Onun adı da, fırçası da təbiət saçırdı…
     
   Ömrünün erkən çağlarında o qədər sənət-peşə içərisindən bu qədər incəsini, gözəlini seçib-sonalamış Maral Rəhmanzadə, güman ki, uzun ömrü boyu «Hər gözəlin bir eybi olar» zərb-məsəlinin açması məsələsində «aciz» qalıb. Nədən ki, mütləq və bütöv gözəlliyin yeganə anti-atributunu onda nə yaxınları, dostları tapa bilmişdi, nə bədxahları.
   
   Bir kəsə ki 24 yaşında «professional» deyələr, daha ondan eybə dair nə axtarasan? Doğulanda, valideynləri onu Maral adlandırırlar, üstündən heç iki onillik keçməmiş, kolleqaları tərəfindən «Professional Maral» çağırısı ilə təltiflənir. Özü də haçan? Çar Rusiyasının «geri», sovet Rusiyasının «quru», «milli obrazovannılar»ımızın «köhnə yamaq, yun daramaq» kimi ifadələrlə «mükafatlandırdığı» Azərbaycanda! Amma 1916-cı ildə dünyaya göz açan bakılı balası sonralar o sərt bolşevizmin qart barıtını öz intellekti, istedadı, kübarlığı ilə sel-suya qərq etdi. Öz hünər və qabiliyyəti ilə gəlmələrə sübut etdi ki, ecazkar fırçasını heç də quru yerdən götürməyib. Onun təkrarsız milli-kolorital xalçaüstü rəsmlər akademiyası, dünyada analoqu olmayan Təbriz miniatür məktəbi, Bəhruz Kəngərli, Əzim Əzimzadə kimi köklü-köməcli sənət şəcərəsi var.
   Maral Rəhmanzadənin «ömür dəftəri» onun haqqında yazıb-danışanların hamısından yaxşı danışır. 15 yaşında Rəssamlıq Texnikumuna daxil olan bu qız 18 yaşında oranı müvəffəqiyyətlə bitirir. Növbəti il Moskva Rəssamlıq İnstitutuna daxil olur, 1940-cı ildə təhsilini başa vurub, Bakıya qayıdır. Elə həmin ildən Azərbaycanın rəssamlıq aləmində yeni bir ad, təzə bir üslub parlayır. «Maral Rəhmanzadə» imzalı əsərlər silsiləsi başlanır. «Azərbaycan qadını keçmişdə və indi,» «Qadınlar müharibə illərində», «Mənim bacılarım», «Doğma Vətənim», «Azərbaycan», «Çexoslovakiyada»…
   Rəssamsansa, təbii, sənin əsərlərin, onların adları, sərgilər, barəndə irili-xırdalı yazı-pozular, yalan-gerçək söhbətlər, müsbətli-mənfili rəylər olmalıdır. Lakin elə sənətkarlar da var ki, onlar haqda sözü söz xatirinə demirsən. Onlar barədə fikirləşəndə cızıqdan qırağa çıxıb xəyallanır, özünü tramvay-trolleybus dolangəlliyi kimi yeknəsəqliklərdən azad hiss edirsən. Belə sənətkarlardan biri idi Maral xanım! Onun ilk fundamental işlərindən olan «Azərbaycan qadını keçmişdə və indi» əsərinin adı, ilk qavramca, bir qədər təbliğat-təşviqat ab-havası doğurur; tamaşaçını «sovetlərdən əvvəl və sonra» müqayisəsi üstə köklənməyə çağırır. Lakin müəllif gizli bir milli təəssübkeşliklə «köhnə» Azərbaycan qadınının daxili aləmini öz milli məhəbbət süzgəcindən keçirərək, onu heç də 5-10 ildə «yeniləşmiş» təzə qadının xarici aləminə uduzdurmur.
