1860-cı illərin sonu, 1870-ci illərin əvvəllərində fransız rəngkarlığında yeni axın başlayır. Axının pik dövrlərini K.Mone, O.Renuar, E.Deqa, K.Pisarro, A.Sisley, B.Marizo kimi rəngkarlar təmsil edirdilər. Bu rəssamlar incəsənətin yenilənməsi üçün mübarizə aparır, rəsmi salon akademizminə qarşı çıxırdılar. Beləliklə onlar 1874-cü ildən 1886-cı ilədək 8 sərgi keçirirlər. XIX əsrin sonlarında yaranan və daha sonra incəsənət tarixində özünəməxsus yer tutan bu cərəyan “İmpressionizm” adlanır.
   
   Fransız rəngkarı Eduard Mane hələ 1860-cı illərdə impressionizmin istiqamətini müəyyənləşdirmiş, bu cərəyanla sıx bağlı olsa da, bu qrupa daxil olmamışdı. İmpressionizm XIX əsrin ortalarında realistik incəsənətin başladığı mübarizənin, bir növ, davamı idi. İmpressionistlər klassisizm, romantizm və akademizmin şərti qayda-qanunlarından azad olub, gündəlik həyatın gözəlliyini təsvir etməyin, sadə, demokratik mövzular işləmək və təsvirin daha canlı olmasının tərəfdarları idilər. Müasir həyatı bütün təbiiliyi, rəngləri, əlvanlığı və parlaqlığı ilə təsvir etməyə çalışan rəssamlar, mövcud aləmin ona xas dəyişikliyini, insanın yaşadığı mühitlə həmdəm olmasını ön plana çəkirlər. Su kimi axıb keçən həyatın bir anına təsadüfi nəzər salan impressionistlər öz mənzərələrində, portret və çoxfiqurlu kompozisiyalarında “ilk təəssürat”ın gücünə və təravətinə önəm verir, xırda detallara varmadan- görünən məqam və məkanda təkrarolunmazlığı vurğulayırdılar. Ətraf aləmi daima dəyişən vizual varlıq kimi təsvir edən impressionizm həyatın daim və dərin keyfiyyətlərini göstərməyə can atmır. İmpressionizm rəssamın yüksək diqqətinə, rəng təəssüratına, rəngləri görmək və duymaq təcrübəsinə söykənir.
   İmpressionistlər daha çox açıq havada işləyirdilər. Onlara qədər rəssamlar təbiətdə ancaq kiçikölçülü rəsmlər və eskizlər edir, daha sonra tablonu emalatxanada onların əsasında işləyirdilər. “İlk təəssürat”la işləyən rəssamlar İntibah dövr rəssamlarının ən çox sevdiyi və istifadə etdiyi qara rəngdən imtina etdilər və onu öz palitralarından çıxartdılar.
   Qeyd etmək lazımdır ki, “impressionizm” sözü 1874-cü ildə impressionistlərin (əlbəttə, o vaxt hələ bu ifadə yox idi!) sərgisindən sonra yaranıb. Bu da təsadüfi deyil. Məhz bu sərgidə Klod Mone “Təəssürat. Doğan günəş” tablosunu nümayiş etdirib. “İmpressionizm” termininin yaranması da elə bu adla əlaqədardır. Bu söz fransız dilində olan “impression” - yəni “təəssürat” sözündən götürülüb.
   Ümumiyyətlə, impressionizm cərəyanına aid olan tablolar yüksək həyatsevərliyi və həyatın gözəlliyini hiss etməklə seçilir. 1880-ci illərin ortalarında imressionizm bir cərəyan kimi özünün bütün imkanlarını göstərib bitirdikdən sonra rəngkarlığın növbəti inkişafına təkan verir. Bu zamana qədər dəfələrlə təkrarlanan hadisə baş verir: Bir cərəyan sakit bir keçidlə başqa bir cərəyana çevrilir.
   İncəsənət tarixinə nəzər salsaq görərik ki, rəngkarlıqda bir çox cərəyanlar olub. İlk baxışdan fərqli görünən bu cərəyanlar əslində rəngkarlığın əsas kanonlarından kənara çıxmır. Məlumdur ki, təsviri sənət İntibah dövründə özünün ən uca zirvəsinə çatmışdı. İntibah dövrü bitdikdən sonra bu dövrün ənənələri tədricən itirilmişdir. Yeni nəsil rəngkarlar artıq özlərindən əvvəlki ustaların texniki bilik və savadlarına yiyələnmirlər və tədricən təşəbbüsü əldən verirlər. Əlbəttə, heç bir cərəyan öz-özünə yaranmır, müəyyən hadisələrin təsiri ilə yaranır. Güclü rəsm bacarığı, kompozisiya quruluşu və rəng qanunları ilə yaranan akademik rəngkarlıq nümunələri ilə müqayisədə impressionizm ilkin təəssürata söykənir. Məhz hissiyyat üzərində qurulduğu üçün bu cərəyan insanların qəlbinə daha tez yol tapır. Lakin necə olursa olsun, belə cərəyanların çoxluğu, onların fərqli cəhətləri və fəlsəfəsi təsviri sənət tarixini maraqlı, tabloları isə gözəl və əvəzolunmaz edir. Hər bir cərəyan rəngkarlıq tarixini özünəməxsus əsərlərlə zənginləşdirib. İmpressionizm də bizə yüzlərlə belə misilsiz əsərlər bəxş edib.
   
   Elşad Əliyev,
   Azərbaycan Rəssamlar İttifaqının üzvü