Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan dekabrın 6-dək İsveçrədə «Azərbaycan - 2009 mövsüm festivalı» keçirilir. Milli mədəniyyətimizin ən müxtəlif sahələrinin Avropa ölkəsində hərtərəfli tanıtımına yönələn tədbirin təntənəli açılış mərasimi yaddaqalan olub. Belə ki, oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilən təntənəli tədbirdə bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.
   Tədbir öncəsi iştirakçılara ölkəmiz haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan qədim tarixə, gözəl təbiətə, zəngin mədəniyyətə malik ölkədir. Qərb ilə Şərqin qovuşuğunda yerləşən bu məkan özündə kifayət qədər milli və modern ənənələri birləşdirir. Azərbaycan dünyada məşhur olan muğamın, Şərqdə dahi şair Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə yazılmış ilk operanın vətənidir.
   İsveçrə Prezidenti Hans-Rudolf Merts çıxışında bildirib ki, ölkələrimiz arasında oxşarlıq çoxdur. Azərbaycan ilə İsveçrə həm mədəniyyət, həm coğrafi şərait, həm də sabit siyasi vəziyyət baxımından bir-birinə çox oxşayır. Ölkələrimiz bütün sahələrdə yaxşı əməkdaşlıq qurub və bu əlaqələrdə mədəniyyət sahəsi xüsusi əhəmiyyət kəsb edir. İsveçrə Prezidenti Berndə Azərbaycan mədəniyyəti festivalının keçirilməsini bu sahədəki əməkdaşlığın yaxşı göstəricisi kimi qiymətləndirib.
    Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkür edərək İsveçrəyə ilk rəsmi səfərinin uğurla keçdiyini bildirib. “Biz müxtəlif sahələrdə əlaqələrimizi intensivləşdiririk”, - deyən Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb: «Biz bir-birimizə real tərəfdaş kimi baxırıq və ikitərəfli layihələr bizi daha sıx bağlayacaqdır. Bir-birimizi daha yaxından tanımağın ən yaxşı yolu mədəniyyətdir. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, yüksək milli dəyərləri vardır və biz onları qoruyub saxlayırıq. Azərbaycan iqtisadi inkişafına görə dünyada lider ölkələrdəndir». Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, İsveçrədə Azərbaycan mədəniyyəti festivalı ölkələrimizin daha da yaxınlaşması baxımından geniş imkanlar açacaq.
   Sonra açılış mərasiminin bədii hissəsinə start verilib. Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərin ifasında bir-birindən gözəl musiqilərin yer aldığı kompozisiya alqışlarla qarşılanıb. Konsertdə səslənən maraqlı musiqi nömrələri Azərbaycan mədəniyyətinin zənginliyini, dövlətimizin incəsənətin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğını bir daha nümayiş etdirib. Xüsusilə son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən milli musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən dəstək Azərbaycan musiqi mədəniyyətinin dünyada daha yaxından tanınmasına geniş imkanlar açıb.
   Azərbaycan musiqiçilərinin ifasında Avropa tamaşaçısına təqdim olunan Qərblə Şərqin sintezindən doğan rəngarəng musiqi nömrələri maraqla qarşılanıb.
   Konsertdən sonra rəsmi qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı qəbulda olublar.