   Ünlü sənətkarımızın digər əsərləri də bir baxımlıq göz obyektləri yox, danışıldıqca açılan, açıldıqca mənalanan sənət nümunələridir. «Mənim bacılarım»da, «Bizim qızlar»da Azərbaycanın bütün qadınlarının obraz payları var. «Doğma Vətənim», «Azərbaycan» tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir.
   Maral Rəhmanzadə əsasən qılınc-qalxan, dava-dalaş epoxasının məhsulu olan «Aslanın erkəyi, dişisi olmaz» atalar sözünü sənət meydanında da göyərdən zəriflərimizdəndir. Onun 1945-ci ildə tərtibat verdiyi «Dəhnamə» (Şah İsmayıl Xətai) kitabındakı illüstrativ materiallar bu xanım-xatın qadının yüksək duyğularından xəbər verir. Böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığını («Qız qalası», «Gülzar») ifadə edən rəsmlər isə Maral xanımın sənət nəbzinin nə qədər dramatik döyündüyünü böyük tamaşaçı aləminə çox duyğusal bir sədayla car çəkir.
   Azərbaycan məmləkətinin insanları kimi, təbiəti də gözəldir, füsunkardır. Bu təbii füsunkarlığı füsunkarlıqla ifadə etməmək mümkünmü? Maral Rəhmanzadə fırçası bu sualı bütün müsbət çalarları ilə cavablandırıb. Dilimizdə, yazılarımızda tez-tez işlənən bir ifadə var: diqqətəlayiq. Bu ifadə hər sənətkarın palitrasında ya bir nüansa aid edilir, ya iki. Maral Rəhmanzadə sənətində isə diqqətəlayiq olmayan xana tapmaq müşkül məsələdir. Boyakarlıqda gözəl nümunələr, qrafika sahəsində qiymətli məhsuldarlıq, kitab qrafikasında unudulmaz illüstrasiyalar, portret janrında obyektlər aləmindən subyektlər dünyasına fəxri-fəxarət duyğular köçümü, əlvan peyzajlar, qravürlər...
   Diqqət etsək, Maral Rəhmanzadə yaradıcılığında ayrıca bir Azərbaycan təbiəti görərik. Onun yaratdığı çəmənlik, bağ-bağça tamaşaçının təkcə gözlərini oxşamır, ona həm də təravət dolu nəfəs verir. Onun ağacları tək elə rənglərlə deyil, sənətin rəngarənglik «meyvələrilə» də təqdim edilir. Maral xanımın yaratdığı Vətən parçaları yalnız elə üstündə gəzdiyimiz bucaqlar deyil, həm də qəlbimizə hərarət, gözümüzə nur saçan ocaqlardır…
   Maral xanımın fırçası sənət idxal-ixracında da mahir olub. O, 70 illik yaradıcılıq ömründə Azərbaycan gözəlliklərini xaricə, əcnəbi özəlliklərini Azərbaycana daşımaqla da məşğul olub. Onun əl işləri London, Moskva, Nyu-York, Paris, Tokio və başqa paytaxt-şəhərlərin məşhur muzeylərində, rəsm qalereyalarında, mötəbər sərgi salonlarında nümayiş etdirilib, ölkəmizi şöhrətləndirib.
   Maral Rəhmanzadə - əməyi həmişə qiymətləndirilən sənətkar kimi də xoşbəxt həyat sürüb. Xalq rəssamı fəxri adı, Dövlət mükafatı, «Şöhrət» ordeni və bir çox medallarla təltif edilib. Prezident təqaüdçüsü olub.
   23 iyul 1916 - 16 mart 2008. Deməli, 92 yaş. 100-dən 8 kəm... Və axır ki, bu qənirsiz sənətkardan «qüsur» da «tapa bildik». Özü də onun çox sevdiyi poeziya palitramızdan. Yəni; «Hər kəs yüz il yaşamasa, günah onun özündədir»…
   Amma nə qəm, əsərləri yüz yaşayıb, min qalası Maral xanım?!
   
   T.Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar