«Məni maraqlandıran bir şey varsa, o da insandır. İnsan surəti - təbiətin şah əsəridir. Bu mənim üçün tükənməz bir qaynaqdır».
   Amedeo Modiliani
   
   1906-cı ilin əvvəllərində Monmartda yaşayan gənc rəssamların, yazıçıların və aktyorların arasında yeni bir gənc görünməyə başladı. İlk gündən ətrafdakıların fikrini özünə cəlb edən bu gənc İtaliyadan gəlmiş 22 yaşlı rəssam Modiliani idi. Ünsiyyətdə sadə, davranışında isə zadəganlara xas olan ədəb-ərkanlı və xoşməramlı olan Modiliani hər kəsi valeh edirdi. Bəziləri onu gələcəyin məşhur heykəltəraşı, bəziləri isə istedadlı rəngkarı kimi görürdülər.
   Amedeo Modiliani 1884-cü il iyulun 12-də Livornoda - İtaliyanın qərb sahillərində anadan olmuşdur. Onun anadan olduğu il ticarətçi atası müflisləşmiş, ailənin ağırlığı bütünlüklə Amedeonun anasının üzərinə düşmüşdü. O, çox yaxşı təhsil almışdı, bədii tərcümələrlə məşğul olur, ingilis və fransız dilini tədris edərək ailəni birtəhər dolandırırdı. Modiliani fransız dilini anasından öyrənmişdi. Məktəbdəki dərslərə tamamilə laqeyd olan Modiliani rəsmlə maraqlanır və 14 yaşında yerli rəssam Mikelenin emalatxanasına şagird qəbul olunur.
   Amedeo ailədəki 4 uşaqdan ən qəşəngi olsa da, səhhəti ürəkaçan deyildi. 1900-cu ildə balaca Amedeonun ciyərlərində vərəmin ilk simptomları aşkar olunur. Anası Amedeonun səhhətinin düzəlməsi ümidi ilə onu Kapri adasına aparır. Müalicədən qayıdanda o, Roma, Florensiya və Venesiyanı gəzir və bu şəhərlərə valeh olur. Bu həvəslə Amedeo əvvəlcə Rəssamlıq Akademiyasında təhsil almaq üçün 1902-ci ildə Florensiyaya köçür. Burada Fattori ona xətlərə, formalara sevgini aşılayır. Bir il sonra isə Venesiyada olduğu müddətdə narkotiklərdən istifadə etməyə başlayır və ömrü boyu bu pis vərdişdən yaxa qurtara bilmir. İllər keçdikcə Amedeo başa düşür ki, o dövrdə bütün rəssamların ziyarətgahı olan Parisə getməlidir.
   Nəhayət, 1906-cı ildə Amedeo arzusuna çatır: Parisə gəlir. «Paris mənə ilham verir. Mən burada xoşbəxt deyiləm, amma yalnız burada işləyə bilirəm». O, Monmartda emalatxana tutur, burada Paris silsiləsindən olan ilk işlərini yaradır və yeni maraqlı insanlarla tanış olur. Onların arasında həkim Pol Aleksandr xüsusi yer tutur. Pol və qardaşı kasıb və evsiz rəssamlar üçün qeyri-adi bir yataqxana yaradırlar və maliyyələşdirirlər. 1907-ci ildə Modiliani də həmin yataqxanaya köçür. Pol Aleksandr onun əsərlərinin ilk alıcılarından olur. Bir müddət sonra o, Amedeonu bir neçə əsərini sərgiyə verməyə təhrik edir. Həkimin tanışları sərgidəki işləri alırlar. Daha sonra Modiliani həmin qalereyada daha bir sərgi keçirir, lakin bu dəfə onun işləri satılmır. Rəssam bir müddət ruhdan düşür.
