Tanınmış modelyer Fəxriyyə Xələfova Gürcüstanda moda həftəsində iştirak edib
   
   Tbilisidə keçirilən Gürcüstan moda həftəsi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, çoxsaylı kolleksiyaların müəllifi, moda və dizayn mərkəzinin rəhbəri Fəxriyyə Xələfovanın kolleksiyaları nümayiş etdirilib.
   Fəxriyyə Xələfovanın təqdim etdiyi kolleksiyalar tamaşaçıların marağına səbəb olub. Burada nümayiş etdirilən modellər milli-mədəni dəyərlərə söykənərək tarixi keçmişimizlə müasir həyatımızın həmahəngliyindən xəbər verir. Fəxriyyə Xələfova moda həftəsində iştirakı ilə çoxsaylı pərəstişkarlarının siyahısına Gürcüstandan da pərəstişkarlar toplayaraq üslub, parça, rəng və s. seçimi ilə tamaşaçıları heyran edə bilib.
   Modelyer nümayişdən məmnun qaldığını bildirib: “Cerorgian Fashion Week” moda həftəsi beynəlxalq statusa malikdir. Moda həftəsində “Xəzər qızılgülü” adlı kolleksiyamla iştirak etdim. Məqsədim bu gözəl gülün rəngarəngliyini, ətrini tamaşaçılara duydurmaq idi. 25 geyim nümayiş etdirdim. Nümayiş zamanı tamaşaçıların alqışları niyyətimə çatmağımdan xəbər verir. Seçdiyim rəngləri, parçaları tamaşaçılar bəyəndilər. “Nuray” ətrinin də təqdimatını keçirdik. Bu da çox yaxşı qarşılandı”.
   Gürcüstan moda həftəsinin təşkilatçısı “Femen qrup” şirkətinin baş direktoru Natalya Camadalaşvili Fəxriyyə Xələfova kimi adlı-sanlı mütəxəssisin moda həftəsində iştirakından məmnun olduğunu bildirib və onun Azərbaycan milli cizgiləri əks olunmuş kolleksiyalarının rəğbətlə qarşılandığını vurğulayıb.