Mayın 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki Dövlət Dram Teatrında Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayevə həsr olunan xatirə gecəsi keçiriləcək. 
   
   Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə anadan olub. 1928-ci ildə Bakıya gələn Lütfəli Abdullayev Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrının xorunda işləyib. Lakin onun əsas fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı ilə bağlı olub. Teatr səhnəsində Möhsün ("Beş manatlıq gəlin"), Qoşun ("Toy kimindir"), Dursun ("Durna"), Qəhrəman ("Gözün aydın"), Məhəmməd ("Ulduz") və digər yaddaqalan obrazlar yaradıb. Yumordan məharətlə istifadə etmək, komik vəziyyətləri realist planda tamaşaçılara çatdırmaq Lütfəli Abdullayevin yaradıcılığı üçün səciyyəvi idi.
   Aktyorun kinoda debütü 1945-ci ildə istehsal olunmuş "Arşın mal alan" musiqili kinokomediyasındakı Vəli obrazıdır. Bu obraza görə 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görülüb. Bundan sonra "O olmasın, bu olsun" kinokomediyasında Baloğlan, "Qəribə əhvalat" kinofelyetonunda Kefçilov, "Payız konserti" filmində təşkilatçı, "Ulduz" kinokomediyasında Məhəmməd, "Əhməd haradadır?" kinokomediyasında Zülümov surətlərini yaradıb". Görkəmli sənətkar L.Abdullayev 1973-cü ildə 59 yaşında vəfat edib.