Xalq rəssamı Arif Hüseynov bu günlərdə “Üzeyir Hacıbəyli dünyası” adlı rəngkarlıq tablosunu tamamlayıb. Rəssam yeni tablosunu dahi bəstəkarın anadan olmasının 125 illiyinə həsr edib.
   
   Arif Hüseynovun XX əsrdə milli mədəniyyət xəzinəmizə bənzərsiz musiqi əsərləri bəxş edən Üzeyir Hacıbəylinin obrazına müraciəti təsadüfi deyil. Rəssam 40 ildən artıq dövrü əhatə edən məhsuldar yaradıcılığında uzaq-yaxın keçmişimiz, işıqlı əməlləri ilə xalqımıza başucalığı gətirən görkəmli şəxsiyyətlər, mənəvi güvənc yerimiz olan ədəbi nümunələrlə bağlı bir-birindən maraqlı qrafika nümunələri yaratmağa nail olub. Onun “Vətəni düşünərkən” və “Novruz” qrafik silsilələrinə daxil olan tarixi-etnoqrafik məzmunlu əsərləri, müdrik Dədə Qorqudu, dahi M.Ə.Sabiri, xalq qəhrəmanı Babəki, şair Ə.Kürçaylını əks etdirən portretləri, R.Rzanın “Vaxt var ikən”, M.Ə.Sabirin “Hophopnamə”sinə, Q.İsabəylinin “Əkil-bəkil” kitablarına çəkilmiş illüstrasiyaları bu qəbildəndir.
   Rəssamın yeni əsəri ilk növbədə maraqlı kompozisiyası ilə diqqəti cəlb edir. Tamaşaçıya Üzeyir Hacıbəyli dünyası haqqında tutumlu bədii bilgi vermək istəyən müəllif kompozisiyaya daxil etdiyi çoxsaylı süjetləri mərkəzi obraz ətrafında, onunla əlaqəli yerləşdirməklə əsərin başlıca ideyasının duyğulandırıcı və düşündürücü bədii ifadəsini sərgiləyə bilib. Əsərin mərkəzi hissəsini tutan bəstəkarın obrazı onun nurlu çöhrəsinin gerçəkçi təqdimatı ilə diqqət çəkir. Üzeyir bəyin eynək arxasından tamaşaçıya baxan düşüncəli gözləri, onun müdrikliyini hifz edən digər üz cizgiləri o dövr üçün səciyyəvi olan geyim atributları ilə vəhdətdə inandırıcı baxılır. Portretin əsərin mərkəzi hissəsindəki bəyaz haşiyə arasında Şuşanın qədim mənzərəsi fonunda təsviri də məqsədli olub, bəstəkarın boya-başa çatdığı məkana işarə kimi qəbul olunur.
   Əgər kompozisiyanı təşkil edən digər elementləri də şərh etməli olsaq, onların hamısının bilavasitə ümumi fikrin açılmasına xidmət etdiyini vurğulamalıyıq. Əsərin yuxarı hissəsində bəstəkarın əsərlərinin adlarının bulud şəklində bir neçə dildə yazılışı verilib. Portretin sağ tərəfində ilk Azərbaycan operası olan “Leyli və Məcnun” əsərinin qəhrəmanları təsvir olunublar. Kompozisiyanın müvazinətini təmin edən soldakı təsvir isə “O olmasın, bu olsun” operettasına həsr edilib. İnamlı duruşunu qollarını naxışlı xalça üzərinə qoymaqla möhkəmləndirən görkəmli bəstəkarın obrazı kompozisiyanın aşağı hissəsində onun şah əsəri - “Koroğlu” operası ilə bağlı süjetlə tamamlanır. Tablonun bütün enini təşkil edən süjetdə əli qılınclı-sazlı Koroğlu ilə yanaşı, onun ömür-gün yoldaşı Nigarın, eləcə də Keçəl Həmzənin dastandakı hadisələrə əyanilik gətirən detallarla vəhdətdə təsviri də bütün kompozisiyadan alınan təəssüratı daha da zənginləşdirir.
   Bütünlükdə mövzu poetik-epik ovqat daşıyıcısı olan incə rəng çalarları ilə ifadə olunsa da, süjetin atributlarının inandırıcılığını səciyyələndirəcək özünəməxsus forma-biçim və təsirli faktura keçidləri ilə təqdimatı əsərin yüksək sənətkarlıq nümunəsi olduğunu təsdiqləyir və təbii ki, bu ilk növbədə müəllifin yeni yaradıcılıq uğuru hesab edilməlidir. “Üzeyir Hacıbəyli dünyası” tablosunu görkəmli bəstəkarın xatirəsinə layiqli töhfə hesab etmək olar. Bu baxımdan əsərin yubiley günlərində Üzeyir Hacıbəylinin ev-muzeyinə gələn musiqisevərlərin yaddaşında dərin iz buraxacağına da inamlıyıq...
   
   Ziyadxan Əliyev,
   Əməkdar incəsənət xadimi