   Amedeo Modiliani portret janrının böyük ustadı idi. Ən gözəl portretini yaratmaq üçün sadəcə insanı müşahidə etməsi də kifayət idi. Buna misal kimi göstərmək olar ki, xanım Süvajin portretini yaratmaq üçün onun yalnız royal arxasında oturub bir şey çalması kifayət etmişdir. Xanım Süvaj bir pyes çalır, Amedeo isə onu diqqətlə müşahidə edir. Sonra: «Kifayətdir!» - deyir və rəsm edir. Ertəsi gün portret hazır olur.
   1914-1916-cı illər ərzində rəssam yağlı boya ilə onlarca portret yaradır: Dieqo Riveranın, Frenk Xevilendin portretləri, Beatris Xestinqsin iki portreti, «Balaca Luiza», «Gözəl baqqal qız», «Gözəl ev sahibəsi», «Yeni evlənənlər» və s.
   Bir çox tanışları Modilianiyə yardım etmək məqsədi ilə sifarişlər verirdilər. O isə yalnız yaxın adamları çəkirdi - Dieqo Rivera (1914), Pablo Pikasso (1915), Maks Jakob (1916), Jan Kokto (1916) və Xaim Sutin (1917).
   1917-ci ilin yazında Modiliani 19 yaşlı tələbə qız - Janna Ebyutern ilə tanış olur. Janna Amedeonun həyatına bir günəş kimi doğur və ona layiqli sirdaş olur. Amedeonun həddindən artıq maraqlı, qalmaqallı keçən ömür yolunda Janna xüsusi bir yer tutur və daha sonra rəssamın həyatı boyu daim onun yanında olur. 1918-ci ilin noyabrında onların bir qızı dünyaya gəlir və ona anasının adını qoyurlar: Janna. Rəssam bu balaca qızcığazın bir neçə portretini çəkir. Lakin bu xoşbəxtlik uzun sürmür. Modiliani 36 yaşında, 1920-ci il yanvarın 24-də dünyasını dəyişir. Onun vəfatından bir gün sonra - səhər tezdən doqquz aylıq hamilə Janna özünü beşinci mərtəbənin pəncərəsindən atır. Bu, bir daha sübut edir ki, Janna Modilianiyə qəlbən bağlı idi. Rəssamın qəbrinin üstündə belə bir yazı var: «Ölüm onu şöhrətin bir addımlığında yaxaladı!»
   Sağlığında Modilianinin yalnız bir sərgisi olmuşdu. Müasirlərindən onu ancaq ən mütərəqqi rəssamlar və qabaqgörən kolleksiyaçılar qiymətləndirmişdilər. Modilianinin dünya şöhrəti, doğrudan da çox yaxında idi. Vaxtilə 30-40 frank qiyməti olan əsərlərinin dəyəri günbəgün artırdı. Günlər, aylar, illər ötdükcə bu qiymətin arxasına yeni sıfırlar artırdı. Hətta iş o yerə çatdı ki, rəssamın 1917-ci ildə çəkdiyi «Çılpaq qadın» əsəri Parisdəki hərracda qırx beş franka satıldı.
   Amedeo Modilianinin Paris dövrü yaradıcılığının ilk əsərləri Tuluz-Lotrekin təsir ilə işlənmişdi. Daha sonralar o, Sezanın üslubu lə maraqlanmış, Pikasso ilə tanış olmuş və onların təsiri ilə bir neçə əsər yaratmışdır.
   Ümumiyyətlə, hər bir rəssamın yaradıcılığının ilkin dövrlərində əvvəlki rəssamların təsiri danılmazdır. Hər bir rəssam istəsə də, istəməsə də bu yoldan keçir. Lakin çox nadir insanlar bu təsirdən çıxa bilir, fərdi üslubunu yaradır və özünü bir rəssam kimi təsdiq edir. Bəlkə də rəssamın dahiliyi elə bundan ibarətdir. Modiliani bu təsirdən çıxa bilib və indi dünyanın istənilən qalereyasında onun ən kiçik əsəri ilə belə qarşılaşsaq, dərhal rəssamın dəst-xəttini tanıya bilərik!
   
   Elşad Əliyev,
   Azərbaycan Rəssamlar İttifaqının üzvü