Sadə, şərəfli bir rəqs müəllimi ömrünü yaşayır Arif Hüseynov. Onun üçün doğma peşəsi hər şeydən üstündür. Rəqs müəllimliyini həyatının mənası hesab edərək bu sənətlə fəxr edir, qürur duyur.
   
   Onun tərcümeyi-halı çox sadədir. 1941-ci il martın 17-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbinin baletmeyster fakültəsini bitirib. 1959-1966-cı illərdə Dövlət Mahnı və Rəqs Ansamblında rəqqas, 1968-2006-cı illərdə İ.Əbilov adına Mədəniyyət Evində baletmeyster işləyib. 1968-ci ildə Mədəniyyət Evinin nəzdində «Könül» xalq milli rəqs ansamblını yaradıb. 1972-ci ildə ansambl «xalq kollektivi» adına layiq görülüb. Ansambl 40 nəfər həvəskardan ibarət idi. Bunlar əsasən məktəbli, şagird, fəhlələr idi. Ansamblın bəzi üzvləri sonradan tanınmış sənətçilər kimi populyarlıq qazanıblar. Ansambl müxtəlif tədbirlərin fəal iştirakçısı olub, respublikanın əksər bölgələrində, hərbi hissələrində maraqlı və rəngarəng proqramlarla çıxış edib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ansambl fəxri fərmanlarla təltif olunub, mətbuat səhifələrində onun fəaliyyətini əks etdirən yazılar dərc edilib.
   Arif müəllimin yaratdığı rəqs qrupu Azərbaycanın milli rəqsində, böyük səhnədə populyarlıqla yanaşı, xarici ölkələrdə də şöhrət tapıb. “Könül” ansamblı 1972-2003-cü illərdə bir sıra xarici ölkələrdə keçirilmiş beynəlxalq folklor (Belarus, Moldova, Polşa, İspaniya, İraq-Babil), dostluq (Finlandiya, İtaliya, İslandiya, Nikaraqua, Türkiyə, Meksika, İsveç, Almaniya, Belçika, Yaponiya) festivallarında, XII Dünya gənclər festivalında (Rusiya), Beynəlxalq rəqs festivallarında (Fransa, Avstriya, Misir), “Azərbaycan mədəniyyəti günləri”ndə (Bolqarıstan, Rumıniya, Hollandiya) və s. tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. Tamaşaçılar ansamblın çıxışlarını hər yerdə böyük maraq və sevinclə qarşılayıblar.
   Qocaman mədəniyyət işçisinin əməyi həmişə yüksək qiymətləndirilib. O, dəfələrlə SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom, fəxri fərman və pul mükafatları ilə təltif olunub.
   1983-cü ildə Arif Hüseynova həsr olunmuş «Buta» adlı sənədli televiziya filmi çəkilib.
   Arif müəllim «Əmək şücaətinə görə» medalı ilə təltif olunub, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Ömrünün 50 ilini sevdiyi peşəsinə həsr edən, respublika əhəmiyyətli tədbirlərin yaxın iştirakçısı A.Hüseynovu mədəniyyətin canlı ensiklopediyası adlandırırlar. Sənətkar həmçinin «Babək», «Qorxma, mən səninləyəm», «Firuzə», «Bəyin oğurlanması» bədii filmlərində istifadə olunan rəqslərə quruluş verib.
   Arif Hüseynov rəssamlarla da sıx əlaqədə işləyib: B.Əfqanlı, T.Tahirov Arif müəllimin ən yaxın sənət dostları idi. Hər rəqs üçün ayrıca milli geyim eskizləri çəkdirərdi, sonra parçasını seçər, hər rəqs üçün ayrıca geyim sifariş verərdi.
   Öz sənətindən heç vaxt yorulmaq bilməyən ustad indi də gənclərə rəqs sənətinin incəliklərini öyrədir. Onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslər mənalı və rəngarəngdir: «Gənclik süitası», «Çobanlar», «Bahar», «Bulaq başı», «Qaytağı», «Yallı» və s. Onun qurduğu rəqs həqiqətən göz oxşayır, bir-birindən maraqlı rəqs elementləri insana zövq verir.
   
   Tahirə Əliyeva