Ötən həftə Rəssamlar İttifaqında gənc rəssamların sərgisi nümayiş etdirildi. Sərgini açıq elan edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov gənc rəssamları ürəkdən təbrik edib onlara yaradıcılıq sevincləri arzuladı. Daha sonra tədbirdə gənc rəssamlardan Əfqan Mustafayev, Günel Abdullayeva, Tamara Məmmədova, Xəyyam Səmədov, Mehriban Şəmsəddinskaya və başqalarına ittifaqa üzvlük vəsiqələri təqdim olundu.
   Sərgidəki rəsmlər bir-birindən ifadə etdiyi simvolikası, rəng çalarları ilə fərqlənirdi. Lakin rəsmlərin içərisində diqqətimi daha çox özünə çəkən iki tablo var idi. Çəkilmiş tablolarda rəssamın dəst-xətti, öz dünyasını ifadəsi diqəti daha çox cəlb edirdi. Bu iki rəsm sərgidəki tablolar arasında orijinallığı, üslub təkrarsızlığı ilə fərqlənirdi. Tabloda əks etdirilən qadın və kişi münasibətləri, obraz, kompozisiya, siluet, mənəvi aləmin təhlili baxımından rəngarəng idi. Bu rəsmlərin müəllifi Günel Abdullayeva ilə tanış olub, qısaca söhbətləşdik.

   
   - Nə vaxtdan rəsm çəkirsən?
   - Uşaqlıqdan çəkirəm, rəssamlıqla bağlı heç bir məktəb oxumamışam. Əvvəllər müxtəlif heyvanları çəkirdim. Sonra bir az daha fərqli rəsmlər çəkməyə başladım və mənim rəsmlərimi televiziyada uşaq proqramında nümayiş etdirdilər. Sonralar məktəbdə oxuyarkən rəsmlərimdən sərgi açmışdılar. Məktəbi bitirəndən sonra rəssamlıq sənətini seçmək istəsəm də evdə buna razı olmadılar. Baxmayaraq ki, valideynlərim özləri də rəssamdırlar... Sonra mən iqtisadiyyat və diplomatiya sahəsində təhsil aldım. Amma bu illər ərzində rəsm çəkməyi də unutmadım. Və bir dəfə italiyalılar üçün sərgi açdım. Bir qədər sonra limonadlar üçün etiketlər tərtib etdim. Hazırda isə bir kitab üzərində işləyirəm.
   - Valideynlərin çəkdiyin rəsmlərə öz irad və təkliflərini bildirirlərmi?
   
- Valideynlərim heç vaxt mənim rəsmlərimə öz fikirlərini bildirməyiblər. Onlar həmişə deyirlər ki, özün çəkdiyini dərk edib başa düşməlisən ki, səni də başa düşsünlər.
   - Daha çox nələri və necə çəkməyə üstünlük verirsən?
   
- Ən çox abstrakt rəsmlər çəkməyə üstünlük verirəm. Sürrealizmi sevirəm. Çalışıram hisslərimi, düşüncəmi bu formada əks etdirim.
   - Çəkdiyin rəsmlərdə daha çox qadın əzabı, tənhalıq hiss olunur... bunu nə ilə əlaqələndirək?
   
- Uşaqlıqdan özümə qapalı olmuşam. Tənhalığı sevirəm. Çəkdiyim rəsmlərin əksəriyyətində də, məni incidən, kədərləndirən hiss və düşüncələr əks olunub.
   - Hazırda nə üzərində işləyirsən?
   
- Belə bir rəsm üzərində işləyirəm; içi boş qadın və o boşluqdan görünən kişi silueti. Hələ ki yarımçıqdır.
   - Növbəti sərgi haqda necə, düşünürsənmi?
   
- Bəli, bu yaxınlarda yenidən rəsmlərimdən ibarət sərgi keçirmək istəyirəm.
   
   Yeganə CANSAİL