Bədii qiraət ustası, unudulmaz Kazım Ziyadan üzübəri qeyri-adi diksiyası, intonasiya və səs ahəngi ilə yadımızda qalan görkəmli sənətkarlarımız çox olub: Mehdi Məmmədov, Əli Zeynalov, Səməndər Rzayev, Hökumə Qurbanova, Həsən Əbluc, Məhluqə Sadıqova... Bu insanların min bir məharətlə yaşatdıqları bu şərəfli sənəti indi də ləyaqətlə davam etdirən xalq artistlərindən Əminə Yusifqızı, Laləzar Mustafayeva, İlham Əsgərov, eləcə də ürəklərdə özünəməxsus yer tutan Əməkdar artist Ağalar Bayramov kimi səs sahibləri diqqət çəkir.
      
   Qəribə şeir deməsi var Ağalar Bayramovun. Bu nə cazibədir onun səsində, bilmirəm. Hər dəfə maqnit kimi özünə çəkir. Nəfəsindən süzülən şeirləri dinləyəndə içimdə nəsə qırılır. Gözümdən süzülən yaşlarla bərabər varlığımı sanki bir od bürüyür. Gözlərimin önündə qəribə mənzərələr açılır. Əlim yetməz, ünüm çatmaz, xəyalımdan bir an belə qopmayan doğma yurd yerləri elə bil ki, bütün gözəllikləri ilə qarşımda dayanır. Əl uzatsam Bazarçaya, yüyürsəm Babək qalasına çıxaram, istəsəm lap anamın boynuna sarılaram. Hələ allı-güllü yaylaqları, ətirli çəmənləri, uşaqlığımın min xatirəsi yaşayan yolları, buz bulaqları, yaşıl ormanları demirəm. Amma bütün bu xoşbəxtliyin ömrü Ağaların nəfəsindən kəsilən şeirin vaxtı qədər olur. Mən onu dinləyəndə həmişə yuxalıram. Bu kövrəkliyin ahəngində vətənlə görüşürəm. Düşmən tapdağında inildəyən ana yurduma üz tuturam. Çox istəmişəm ki, özündən soruşam, bu nə möcüzədir, ay qardaş?! Sən şeir deyəndə adam Vətənə dönür?!
   Çox fikirləşdim, bu suallara özüm cavab tapmalı oldum. Ağalar Bayramovun səsi öz içindən gəlsə də, bəlkə də ilk mənbəyini tamam başqa çeşmədən -Məmməd Arazın poeziyasından götürür. Onun misralarından qopduğu üçün də bu qədər əzəmətli və qüdrətlidir. Hərdən fikirləşirəm ki, Məmməd Araz misraları Ağalar Bayramovun səsində pərdə-pərdə açılır. Bu unudulmaz şair nə istəyirdi, nə arzulayırdı və məramı nə idi? Məhz Ağalar Bayramovun qiraətində bu sualların poetik sirləri misra-misra açıqlanır. «Ayağa dur, Azərbaycan!» şeirini çox bədii qiraət ustasının söyləməsində eşitmişik. Deyək ki, onu ustalıqla ifa edən aktyorlarımız həqiqətən bu unudulmaz şairin harayını oxuculara öz qəlblərinin odu ilə çatdıra bilirdilər. Rəhmətlik Mikayıl Mirzə də bu şeiri xüsusi coşqu və ehtirasla söylərdi. Amma faktdır ki, Ağalar Bayramovun nəfəsində bu şeirin yeni bir ömrü başlayır. Adamın bütün ruhu mübarizəyə atlanır:
   
   Çək sinənə qayaları yamaq elə,
   Bayrağını Xəzər boyda bayraq elə
   Enməzliyə qalxmış olan bayrağını!

