Karib adalarında yaşayan azərbaycanlı fotoqrafın sərgisi açılacaq
   
   Fevralın 2-də Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərgi qalereyasında Lalə Ağayeva- Lambertin “Kölgələr uzananda...” adlı fərdi fotosərgisi açılacaq. 
   Muzey Mərkəzindən bildiriblər ki, “Shadows. Late afternoon” (“Kölgələr uzananda...”) ekspozisiyası Lalə Ağayeva-Lambertin ilk fərdi sərgisidir.
   Fevralın 9-dək davam edəcək 120 fotoşəkildən ibarət bu sərgi sənətkarın dünyaya özəl baxışlarını və fotoqrafiya sənətinin imkanlarını əks etdirir. “Kölgələr uzananda” fotoqrafın Antiqua çimərliyində çəkilən ekzotik şəkillərə verdiyi addır. Bu şəkillər kolleksiyanın ən maraqlılarıdır.
   Lalə Ağayeva-Lambert Bakıda həkim ailəsində doğulub. Azərbaycan Tibb İnstitutunu bitirib. Amerika vətəndaşı ilə ailə quran azərbaycanlı fotoqraf hazırda Karib adalarında yaşayır.