...fotoobyektivin gözü köməyə gəlir
   
   Yazıçı-jurnalist Şirməmməd Nəzərlinin publisistikası, bədii əsər və tərcümələri çağdaş Azərbaycan ədəbi prosesini izləyənlərə yaxşı tanışdır. Şirməmməd müəllimi şəxsən tanıyanlar isə onun fotoya olan marağından, gözünə dəyən maraqlı məqamları, mənzərələri fotoobyektivin yaddaşına köçürməsindən də xəbərdardırlar.
   
   Elə bugünlərdə Azərbaycan Yazıçılar Birliyində ilk fotosərgisi düzənlənən yeddi kitab müəllifinin foto işlərinə tamaşa edənlər Ş.Nəzərlinin həvəskar şəkil çəkən yox, foto-rəssam olduğunu təsdiqlədilər.
   Öncə söz yaransa da, hər halda, bəzən bir ovqatın, bir hadisənin lakonik təsvirinə söz də söz çatdırmır. Amma dəqiq təsvir, görüntü gərəkli söz tapmaq çabalamalarına sözsüz son qoymaq hünərinə malikdir.
   Sərgidəki foto əsərlərindən biri «Gün-güzəran» adlanır. Adi bir kompozisiyadır. Ağ rəngli boşqabın içindəki şokoladlı keksləri dörd ədəd qırmızı bibər dövrəyə alıb. Yəni qlobusun tən yarısını andıran boşqab bizim dünyamız, şokoladlı keks can atdığımız şirin həyat, qırmızı rəngdə olsa da, acı dadan bibərlər də tuş gəldiyimiz çətinliklər. Günümüzün, güzəranımızın gerçək təsviri...
   Şirməmməd Nəzərlinin sərgilədiyi foto nümunələri arasında maraqlı təbiət hadisələri, insan ovqatının əbədiləşən anları daha çoxdur. «Gəlib çıxmadı», «Yağış yağmayanda», «Uşaq marağı», «Rəqqasın xatirələri», «Xoş xəbər», «Kiçiyimiz - küçüyümüz» insan ovqatından və düşüncəsindəki təbəddülatlardan xəbər verirsə, «Yar-yastıq», «Donmuş pəncərəm» təbiətin gözəlliklərini əks etdirir.
   Müəllif Bakının yeni televiziya qülləsinin günün müxtəlif saatlarındakı maraqlı görüntülərini isə bir lövhədə toplayıb. Oraqşəkilli üçgecəlik ayla gecənin zülmətini dağıdan, buludların arasından süzülən zərrin şüaların fonundakı təsvirlər də eyni dərəcədə maraqlıdır.
   Görüntünün hünəri sözün hökmünü üstələsə də, bu foto əsərlərdə belə müəllifin söz adamı olduğu özünü büruzə verir. Buludlu bir gündə göydələnləri dumana bürünən paytaxtın dilindən söylənilirmiş kimi, «Başımın üstünü buludlar almış» adı təkcə poetik isim deyil. Müəllif nə demək istəyir bununla? Atalar demişkən, anlayanlar üçün çox şey.
   Qəlbin sifarişi ilə çəkilən foto da ürəyin istəyilə, yalnız bədii təxəyyüldən yaranan əsər kimidir. Müəllif ürəyini boşaldır, yaratmaq istəyini paylaşır. İstər sözün, istərsə də gözün gücü ilə paylaşmaq istədikləriniz çox olsun, Şirməmməd müəllim!
   
   Gülcahan Mirməmməd