Hamı kimi onlar da uşaq olublar. Uşaqlığı qədim və böyük şəhərdə keçən, ya da dağlar qoynunda, geniş düzənlikdə böyüyən uşaqlardan fərqli olaraq, onlar gözləri önündə böyüyən, sürətlə tikilən, zavod-fabrik rejimi ilə yaşayan bir şəhərdə - sənaye və gənclik şəhəri Sumqayıtla qoşa böyüyüblər. Bu gün respublika miqyasında tanınan, Azərbaycan səhnəsində öz yeri olan bizim yazının üç qəhrəmanını da bir vacib məqam birləşdirir: onlar özlərini sumqayıtlı hesab edirlər.
   
   Populyar müğənni Ruhəngiz Musəvi
   
   uşaqlıqda Bakıdan Sumqayıta köçməklərinə yaman sevinirmiş. Çünki anası ilə birlikdə qalacaqmış. Əslində heç bilmirmiş Sumqayıt haradır. Balaca Ruhəngiz üçün anası ilə bir yerdə qalmaq, hər gün onu görmək daha vacib idi. Anası Kübra xanım uşaq həkimi idi, Dəvəçidə işləyəndə şəraitsizlik üzündən balaca qızını Bakıda, anasının yanında qoymağa məcbur olmuşdu. Amma onu Sumqayıta yollayanda vəziyyət bir qədər dəyişmişdi. Ailəlilər yataqxanasında uşaqla qalmaq mümkün idi. İllərdən bəri populyarlığı azalmayan müğənni Ruhəngiz Musəvi Sumqayıtda keçən uşaqlıq illərini bu gün belə xatırlayır:
   - Dördüncü sinfə qədər Sumqayıtdakı 12 saylı otra məktəbdə oxumuşam. İlk müəlliməm Klara müəlliməni indiyədək unutmamışam.
   Sonra anamla köhnə avtovağzalın yanındakı doqquzmərtəbəli binaya köçdük. Bizim ev şəhərin ilk hündürmərtəbəli binası idi. Mən də evimizin yaxınlığındakı 13 saylı məktəbdə oxumalı oldum. Sinifdə dərs başa çatanacan sakit oturmağa həvsələm çatmadığından müəllimlərim məni «cırcırama» çağırırdılar.
   Həyətimizin qızları ilə birlikdə oynayardlıq, «Kosmos» kinoteatrında təzə filmlərə baxardıq, yayda dənizə çimməyə gedərdik. Bəzən çimərliyə tək gedərdim. Kimsənin də ağlına gəlməzdi ki, qız uşağı dənizə tək gedir. Çünki mehribanlıq, sakitlik idi, heç kim bir-birinə artıq bir söz deməzdi.
   - İncəsənətə həvəsiniz də elə məktəb illərindən başladı?
   - Bəli, hələ ibtidai sinifdə məni məktəb tədbirlərində oxutdurardılar. 13 saylı məktəbdə isə həm xorda, həm də rəqs dərnəyində məşğul olurdum. Nəriman Nərimanov adına Mədəniyyət sarayı evimizə yaxın idi. Oradakı rəqs dərnəyinin də üzvü idim. Bizimlə Adil müəllim məşğul olurdu. Amma oxumağı daha çox sevirdim.
   - Heç Sumqayıtda professional müğənni kimi səhnəyə çıxmısınız?
   - Yox... Nədənsə, hələ qismət olmayıb...
   - Yenə gedirsiniz Sumqayıta?..
   - Anam rəhmətə gedəndən sonra oradakı mənzili satdım. Mənə elə gəlir ki, Sumqayıta yolum düşsə, kövrəlib ağlayaram. Amma hərdən ürəyim istəyir ki, gedim Sumqayıta, köhnə məhəlləmizi, şəhərin mərkəzini, sonradan yaşadığımız 3-cü mikrorayonu təkbaşına, piyada dolaşım... Necə olsa, Sumqayıt mənim uşaqlığımın, ilk gəncliyimin şəhəridir. Bu şəhərlə bağlı o qədər acılı-şirinli xatirələrim var ki...
   
