Türkiyədə yaşayan azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun rəsm kataloqu çapdan çıxıb. Kataloqda Ə. Fərəcoğlunun müxtəlif illərdə Türkiyədə çəkdiyi tablolar əksini tapıb. Sənətşünas Ziyadxan Əliyev və jurnalist Mayis Əlizadənin Əbülfəz Fərəcoğlunun yaradıcılığı barədə yazıları da nəşrdə yer alıb. Türk sənətşünası Abdulkadir Günyaz kataloqa ön söz yazıb.
   Rəssam Əbülfəz Fərəcoğlu 1997-ci ildən yaradıcılıq işlərini İstanbulda davam etdirir. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 20-dən artıq fərdi sərgi açan Fərəcoğlu, 50-yə yaxın qrup sərgisində də iştirak edib. O, 2007-ci ilin oktyabrında İstanbulda “Ekim” sənət evini yaradıb.