Tofiq Məmmədov: “Heç nə mənasız və gərəksiz deyil, mahir usta daş üzərində də sirr və gözəlliyi aşkar edərək göstərə bilir”
   
   Qədimliyi, zənginliyi və müxtəlifliyi ilə seçilən tətbiqi sənətimizin inkişafına və təbliğinə xüsusi diqqət yetirilir. Milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi əks etdirən tətbiqi sənət nümunələrini, peşəkar sənətkarlarımızın əl işlərini geniş ictimaiyyətə təqdim etmək üçün tez-tez sərgilər təşkil edilir. 
      
   Daş üstündə miniatür ornament yaradan rəssam Tofiq Məmmədov da qeyri-adi, fərqli işləri ilə bu cür sərgilərin fəal iştirakçısıdır. Milli Elmlər Akademiyasının “Selen” Elmi İstehsalat Birliyinin direktor müavini işləyən rəssam öz yaradıcılığı ilə milli tətbiqi sənətimizə töhfə verməyə çalışır.
   Sənətkarla söhbətimizdə məlum oldu ki, hələ çox uşaq yaşlarından gözəl rəsm əsəri, ornamentlər onun diqqətini cəlb edib: “Ornament heç bir zaman müstəqil əhəmiyyət daşımayıb və hər zaman ikinci dərəcəli olub. Birinci dərəcəli isə həmişə ornamentlə bəzədilən əşya olub. Bu barədə kitablardan, ensiklopedik lüğətlərdən müxtəlif məlumatları oxuduqca fikirləşirdim ki, bu qədər incə iş, zövq, bilik, əziyyət tələb edən yaradıcı əmək niyə ikinci dərəcəlidir. Ornament haqqında çoxlu məlumat topladıqdan sonra düşündüm ki, nə yaratmaq olar ki, o ancaq ornamentdən ibarət olsun, heç bir əşyaya bənzəməsin və birinci dərəcəli olsun».
   