   Respublikanın əməkdar artisti Ədalət Şükürov
   
   özünü əsl sumqayıtlı sayır. Bəs necə, valideynləri hələ 1950-ci ildə, Sumqayıtın təməli yenicə qoyulan vaxtlarda buraya yığışıblar. Özü isə 1966-cı il aprelin 22-də bu şəhərdə dünyaya gəlib. Ömrünün ilk günlərindən ta Sankt-Peterburqa gedənədək I məhəllədə, indiki Azərbaycan küçəsindəki mənzillərində yaşayıb.
   - Atam əvvəllər şəhərdəki avtobazada, sonra da boru-prokat zavodunda, anam isə toxuculuq kombinatında çalışıblar. Həyətimizdəki uşaq bağçasına getmişəm, sonra da şəhərin ən yaxşı məktəbində, 12 saylı orta məktəbdə təhsil almışam.
   - Dərsdən sonrakı vaxtınızı necə keçirirdiniz?
   - O vaxtkı uşaqların elə bir əyləncəsi yox idi. Mən boru-prokat zavodunun mədəniyyət evindəki rəssamlıq dərnəyində məşğul olurdum. Bir də həyət uşaqları ilə birlikdə həyətdə toplaşar, gitara çalıb mahnı oxuyardıq, özümüzdən mahnı qoşardıq. Yayda isə Sarıqayadakı pioner düşərgələrində dincələrdik. İndiyə kimi «Metallurq», «Alüminiumçu», «Günəş» düşərgələrində keçirdiyim günlər yadımdadır. Düşərgədə bütün axşamlarımız çalıb-oxumaqla keçərdi. Beynəlmiləl şəhər idi Sumqayıt. Mehriban dolanırdıq.
   - Ədalət müəllim, «şəhər uşaqlarının mahnısı» janrını səhnəyə gətirmisiniz. Maraqlıdır ki, bu janrı səhnəyə paytaxt uşaqları yox, məhz Sumqayıt uşaqları gətirdi. Sumqayıta necə, mahnı həsr etmisiniz?
   - Yox, konkret Sumqayıt haqqında mahnım olmasa da, ən məşhur mahnılarım, «Ay qız, keçmə bizim məhlədən», «Qoca çinar», elə digər mahnılarımda da Sumqayıtın ruhu var.
   - Yeri gəlmişkən, gərək ki, sizin Sumqayıtda yaşadığınız binaya bu mahnılara həsr edilmiş obelisk də vurulub. Bu ideya kimin ağlına gəlmişdi?
   - İdeya mənimkidir. Təxminən beş il əvvəl fikirləşdim ki, mənə şöhrət gətirən bu mahnıları onların yarandığı yerdə əbədiləşdirməyə ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyində də, şəhər icra hakimiyyətində də fikrimi bəyənib dəstəklədilər. Obeliski elə sumqayıtlı rəssam və memarlar hazırladılar. İndi gənclər həmin obeliskin qarşısında xatirə şəkli çəkdirirlər.
   - Sumqayıtda tez-tez olursunuz?
   - Hər həftə valideynlərimə baş çəkirəm. Tələsməyəndə həyətə düşüb binamızın tinində, həmin obeliskin altında durub uşaqlıq dostlarımla söhbət də edirəm... Sumqayıtda hansı konsertə məni dəvət etsələr, Bakıdayamsa, heç vaxt etiraz etmirəm. Doğma şəhərimdə, həmyerlilərim qarşısında çıxış etmək mənə zövq verir.
   
   Aktyor-rejissor Nicat Kazımov
   
   hesab edir ki, onun məktəbli olduğu illərdə Sumqayıtda mədəni həyat çox qaynar idi. Məktəblilərin asudə vaxtı çox səmərəli keçirdi. O zamankı adı ilə desək, Nasosluda, indiki Tağıyev qəsəbəsində böyümüş, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nicat Kazımov həmin dövrü belə xatırlayır:
   - Mən uşaq olanda, Tağıyev qəsəbəsində 12 hərbi hissə yerləşirdi. 1979-1989-cu illərdə oxuğudum 6 saylı orta məktəbin iki minədək şagirdi var idi. Qəsəbənin mədəni həyatı da maraqlı idi. Mən VI sinifdə oxuyanda o vaxtkı Kirov adına klubdan Eldəniz müəllim məktəbə gəldi. Dedi ki, klubda dram dərnəyi yaradılır. Mən dostum Ceyhunla həmin dərnəyə yazıldıq. Elə o zamandan teatra, aktyorluq sənətinə bağlandım. Məktəbimizin «Əfsanə» ansamblının solistiydim. O illər Şən və Hazırcavablar Klubunun ənənəsi dirçəlirdi, bizim məktəbin də komandası var idi.
   - Tağıyev qəsəbəsində böyüyən Nicat üçün Sumqayıt haradır?
   - Çox sevdiyi, ilk uğurlarının şahidi şəhər. Bizim ŞHK komandası üç il şəhər birinciliyində qalib gəlmişdi. Final görüşü də Sumqayıtda Kimyaçıların Mədəniyyət sarayında keçirilirdi. Bundan başqa, kimya, fizika, ədəbiyyatdan şəhər üzrə keçirilən fənn olimpiadalarında iştirak etmişəm. Sumqayıtı çox sevirəm. Yuxarı siniflərdə oxuyanda məktəb komsomol təşkilatının katibi idim. Həftədə bir dəfə Sumqayıta gedib şəhər komsomol komitəsinə hesabat verirdim. Komsomol komitəsi də şəhər İcra Hakimiyyəti binasının birinci mərtəbəsində yerləşirdi.
   - Belə çıxır ki, məlum Sumqayıt hadisələri baş verəndə artıq ağlıkəsən yeniyetmə idiniz.
   - Təsəvvür edirsiniz, həmin hadisə baş verən günü Sumqayıtda ŞHK komandalarının finalı keçirilməliydi. 3 nömrəli avtobusdan düşəndə gözlərimə inana bilmədim. Çünki informasiya verilmirdi, uşaqlara heç nə başa salmırdılar. Həmin gün anlaya bilmirdim ki, nə baş verir? Evə qayıtmağa avtobus tapa bilmirdim. Yeri gəlmişkən, sonralar komendant saatı qoyulan vaxtlarda iki dəfə patrul məni yaxalayıb, «kpz»də - istintaq kamerasında gecələmişəm.
   - Niyə?
   - Universitetdə oxuyanda dərsdən gec çıxırdıq. Tağıyev qəsəbəsinə də avtobus yalnız Sumqayıtdan gedirdi. Avtobusu o qədər gözləmişdim ki, komandant saatına düşmüşdüm. Təsəvvür edin, gecəni açıq havada, zoopark qəfəsinə oxşayan barmaqlığın arasında keçirirsən, narahatlıqdan yatmırsan. Səhər saat 6-da buraxılan kimi qaçaraq evə dəyib xəbər verirdim ki, narahat olmayın, salamatam, gecəni «kpz»də qalmışam. Sonra da tələsik Bakıya, dərsə gəlirdim. Bu əhvalat iki dəfə təkrarlanandan sonra Bakıda kirayədə qalmalı oldum. O zamandan Bakıda yaşayıram. Amma Sumqayıt üçün çox darıxıram.