Muzey Mərkəzi son illər ənənə halını almış mövsümi sərgiləri davam etdirir. Bu dəfə tamaşaçılara “Baharın fəlsəfəsi” adlı sərgi təqdim olunub. Sərgidə 50-dək rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tədbiqi sənət əsərləri nümayiş olunur. Əsərlər mövzu baxımından bir neçə qrupa bölünüb. Birinci zalda tamaşaçıları ölkəmizin müasir incəsənət üzrə daha çox tanınmış ustalarının əsərləri, ikinci zalda xalqımızın ən sevimli bayramı olan Novruzun nikbin rənglərini əks etdirən əsərlər təqdim edilir.    

    Namiq Məmmədovun kətandan, yağlı boyadan və kollajın çətin texnikasından istifadə edərək çəkdiyi “Sevənlər” və “Qaçan qadınlar” əsərləri, Eldar Babazadənin “Külək” əsəri diqqəti cəlb edir. Həyat və bahar rəngi olan qırmızı rəng Əmirulla İsrafilovun “Bələnmiş dəvə”, Emin Əsgərovun böyük ölçülü “Cakuzi”, Vüqar Əlinin “Novruz” üçlüyündə, Nazim Məmmədovun “Güllər içərisində”, Leyla Nəsibovanın tünd-qırmızı tonlarda olan “Kompozisiyalar”ında maraqlı rakurslarda işlənib.
   Məlik Ağamalovun qlamur “Qızıl rəng üzərində qızılgüllər” əsəri qırmızı tonda parlayır. Qırmızı rəngin dəyişməz yol yoldaşı olan qara rəng də nəzərə çarpmır, amma əbədi mövcudluğu ilə həyatın bu şadlığını kölgə altına alır. Bu həm də Elçin Bünyadovun “Kart” əsərində fal stolunun üzərindəki alaqaranlıqda və Nuranə Mirmövsümovanın “Uçuruma gedən yolda” əsərindəki qara kəpənəklərdədir...
   İştirakçılar tərəfindən qadın mövzusu daha zərif lirizmlə verilmişdir. Bu, Nairə Rüstəmovanın “Nyu” seriyasında, İsa Məmmədovun “Güllər arasında qız”, Rəna Əmrahovanın “Məhəbbət” və başqa əsərlərdə özünü büruzə verir.
   Sərgidəki rəsm əsərlərində qəhrəmanlığa da yer ayrılıb. Hicran Əliyevin “Mif” və “Atlantida” əsərləri bu qəbildəndir. Qrafika baxımından Yusif Mirzənin çox da böyük olmayan, xəfif rənglərlə bir bahar axşamında Ay işığında at təsvir olunan “Əbədi” əsərini qeyd etmək olar.
   Heykəltəraşlıqda isə ən əvvəl Məmməd Rəşidovun işləri diqqəti cəlb edir. Burada məsələ işlərin həcmində deyil, materialın qeyri-adiliyindədir. Daha çox buzu və ya suyu xatırladan sınmış şəffaf şüşədən hazırlanmış mozaika maraqla seyr edilən əsərlərdəndir.
   Ümumilikdə qalereyada sərgilənən əsərlərin hər biri əsl bahar ab-havası yaradır.
   
   Yeganə