   
   Bu misraları ürəyindən keçirən Ağalar onu elə tərzdə dilə gətirir ki, qoşunların dəstə-dəstə düşmən üzərinə getdiyini duyursan. Məzarlarda yatmış qəhrəmanların sanki ayağa qalxdığını hiss edirsən. İnsanın bütün varlığını milli qürur, milli qeyrət hissi bürüyür. Bir daha anlayırsan ki, xırdalanmağa, yatmışlara, batmışlara qeyrətinin satılmasına razı ola bilməzsən! Dəfələrlə müşahidə etmişəm ki, bu şeir səslənəndə heç kəs ona əyləşdiyi yerdə qulaq asa bilməyib, amma qeyri-ixtiyari olaraq ayağa qalxıb.
   Bədii qiraət ustası kimi tanınan, sevilən Ağalar Bayramov içində vətəndaş yanğısı olan bir şəxsiyyətdir. O, öz sənəti ilə insanlara yalnız vətən haqqında, onun gözəllikləri barədə şeir oxumur, həm də dərs deyir, öyrədir, yada salır. Çünki qibləgahı sandığı böyük şairimiz Məmməd Arazın təbirincə desək: «Hələ öz içində batanımız çox, düşmən laylasına yatanımız çox». Bu səbəbdən də qoltuqlara sığınanların, yolu vətəndən uzaq düşənlərin hərdənbir yadına salmaq gərəkdir ki, sənin doğulduğun torpaq, vaxtilə havasını udduğun torpaq, çörəyini yediyin kənd-kəsəyin düşmən tapdağında inildəyir. Dünyada bütün yaralar sağalar, bütün itkilərə dözmək olar, amma vətən dərdi ömrü boyu qan verər.
   
   Payını it qapar maymaq millətin,
   Yamaq millətlərə yamaq millətin.
   Qadını ər doğmaz qorxaq millətin,
   Məni bağışlayan olarmı? -
   Çətin!

   
   Bu, Məmməd Araz deyimidir. Bu, Ağalar Bayramovun səsidir. Bu, iki vətəndaş oğulun mənəvi xəbərdarlığıdır.
   Xalq şairi Məmməd Araz Ağalar Bayramovun xətrini həddən artıq çox istəyirdi. Bir söhbətini heç unutmuram. Söylərdi: «Mən ona qulaq asanda dəli oluram. Allah insaf vermiş, şeiri elə hünərlə, elə yanğı ilə söyləyir ki, hərdən özümdən soruşuram: ay Ağalar, o şeirin müəllifi kimdir? Onda gözlərində yaş dolu bir məna görürəm. Yazmaq şərt deyil, şeiri Ağalar Bayramov kimi gərək elə təsirli, yaddaqalan çatdıra biləsən. Bu, əsl istedaddır. Sevinirəm ki, mənim bir neçə şeirimin tamaşaçılara, dinləyicilərə çatdırılmasında Ağalar çox zəhmət çəkib. Hərdən mənə elə gəlir ki, Ağaların özü də mənim qəlbimdən, poeziyamdan gəlmədi. O qədər onun nəfəsi mənə doğmadır».
   
   Bəs hanı yurddaşlar atası ölkəm?
   Biz gümüş dənizlər sahili idik!
   Sözümüz var idi ötkəmdən ötkəm,
   Biz qızıl taxt-tac sahibi idik.
   Bəs, niyə bu günə düşdük, ay dədə?!
   
