Yanvarın 28-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Bakıda Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetsxladzenin “Şəhərlər” adlı fərdi sərgisi açılacaq.
   Azərbaycan tamaşaçısı Mamuka Tsetsxladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin, bir çox beynəlxalq sərgilərin iştirakçısıdır. Məhz bunun nəticəsidir ki, rəssamın məharətlə yaratdığı əsərlər içərisində müxtəlif şəhərlərin təsviri üstünlük təşkil edir. Rəssamın “Paris”, “Venesiya” və s. məşhur tabloları arasında “Köhnə Bakı” əsəri də xüsusi yer tutur.
   Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində keçiriləcək ilk fərdi yaradıcılıq sərgisində 30-a yaxın boyakarlıq nümunəsi tamaşaçılara təqdim olunacaq. Sərgi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin, ICOM Gürcüstan (Beynəlxalq Muzeylər Komitəsi) təşkilatının dəstəyi ilə keçiriləcək.