   Təkrarçılıqdan uzaq fərqli sənət nümunəsi
   
   Həmsöhbətimin sözlərinə görə, günlərin birində o, oğlunun xahişi ilə daş üzərində ornamental xalça təsviri yaratmaq qərarına gəlib: «Düşündüm ki, daş və xalça müstəqil əhəmiyyət daşıyacaq və ornament birinci dərəcəli olacaq. Ornamenti nəyin üstündə yaradacağımı tapandan sonra onu necə etmək haqqında düşündüm. Daşda iki rəng olacaq. Biri daşın rəngi, ikincisi isə daşın hündür və qabarıq yerlərində əmələ gələn kölgənin rəngidir. Ornamentlərin sıxlığını, hündürlüyünü və s. işləyərək düşündüm ki, hansı sahələrdə ornament bir az seyrək və hündürlüyü bir az alçaq olacaq. Bundan başqa, ornamentlərin güllərinin, yarpaqlarının içində olan oymaları çox dərin etməli, kölgənin həcmini azaltmalıyam. Əksinə, harada rəngin diqqəti cəlb etməsini istəyirəmsə, orda ornamentin sıxlığını artırmalı, hündürlüyün və ornamentin siluetlərinin içində də oyma işlərini daha dərin edərək, kölgələrin həcmini çoxaldıram. Sonra hansı alətlərdən istifadə edərək bu effektin alınması haqqında düşündüm. Bunları təbii daş üstündə etməyi qərara aldım. Ancaq gördüm ki, təbii daşdan miniatür alına bilməz. Çünki təbii daş məsaməlidir. Ornamenti kiçik etdikcə, o məsamələr hər şeyi korlayacaq. Karxanalarda əhəng daşlarının qırıntıları, tozları və s. həddindən artıq çoxdur. Bu daşlar üzərində işlədim. Sonra tökmə üsulu ilə onlardan bir daş plitə düzəltdim və gördüm ki, burda məsamələr azdır. Bundan sonra bu üsulla, əhəng daşından istifadə edərək işləməyə başladım».
   T.Məmmədov ilk işinin ancaq bədii tərtibatının üzərində dörd ay işləyib: «Bu xalçanın üzərində mən ümumilikdə üç il işlədim. Bu işi məndən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu aldı. Bundan sonra mən yeni bir xalça işlədim və bunu da qoruq aldı. Onu da qeyd edim ki, mən daşların üzərində də çox xırda yazılar yazıram. Məsələn, bir işim var ki, ornamentlərin ortasında Mustafa Kamal Atatürkün azadlıq haqqında bir kəlamını türk dilində yazmışdım. Bu işimi Türkiyənin ölkəmizdəki səfirliyinin təmsilçiləri görmüşdülər və çox yüksək dəyərləndirmişdilər.
   Mədəniyyət və Turizm Nazirliyinin nəzdində müxtəlif incəsənət nümunələrinə elmi, bədii və tarixi qiymət verən komissiya var. Mən də işlərimi bu komissiyaya təqdim etdim və onlar yazdılar ki, işlərim bədii əhəmiyyət kəsb edir və bu üsulla işləmək nadir iş üslubu hesab edilir. Çox sual verirlər ki, bu işdə bədii tərtibatı necə edirsiniz? Mən görkəmli xalçaçı rəssam Lətif Kərimovun, Kamil Əliyevin və başqa bir sıra yerli və xarici müəlliflərin ornamentlə bağlı əsərlərini oxumuşam və bu sənətkarların işlərinə baxmışam. Ancaq onlardan fərqli olaraq daşın üstündə o xalçaları yaratmağa çalışmışam. Bunun üçün də müəyyən ornamentləri seçmişəm və daşa uyğun dəyişmişəm. XV əsrdə bu sənət növündə kiminsə tərəfindən yaradılan sənət nümunəsi mənim üçün maraqlı deyil. Düzdür, mən bu sənət nümunələrini yaradanlara hörmətlə yanaşıram və onların işlərini də yüksək qiymətləndirirəm. Lakin bu işlər artıq yaradılıb, yenisini etmək lazımdır. XXI əsrdə ənənəni qorumaqla müasirliyə və yeniliyə doğru gedərək, təkrarçılıqdan uzaq gözəl və fərqli sənət nümunələri yaratmaq lazımdır».
   
   Rəssamın əl işi Milanda saxlanılır
   
   T.Məmmədov onu da bildirir ki, tamaşaçı hər bir yaradılan sənət nümunəsinə baxanda onun gözü önündə yeni bir səhifə açılmalıdır: «Bunun üçün də istədim ki, daşın üstündə xırda, yüksək səviyyəli, zərif miniatür ornament yaradım. Bir müddət əvvəl AMEA Milli Azərbaycan Tarixi Muzeyini italiyalı bərpaçılar bərpa edirdilər. Mən bu bərpaçılarla görüşdüm və onlar mənim işlərimin fotoşəkillərinə baxdılar. Dedilər ki, fotoda işlər gözəldir, ancaq orijinal olaraq sənət nümunələrinin özlərinə baxmaq istəyirlər. İşlərimi apardım, onlar fotolarını çəkdilər və çox bəyəndilər və mənə onlarla işləməyi təklif etdilər. Ancaq razı olmadım. İmtina etməyim onlarda təəccüb yaratdı. Dedim ki, siz böyük bir işlə məşğul olursunuz, tarixdən bu günümüzə gəlib çatmış nadir sənət ocaqlarını, əşyalarını və s. bərpa edirsiniz, gələcək nəsillər bunu görür. Bu, çox dəyərli işdir. Ancaq siz yeni nəsə yaratmırsınız, mən isə yaradıram və istəyirəm ki, uzun illərdən sonra sizin kimi bərpaçılar mənim işlərimi bərpa etsin. İtalyanlar məndən bir iş aldılar, o iş hazırda Milanda saxlanılır».
   Hər kəsə adi görünən daşın özündə möcüzə və sirr olduğunu deyən rəssam bildirdi ki, heç nə mənasız və gərəksiz deyil, mahir usta daş üzərində də sirr və gözəlliyi aşkar edərək göstərə bilir.
   
   Fəxriyyə Abdullayeva