O, Azərbaycan ornament sənətinin böyük ustadı Lətif Kərimovdan dərs alıb.
O, xalçaçı rəssam, xalça ustası kimi portret janrını insan psixologiyasının aynası sayır...
O, muğamı xalçaya, xalçanı muğama bənzədir...
Xalqını, millətini ürəkdən sevən təsviri sənət ustası Baladayı Hüseynovun sənət aləmi ayrıca bir dünyadır. Bu dünya rəngliliyi, milliyi və bənzərsizliyi ilə seçilir...
Baladayı Məmməd oğlu Hüseynov 1952-ci ildə Bakının qədim kəndlərindən birində - Maştağada anadan olub. Maştağadakı N.Nərimanov adına 128 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunu bitirib. Ali məktəbdə böyük xalçaçı rəssam, professor Lətif Kərimovun və incəsənət tarixinin mahir bilicisi Kərim Kərimovun tələbəsi olub. Deyir ki, miniatür sənəti, xalçaçılıq, tətbiqi incəsənətin sirlərini öyrənməklə yanaşı, milli ruhda tərbiyə almasında bu iki böyük sənətkarın misilsiz xidmətləri olub.
Uzun illər ağac üzərində oyma, metal üzərində döymə işləri ilə gözəl sənət nümunələri yaradan Baladayı Hüseynovun xalçaçılıq sənətini seçməyimin də qəribə tarixçəsi var.
“Mənə bu sənəti nənəmin nənəsi sevdirdi”
Hacı Baladayının ömrü əslində zəngin ornamentli xalçaya bənzəyir. Uşaqlıq illərindən yaddaşında ən çox gülümsəyib boylanan evlərindəki min bir çeşidli qədim xalça-palazlar və bir də nənəsinin nənəsi - Məşədi Xanımana ilə bağlı xatirələrdir. Nənənin nənəsini görmək çox az adamlara nəsib olsa da, bu xoşbəxtlik Baladayıdan yan keçməyib. Nənəsinin 117 yaşlı nənəsini hana arxasında xalça-palaz toxuduğunu da görmək ona nəsib olub.
Deyir ki, nənəmin nənəsi ömrünün son illərində daha xalça toxuya bilməsə də, fil sümüyündən olan həvəsi əlindən düşməzdi. Palaz toxuyardı.
Baladayının sənətə olan sevgisinin ilk ilmələri də elə o illərdən hörülüb.
- Nənəm öz nənəsindən danışanda mənim bu sənətə marağım artdı. Həm də kənd yeridir, bizdə milli adət-ənənələrə böyük hörmət var. İnstitutda oxuyarkən kompozisiya fənnindən bizə Lətif müəllim dərs keçirdi. Çünki o Azərbaycan ornament sənətinin ilk bilicisi və böyük ustadı idi. Lətif müəllim özündən sonra gözəl ənənəsi olan bir məktəb qoyub getdi. Kimsə sənətdə ilk çığır açırsa, o cığır, o yol onun adı ilə adlandırılır. Lətif müəllim çox böyük sənətkardır. Bizə dərs deyəndə ona nənəmin nənəsinin xalçalarından danışdım. O bizə gəldi, qədim xalçaları görəndən sonra mənə məsləhət gördü ki, bu sənətin yolu ilə gedim, onu yaşadım.
Müəlliminə olan sonsuz hörməti və rəğbəti qarşısında Baladayı xalçaçılıq sənəti ilə yalnız ustadı vəfat edəndən sonra məşğul olmağa başlayır. “O neçə ki, sağ idi, mən xalça toxumurdum. Ona görə ki, ustadın qarşısına əsər qoya bilməzdim” - deyir.
Xalça ustası deyir ki, istər dərzi, istər bənna, istər pinəçi - hansı sənət olursa olsun, o sahədə insanın istedadı olmalıdır. İnsanın xoşbəxtliyi ondadır ki, öz istəyinin dalınca gedir. Ailə də sevgi üzərində qurulur, bina da, sənət də. O yerdə ki, sevgi var, orda uğur var. Hansı yaşda olursa olsun, sənətkar gərək həyatda hər şeyə pak gözlə, ülvi məhəbbətlə baxsın. Çünki əsil sənət əsəri əsil sevginin məhsuludur.
Ağac üzərində oyma, metal üzərində döymə
İlk dəfə tətbiqi sənətlə məşğul olan Baladayının ağac üzərindəki “Çarşablı qadın”, “Dulusçu”, “Qobustan”, “Tabaq” əsərləri hələ gənc yaşlarında respublika, ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş olunub. 1975-ci ildə Azərbaycana gələn görkəmli rus ədibi, II Dünya müharibəsinin ağır vaxtlarında (1941) Moskvada dahi Nizami Gəncəvinin 800 illik yubileyini keçirdiyinə görə Azərbaycanın Xalq şairi adına layiq görülən Nikolay Tixonova ağac üzərində oyma işini hədiyyə edirlər. Baladayının yüksək sənətkarlıqla hazırladığı bu əsər böyük marağa səbəb olur, gənc sənətkar respublikanın rəhbəri Heydər Əliyevin xeyir-duasını alır. Bu gün də bu əsər Moskvada, Rusiya Yazıçılar İttifaqının muzeyində qorunub saxlanılır.
Sənətkarın ağac üzərində ən gözəl işlərindən biri də Hüseyn Cavidə həsr olunmuş əsərdir. “Bu mənim ağac üzərində yaratdığım ən sevimli əsərimdir. Hüseyn Cavid çox müsibətlər çəkib. Həmin əsəri işləyəndə ədibin qızı Turan xanımla Cavid haqqında xeyli söhbətlər etmişəm. İndi həmin əsər C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin daimi eksponatıdır. Mən gələcəkdə yenə də Cavid obrazına müraciət etmək istəyirəm”.
