Bu günlərdə Londonda “Down to Earth” adlı maraqlı sərgi keçirilib. “Gazelli Art House” tərəfindən təşkil olunan sərgidə azərbaycanlı rəssam Niyaz Nəcəfovun əsərləri də nümayiş etdirilib. Hazırda Parisdə fəaliyyət göstərən həmyerlimizin əsərləri sərgidə xüsusi maraq doğurub.
   
   Niyaz Təyyar oğlu Nəcəfov 1968-ci ildə Bakıda anadan olub. Kiçik yaşlarından rəsm çəkməyə meylli olsa da, peşəkar rəssamlıq təhsili almayıb. Lakin buna baxmayaraq incəsənətə olan marağı, onu bütün başqa iş və məşğuliyyətlərdən ayırıb. Daim yeni əsərlər yaratmağa, gördüklərini, həyatı özünəməxsus “bədii dil”lə ifadə etməyə çalışıb.
   2003-2004-cü illərdə Azərbaycanın tanınmış sənətşünas alimi, Əməkdar incəsənət xadimi Leyla Axundzadə ilə tanışlığı onun yaradıcılıq həyatında yeni mərhələnin başlanğıcı olub. İlk dəfə məhz Leyla Axundzadənin rəhbərliyi ilə təşkil olunan müasir incəsənət sərgilərində iştirak edib. 2005-ci ildə “Kişi və qadın” sərgisində, 2007-ci ildə BMT-nin Cenevrə bölməsinin Millətlər sarayında keçirilən “Qobustandan yol gələn naxışlar” adlı sərgidə, həmin il Almaniyanın Kassel şəhərində, 2008-ci ildə Berlində, 2009-cu ildə 53-cü Venesiya Biennalesində və digər onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
   Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən sərgilərin əksəriyyətində Niyaz Nəcəfovun əsərləri də yer alır. 2008-ci ildə Bakıdakı “YarAdAn” qalereyasında, 2009-cu ildə isə Fransanın Azərbaycandakı səfirliyinin binasında fərdi sərgiləri təşkil olunub. Fransa səfirliyindəki sərgidən sonra Niyaz Nəcəfov müvəqqəti yaşamaq və işləmək üçün dünyanın ən nəhəng mədəniyyət mərkəzlərindən biri olan Parisə yollanıb. Orada çəkdiyi əsərlər, iştirak etdiyi sərgilər onun yaradıcılıq bioqrafiyasının önəmli bir səhifəsini təşkil edir.
   2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi və təqdimatı ilə Niyaz daha bir uğura imza ataraq Misirdə keçirilən nüfuzlu “Qahirə” Müasir İncəsənət Biennalesinin iştirakçısı oldu. İndi də London...
   Niyazın öz sənəti ilə fəth edəcəyi şəhərlərin sayı bundan sonra da artacaq. Bu sənət yolunda ona yeni uğurlar arzulayırıq.
   
   Qalib Qasımov,
   sənətşünas