Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sənətə marağın artırılması, rəsm qalereyalarının fondlarının zənginləşdirilməsi və rəssamları bir araya gətirmək məqsədilə iyulun 24-dən 31-dək Şamaxıda rəssamların yaradıcılıq emalatxanasını təşkil edəcək.
   
   Yaradıcılıq emalatxanasında 10 rəssam iştirak edəcək: Müseyib Əmirov, Ələsgər Kazımov, Arzu Əsgərov, Emin Əsgərov, Adil Yusifov, Anar Hüseynzadə, Elşad Hüseynov, İnna Kostina , İlahə Əliyeva, Ruqiyyə Rəhimova. Onların hamısı Rəssamlar İttifaqının üzvləridir.
   Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verdiyi məlumata görə, tədbirə Ağdaş, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonunun gənc rəssamları, Uşaq İncəsənət Məktəblərinin tələbələri dəvət olunacaq və onlara peşəkar rəssamlar tərəfindən ustad dərsləri keçiriləcək: “Tədbirin keçirildiyi dövrdə, peşəkar rəssamlarla yanaşı, tələbələr tərəfindən yaradılacaq rəsm əsərləri Şamaxı Rayon Rəsm Qalereyasının fonduna qəbul ediləcək. Tədbirə rəsm əsərlərinin sərgisi ilə yekun vurulacaq”.
   Qeyd edək ki, 2008-ci ildən başlayaraq Qəbələ, Şəki və Qaxda bu tip emalatxanalar təşkil edilib. Qəbələdə 28, Şəkidə 40, Qaxda isə 26 əsər həmin rayonların rəsm qalereyalarının fondlarına daxil edilib. Məlumat üçün bildirək ki, ənənəvi tədbir sentyabr ayından başlayaraq respublikamızın müxtəlif bölgələrində də davam etdiriləcək.
   
   İntiqam Hacılı