   Bu, son dərəcə möhtəşəm bir şeirdir. Məmməd Araz nəfəsi ilə möhürlənmiş poetik möcüzəni Ağalar Bayramovun qiraətində dinləyəsən. Xalqımızın, millətimizin ağır taleyi gözlərimiz önündən gəlib keçir. Cavabı da özündə olan bu sualların ahəngindəki mətləblər Ağaların səsində qeyri-adi bir nidaya çevrilir.
   Əvvəllər elə düşünürdüm ki, Ağalar Bayramov böyük şairlərimiz Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Fikrət Qocanın poeziyasından şeirlər dediyi üçün onun ifası bu qədər təsirli, mənalı və yaddaqalan olur. Təbii ki, sözün də qüdrəti şərtdir. Amma sonralar duydum ki, Ağalar Bayramov adi kəlməni də elə təsirli, yanıqlı deyə bilir ki, söz öz kəsb etdiyi mənasından uzaqlaşaraq alov dilli səsə çevrilir. Bu qəribə səsin sahibi məhz Ağalar Bayramovdur. Bu səs hər titrəyişində, ahəngində nəfəsdən qopduğu andan dinləyiciyə çatdığı məqamadək büründüyü qəribə hallara, öz qeyri-adiliyinə, təsirliliyinə, həzinliyinə görə seçilir.
   Həqiqətən də istedadlı sənət adamları çoxdur. Sadəcə, bu istedadın yönümü müxtəlif olur. Deyək ki, biri gözəl rol ifaçısıdır, obraz yaradıcısıdır, rejissordur, rəssamdır, söz adamıdır, şairdir, bəstəkardır. Sənətkar da var ki, bütün bunlarla yanaşı, Tanrı ona məhz heç kəsdə olmayan qeyri-adi səs bəxş edir. O, bu səsin gücünə, qüdrətinə görə hamıdan fərqlənir. Bəzən bu səs o qədər təsirli, məqamına görə o qədər gərəkli olur ki, səsin qüdrəti sözü üstələyir. Biz bu qəribə məqamı bir neçə sənətkarımızda müşahidə etmişik. Onlardan biri də məhz Ağalar Bayramovdur. Onun səsinin ahəngində həm də insanın iliyinə qədər işləyən bir doğmalıq var. Bu səbəbdən də nəfəsindən qopan hər bir mətnin, hər bir şeirin, əslində, yeni həyatı, yeni təqdimatı başlayır.
   Bəlkə də vacib haldır ki, Ağalar Bayramov şeir seçimində çox məsuliyyətlidir, içindən keçirə bilmədiyi, zəif, mənasız söz yığımına ömründə yaxın durmaz. Bu faktdır ki, onun səsinin cazibəsi, gücü sözü öz içində əridə bilər. Amma Ağalar Bayramov heç vaxt belə yolla getməyib, bu cür naşı addımlar atmağı özünə rəva bilməyib. Ağalar o şairin yaradıcılığına müraciət edir ki, həmin müəllifin poeziyası həqiqətən nümunədir. Fikrət Qocanın «Qaçqın gəlin» adlı şeirini söyləyir Ağalar Bayramov. Dəfələrlə qulaq asmışam. Amma həmişə də yarımçıq, axıra qədər gücüm çatmayıb eşitməyə. İçimi bürüyən həyəcan, boğazımı qurudan hönkürtü məni dirigözlü öldürüb. Gözlərimin önündə bədnam qonşularımız tərəfindən el-obasından zorla didərgin salınan ağır bir elatın dərdi boylanıb:
   
   Yayda yaylağa gedərlər,
   Səni sürdülər arana.
   Yayın cırcırıma çağında
   Mən də duz basdım yarana.
   Xəyalın dağlar qoynunda,
   Yarpızlı dovğa bulayır.
   Dağda sənsiz qalan yurdda
   Axşamlar qurdlar ulayır...
   
   Təbiətən xeyirxah və nəcib bir insan olan Ağalar Bayramov xalqına, millətinə bağlı vətən oğludur. Qazandığı el məhəbbəti, pərəstişkar sevgisi bəzən onu elə kövrəldir ki, söz xiridarı bütün uğurlarını, şöhrətini ancaq və ancaq ona nə vaxtsa dərs demiş, sənət təsiri göstərmiş, adicə yaxşılıq etmiş insanların adına bağlayır. Ucalığa aparan yolların olmasını alın yazısında, xalq istəyində, dövlət qayğısında görür. «Məni xəlq eləyən Tanrıya, valideynlərimə, sənət dostlarıma, haqq dünyasına qovuşmuş müqəddəslərə qədər minnətdar olacağım insanlar çoxdur», - söyləyir.
   Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti, gözəl ailə başçısı, fədakar dost, xeyir-şərə yarayan həssas insan. Bu adların hər birinin arxasında qazandığı nailiyyətlər, sənət sevgisi dayanır. Sinəsində cücərən arzuları çoxdur. Ürəyindən keçən ən böyük diləyi budur ki, günlərin birində xoş avazı Şuşamızda - Cıdır düzündə eşidilsin. Biz bu günün olacağına inanırıq. Kaş ki bu xəyal tezliklə gerçəkləşə... Bu cazibəli səsin min bir həyəcan və qürurla «Gözün aydın, ana millət, gözün aydın, Azərbaycan!» müjdəsi dağlarda-daşlarda əks-səda verərək düşmənin bağrını yarsın, dostların könlünə sevinc salsın...
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist