Bu imza hər bir oxucuya tanışdır. Çünki Rasimin çəkdiyi şəkillərə mətbuatda tez-tez rast gəlmək olur.
   Rasim bu sənəti uşaqlıqdan sevdi. 14-15 yaşından ətrafında nə görürdüsə, diqqətini nə çəkirdisə, lentin yaddaşına köçürürdü. Günlərin birində «Pionerskaya pravda» qəzetində fotomüsabiqə keçirilirdi. Rasim də «Bizim həyətin uşaqları» adı altında çəkdiyi bir neçə şəkli müsabiqəyə göndərdi. Müsabiqənin qalibi kimi ilk mükafatını onda aldı. 1975-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun avtomatika fakültəsinə daxil oldu. Amma elə bil ikiyə bölünmüşdü. Avtomatikanı sevmir, fotonu isə unuda bilmirdi. Ona görə də təhsilini başa vuran kimi sevdiyi peşənin dalınca Tallinə getdi. O vaxt Bakıda foto kursları yox idi.
   1981-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başladı. Sonralar «Ədəbiyyat və incəsənət», «Azərbaycan» qəzetlərində işlədi.
   1996-cı ildə foto-informasiya agentliyi yaratdı. Ətrafına gənc foto müxbirləri toplamağa başladı. O vaxtdan gənclərlə işləyir.
   - Mən fotomüxbirəm - deyir Rasim. Fotoqrafın işi şəkil çəkməkdir - çəkdi, qurtardı. Amma fotomüxbirin çəkdiyi fotolarda süjet xətti var, fikir var, hadisənin şərhi var. Şəklin altında söz olmamalıdır. Mən işlədiyim gənclərdən də bunu tələb edirəm. Bəzən onlarla ya rayona gedirik, təbiət mənzərələrini çəkirik, ya da şəhərə çıxırıq. Onlar necə görürlərsə, necə düşünürlərsə, elə də çəkirlər. Sonra da müzakirə edirik. İstəyirəm bu sahədə kadrlarımız çox olsun. Yaşadığımız hər an bir tarixdir. Bu tarixi anları yaşatmaq, saxlamaq həm də fotomüxbirlərin borcudur. Məni foto sənətinə bağlayan da elə bu istək oldu. Bu gün Rasimin arxivində milyonlarla foto saxlanılır. Bunların içində portret də var, müxtəlif fotolar da, təbiət mənzərələri də, nisgilli Şuşanın nazlı xarı bülbülü də Azərbaycanın dünəni, bu günü yaşayır bu fotolarda.   

   Sədaqət Yusifqızı