Eldar Qurban: “Çalışırıq ki, tamaşaçıların zövqünü oxşayaq”
   
   Teatr kollektiv fəaliyyət sahəsi, mütəşəkkil sənət növü olduğundan tamaşa üzərində çalışan yaradıcı heyətin hər bir üzvü öz işinin peşəkarı olmalıdı. Quruluşçu rejissor, aktyorlar, rəssam, bəstəkardan hansısa pyesin ruhunu duymasa, az-çox intellekti, müşahidə qabiliyyəti olan tamaşaçı çatışmazlığı dərhal sezəcək. Teatrla bağlı budəfəki həmsöhbətimiz Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, «Yeni Era» Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvü Eldar Qurbandır.
   
   Sənətsevərlər onu həm də Ş.Qurbanov adına Musiqili Komediya Teatrının quruluşçu rəssamı kimi də tanıyırlar. E.Qurbanın şəxsiyyətindən gələn ziyalılıq, nəfis zövq və özgün dünyagörüşü sahibi olması onun fərdi yaradıcılığında olduğu kimi, teatr rəssamı kimi fəaliyyətində də özünü büruzə verir. E.Qurbanın təsviri sənətdəki istedadının teatr sənətindəki ifadəsi ötən əsrin 80-ci illərindən başlayır. 1986-cı ildə Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulan Sofoklun «Elektra»sının tərtibatını o, mərhum Elçin Məmmədovla birlikdə vermişdi - E.Məmmədov dekorasiyaların, E.Qurban isə əlbisələrin. Naxçıvan teatrının «Elektra»sı SSRİ-nin 70 illiyi münasibətilə Mərkəzi Televiziya ilə nümayişlənmək üçün Azərbaycandan seçilmiş yeganə səhnə əsəri kimi tarixə düşüb. Bundan savayı, «Kitabi-Dədə Qorqud»un 1300 illiyi münasibətilə Gənc Tamaşaçılar Teatrının tamaşasının, Musiqili Komediya Teatrında qoyulan «Qısqanc ürəklər» tamaşasının da quruluşçu rəssam işi Eldar Qurbana məxsusdur. Hazırda isə həmsöhbətimiz Ü.Hacıbəylinin «Ər və arvad» komediyası üzərində işləyir. Teatr sənətinin inkişafının ayrılmaz tərkib hissəsi olan rəssam işi bu gün hansı durumdadır? E.Qurban bu sahədəki vəziyyətlə bağlı düşüncələrini və yeni yaradıcılıq axtarışlarını bizimlə bölüşdü:
   - Məşqlər zamanı, ya da rejissorla fikir mübadiləsi apararkən adətən əvvəlki qərarınızı dəyişirsiniz? Ümumiyyətlə, personajlara geyim yaraşdırarkən nəyə əsaslanırsınız?
   - Əlbəttə, məşq prosesində bəzi ideyalar yarana bilər. Obraz özü rəssama istiqamət verir. Bundan əlavə, arxivlərdən yararlanıram. Məsələn, indi üzərində işlədiyim «Ər və arvad»ın librettosunda qeyd olunmayıb ki, Minnət xanımın geyimi avropasayağıdır. Bu obraz Avropa təhsilli, mütərəqqi dünyagörüşlü qadın olduğu üçün onun geyimində milli elementləri saxlamaqla avropasayaqlığa üstünlük verəcəm. Həmin libasların modellərini isə Sankt-Peterburq arxivində tapmışam. Sözsüz ki, yaradıcı prosesi fikir müxtəlifliyi olmadan təsəvvür etmək çətindir. Rejissorla birlikdə çalışırıq ki, tamaşaçıların zövqünü oxşayacaq ümumi rəyə gələk.
   - Tez-tez Moskva və Sankt-Peterburq kimi teatral şəhərlərə yaradıcılıq səfərləriniz olur. Teatrlara baş çəkərkən yəqin ki, müqayisələr də aparırsınız. Bizim teatr rəssamlığı sahəsinin nələrə ehtiyacı var?
   - Moskva və Sankt-Peterburqun teatr sənətinin dünyanın ən qabaqcıl teatrları ilə bir sırada durması bəlli faktdır. Yaradıcı potensial orda da var, burda da. Amma orda texniki imkanlar çox yüksək səviyyədədir. Bizdə bir bu cəhət çatışmır, bir də yeni nəfəs. Gənc rejissorlar, aktyorlar, bəstəkarlar və rəssamlar teatrda nə qədər çox olsa, sənət bir o qədər inkişaf edər. Çox şadam ki, teatrımızda bu çatışmazlıqlar son vaxtlar kəskin problem kimi görünmür.
   
   Samirə Behbudqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar