da fəallaşdırmışlar. Ötən il Azərbaycanda keçirilmiş Ukrayna Mədəniyyəti Günləri parlaq və yaddaqalan hadisəyə çevrildi. Əbülfəs Qarayev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Vasil Vovkuna təşəkkürünü bildirdi. Ukraynanın mədəniyyət və turizm naziri də azərbaycanlı qonaqları və həmkarı Əbülfəs Qarayevi səmimi salamlayaraq vurğuladı ki, iki dost ölkə mədəniyyət sahəsində səmərəli əməkdaşlıq və əlaqələrin daha da dərinləşdirilməsi nümunəsi göstərir. Nazir əmin olduğunu bildirmişdir ki, dost xalqlar arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
   Konsert proqramı xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Ey Vətən” əsəri ilə başlandı. Kapellanın ifası konsertə xüsusi bir möhtəşəmlik, canlılıq gətirdi. Xorun ifasında Ukrayna mahnıları da səsləndirildi. Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı və solistlər - xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, əməkdar artist Gülyaz Məmmədova, müğənni Lalə Məmmədova, xanəndə Səbuhi İbayev və Uşaq Filarmoniyasının solisti Rəşid Seyidovun ifaları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tamaşaçıların sənətçilərimizə ən xoş sözlərə layiq münasibəti, hər bir ifaya ayrı-ayrılıqda diqqət yetirməsi bizdə sonsuz xoş hisslər, duyğular oyatdı. Konsertin xormeysteri Gülbacı İmanova, baletmeysteri Cəmilə Bayramova, səs rejissoru Vahid Talıbov, direktoru Elçin Abbasov, quruluşçu rejissoru isə Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əli Usubov idi».
   Zöhrə xanım mədəniyyət günləri çərçivəsində Kiyevin peyk şəhəri olan İrpendə də olduqlarını dedi: «Bu şəhərdə mərkəzi küçələrdən biri görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın adını daşıyır. Azərbaycan nümayəndə heyəti Zərifə xanımın abidəsini ziyarət etdi. Həmvətənlərimizin çoxluq təşkil etdiyi bu səfalı yerdə daha bir gözəl konsert təşkil olundu».
   Mədəniyyət günlərinin Ukrayna KİV-ində yüksək səviyyədə işıqlandırıldığını da diqqətə çatdıran mətbuat katibi, xalqlar arasında münasibətlərin istənilən səviyyədə qurulmasında mədəniyyətin açar rolunu oynadığını bir daha xatırlatdı.
   
   Həmidə