Usta Baladayının metal üzərində işlədiyi əsərlərin də sayı-hesabı yoxdur. Azərbaycan qadınının mənəvi dünyasını özündə əks etdirən “Xəyal” adlı əsər qeyri-adi kompozisiyası ilə diqqəti cəlb edir. Butanın içindəki xəyali qadın obrazı milli sənət növünün ən gözəl nümunələrindən sayıla bilər.
Sehrli ilmələr, “canlı” xalçalar
- Xalçaçılığa başlayanda adi xalçadan, xurcundan başladım. İnsan aşağıdan başlayıb yuxarıya doğru qalxmalıdır, sıxlıqları öyrənməlidir, rənglərin bir-birini oxumasını, bir-biri ilə yola getməsini, iplərin xüsusiyyətini, xarakterini bilməlidir.
Sonra xalçada portret janrına müraciət elədim. Portret işləmək olduqca çətin, məsuliyyətli işdir. Bunun üçün psixoloq olmalı, insanın xarakterini, ruhunu oxumağı bacarmalısan. Mən psixologiyanı pis bilmirəm. Adətən inandığım, tanıdığım adamların portretini toxuyuram.
İlk dəfə xalça janrında Heydər Əliyevin portretini toxumuşam. Mənə deyirlər ki, niyə Heydər Əliyevi bu qədər çox sevirsən? Deyirəm ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orda Heydər Əliyevin nəfəsi olmasın. Belə nadir şəxsiyyətlər yüz ildə, min ildə bir dəfə doğulur. Cənab İlham Əliyev prezident seçiləndə ilk dəfə Maştağaya gəldi. Dedim cənab prezident, sizin portretinizi işləmişəm, icazə verin ananızın - Zərifə xanım Əliyevanın da portretini işləyim. Çünki onun xarakteri barədə məlumatlarım vardı. Anam danışırdı ki, çox mehriban qadın, gözəl həkim idi, xəstələrinə qarşı olduqca qayğıkeş, diqqətli idi. Cənab prezident eskizi bəyəndi. Həmin əsəri Heydər Əliyev Fonduna hədiyyə eləmişəm.
Baladayı Hüseynovun üç əsəri bu gün Heydər Əliyev Fondunun daimi eksponatıdır.
Xalça ustası deyir ki, bir xalçanı hazırlamaq iki-üç aya başa gəlir. Ancaq elə xalçalar var ki, bir ilə toxunur. Xalçanın qiyməti isə təbii yundan hazırlanması, təbii rənglərlə boyanması və sıxlığından asılıdır. Ustanın sözlərinə görə, xalçaçılıqla rəngkarlıq arasında fərq ondadır ki, rəngkarlıqda rəng yaxşı alınmasa onu təkrar dəyişmək olar, ancaq 55-60 sıxlıqla toxunan xalçanı söküb rəngi, ilməni dəyişmək qeyri-mümkündür.
Xalça özü də bir muğamdır
Usta bir-biri ilə yola gedən rənglərdən də danışdı.
- Bütün rənglər bir-biri ilə yola gedir, sadəcə onları bir-birinin yanında düzgün yerləşdirmək, uyğunlaşdırmaq lazımdır.
Adətən rənglər portretdəki insanın geyiminə, xarakterinə görə seçilir. Son əsərim Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın portretidir. Bu xalçanın boyu 1 metr 90 sm, eni 1 metr 31 sm-dir. Haşiyələrin naxışları mənə məxsusdur. Bu naxışlara “Hüseyni” adını qoymuşam. Çünki mən Kərbəlada olarkən eskizlər edirdim. Füzulinin qəbrinin üstündə olarkən bu naxışlar gözümə göründü. Eskizin çəkib, adını da “Hüseyni” ornamenti qoydum.
Xatırladaq ki, Baladayı Hüseynov 1992-ci ildə Həcc ziyarətinə gedən ilk zəvvarlardan biri olub. 40 yaşında müqəddəs yerləri ziyarət edib.
Yeddi rənglə yeddi notun yozumunu isə Hacı Baladayı belə yozur:
- Muğam özü də bir xalçadır. Xalça özü də bir muğamdır. Vallah, muğamı xalçadan ayırmaq olmaz. Muğam da, xalça da tərcüməçiyə ehtiyacı olmayan sənətdir. İngilis də, alman da, yapon da muğamı dinləyəndə, yaxud da xalçaya baxanda eyni gözəlliyi duyur. Bunlar ikisi də eyni kökdən su içib. Biri səsin qüdrətindən yaranır, biri rəngin.
Mütaliəni çox sevən sənətkarın şəxsi kitabxanasında 3 minə yaxın kitab var. Deyir ki, mən hansı ölkəyə getmişəmsə, ordan kitab alıb gətirmişəm. Kitabı insanın ən yaxşı dostu adlandıran usta həyatda və sənətdə qazandığı uğurları həm də zəhmətkeş olmağı ilə əlaqələndirir.
- Dədə-babadan eşitmişik ki, kişi günəşdən tez oyanar. Bizim gözəl dinimizdə səhər namazına günəş çıxmamışdan əvvəl qalxırlar. Burada böyük hikmət var. İnsanın əməyi, zəhməti gec-tez bəhrəsini verir.
Söhbətimizin sonunda sənətkar yaradıcılıq barədə fikirlərini də bizimlə bölüşdü:
- Yaradıcılıq Allaha məxsusdur. Biz sadəcə Allahın yaratdıqlarının əksini kətana köçürürük. Sənətkarın özünün ömrü isə şərt deyil, onun ömrü yaratdığı əsərlərin ömrü qədərdir...
Təranə Vahid