Moskvada azərbaycanlı rəssam Qəyyur Yunusun sərgisi açılıb
   
   Rusiya Dövlət Şərq Muzeyində müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar rəssam Qəyyur Yunusun əsərlərindən ibarət “Gizli və aşkar” adlı sərgi açılıb. Sərgi Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Rusiya Mədəniyyət Nazirliyi, Dövlət Şərq Muzeyi, Ş.Mərcani adına Elmi və mədəni proqramlara dəstək və inkişaf Fondu tərəfindən təşkil edilib.
   Sərgidə müəllifin Tretyakov Qalereyasının, Şərq Muzeyinin fondlarında, Mərcani Fondunun kolleksiyasında, eləcə də rəssamın şəxsi kolleksiyasında saxlanılan 50-yə yaxın rəngkarlıq və qrafika işi daxil edilib.
   Sərginin təşkilatçıları qeyd edirlər ki, Q.Yunusun sənəti özünəməxsus simvollar sistemi və tabloların plastik strukturu, koloriti ilə seçilir.
   Q.Yunus Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin və Tbilisi Rəssamlıq Akademiyasının məzunudur. Bir çox xarici ölkələrdə çoxsaylı sərgilərin iştirakçısı olub. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Rusiyada Tretyakov Qalereyasında, Dövlət Şərq Xalqları İncəsənəti muzeyində, Tbilisidəki Xalqlar Dostluğu Muzeyində, Berlin Etnoqrafiya Muzeyində, Fransadakı L’Oranjeri Qalereyasında, Rokfellerlər Ailəsinin Nyu-Yorkdakı şəxsi kolleksiyasında saxlanılır.
   Azərbaycan rəssamının sərgisi mayın 30-dək davam edəcək.