Noyabrın 22-25-də Rəssamlıq Akademiyasında Böyük Britaniyanın mədəniyyət və təhsil məsələləri üzrə beynəlxalq təşkilatı olan British Council ilə əməkdaşlıq çərçivəsində iki maraqlı tədbir gerçəkləşib. Noyabrın 22-24-də Azərbaycanın gənc rəssamları britaniyalı rəssam Kleyr Mitten tərəfindən aparılan yaradıcı seminarlarda iştirak ediblər. K.Mitten Azərbaycan Rəssamlıq Akademiyasında çalışır.
Noyabrın 25-də isə Rəssamlıq Akademiyasında British Council-ın zəngin və mükəmməl incəsənət kolleksiyasından olan əsərlərdən ibarət sərgi açıldı. Sərgidə 1960-cı ildən bu günə qədər British Council kolleksiyasında olan heykəltəraşların işləri nümayiş olunur.
Tədbirin açılışında çıxış edən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bildirdi ki, bu sərgi digərlərindən fərqlidir: «Bu gün bizim üçün əsl bayramdır. Bu dəfə başqa yaradıcılıq nümunələri gördük və məmnun olduq. Bilirəm ki, tələbələr də bu seminar və sərgidən çox məmnun olublar».
Britaniyanın Azərbaycandakı səfiri Kerlin Braun da layihəni çox bəyəndiyini bildirdi. Yaradıcılıq seminarlarını aparan K.Mitten isə tələbələrə çox çətin tapşırıqlar verdiyini və onların bu tapşırıqların öhdəsindən gəldiklərini diqqətə çatdırdı: «Bu günlərdə tələbələrlə məmnuniyyətlə işlədim. 3 gün onlarla mükəmməl iş gördük. Tələbələrə çətin tapşırıqlar verilmişdi. Əsərlərdən birini seçib real obyekt şəklinə gətirməli idilər. Bu yeni bir işdir. Tələbələr işin öhdəsindən layiqincə gəldilər».
Sərgidə Birləşmiş Krallığın Demiyan Hirst, Alan Deyvi, Patrik Koulfild, Poul Haksli, Patrik Heron və digər aparıcı rəssamlarının müasir əsərləri də təqdim olundu. Onların hamısı artıq Britaniya incəsənətinin tarixində öz izini qoyub.
Gülər