“Hər dəfə Karmeni oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Karmen kimi hər dəfə səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır. Bu dəfəki çıxışıma da ciddi hazırlaşıram və tamaşaçılara unudulmaz gecə vəd edirəm, çünki bütün kollektiv dayanmadan işləyirik”. Bu sözləri Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva mətbuata verdiyi açıqlamasında deyib. Belə ki, vokalçı dekabrın 5-də Opera və Balet Teatrının səhnəsində tamaşaçıların qarşısına onu pərəstişkarlarına daha çox sevdirən Karmen obrazı ilə çıxacaq. Fidan xanımın sözlərinə görə, artıq həmin günlə bağlı hazırlıqlara başlanılıb və məşqlər gedir. Yaxın günlərdə isə artıq opera ilə bağlı afişalar mərkəzi küçələrdə vurulacaq. Eyni zamanda operanın reklam çarxlarının nümayişinə başlanılacaq. Corc Bizenin “Karmen” operası professor Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Azərbaycan səhnəsinin Karmeni Fidan Hacıyeva həmin gün üçün çox həyəcan keçirdiyini də istisna etməyib: “Səhnəyə hər çıxışım da çox həyəcanlanıram. Bu olduqca böyük məsuliyyətdir, ancaq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışacağam. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb. Bunu hiss edib onlar üçün bu sürprizi etmək istədim. Karmeni sevən hər bir tamaşaçını həmin gün tamaşaçı zalında görmək arzusundayam”. F.Hacıyeva qeyd edib ki, “Karmen” operası ilə o, bir növ yaradıcılığına yenidən start verəcək. Onun sözlərinə görə, “Karmen”in nümayişindən sonra o sərasər daha bir neçə opera ilə tamaşaçıların görüşünə gələcək. Bu operalar sırasında Pedro Maskaninin “Kənd namusu”, Cüzeppe Verdinin “Aida” və “Trubadur”, Rassininin “Siviliya bərbəri” var. Bununla yanaşı əməkdar artist, Azərbaycan Dövlət Filarmoniyasında da solo-konsert verməyi planlaşdırır və artıq bu konsertlə bağlı ilkin hazırlıqlara da başlanılıb. 

   «Mədəniyyət»