“Van Cleef & Arpels” və azərbaycanlı rəssam Əliyar Əlimirzəyevin birgə təqdimatında

  Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə mayın 5-dən iyunun 5-dək Müasir İncəsənət Muzeyində “İncəsənət xəzinəsi” adlı sərgi keçiriləcək. Sərginin açılışında məşhur kinoaktrisa Katrin Denev və Luvr Muzeyinin direktoru Henri Lyarett, digər məşhur mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
      
   Sərgidə dünyaca məşhur “Van Cleef & Arpels” şirkətinin gözəl zərgərlik məmulatlarından ilhamlanan azərbaycanlı rəssamı Əliyar Əlimirzəyevin ərsəyə gətirdiyi müasir əsərlər yüzlərlə orijinal zinət əşyalarının arasında yer alacaq.
   “Van Cleef & Arpels” şirkəti öz başlanğıcını 1896-cı ildə Parisdə, cəvahirat tacirinin qızı Estel Arpels və brilyant cilalayıcısının oğlu Alfred Van Cleef arasında yaşanan məhəbbətdən götürüb. Elə ilk günlərdən “Van Cleef & Arpels” şirkətinin zərgərlik məmulatları təbiət naxışlarını özündə əks etdirən real “təsviri incəsənət” əsərlərinə çevrilib. XX əsrin əvvəllərində hind maharacalarından tutmuş Vindzor hersoginyası və kral ailəsinin üzvü, zəngin və nüfuzlu Qreys Kelli və Hollivud ulduzlarına qədər çoxları zəriflik və incəliyinə görə “Van Cleef & Arpels” şirkətinin sənətkar-mütəxəssisləri və ya “Mains d’Or” tərəfindən daha da dəyərli edilən zərgərlik məmulatlarına üstünlük veriblər.
   Bakıda açılacaq sərgi “Van Cleef & Arpels”in yaradıcılıq dünyasının əsasını təşkil edən beş əsas mövzuya həsr olunur. Sərgidə hər bir mövzu xüsusi mövzu çalarına malik ayrıca sahə üzrə təqdim ediləcək.
   “İncəsənət xəzinəsi” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın həmmüəllifi olan rəssamı Əliyar Əlimirzəyev 1961-ci ildə Bakıda doğulub. Rəssamın indiyədək Avropa, ABŞ və Asiyanın çoxlu sayda qalereya və muzeylərində sərgiləri təşkil olunub. 2004-cü ildə Əliyar Əlimirzəyev Parisdə “Grands et Jeunes” Beynəlxalq sərgisində “Qran-pri” mükafatına layiq görülüb. O, “Van Cleef & Arpels” dühasından ruhlanaraq bu zərgərlik şirkətinin üslubuna yaxın olan naxışlardan istifadə etməklə özünəməxsus üslubu ilə qadın və cəvahirat arasındakı bağlılığı əks etdirən bir sıra əsərlər yaradıb.
   Sərginin keçiriləcəyi Bakıdakı Müasir İncəsənət Muzeyi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və onun prezidenti olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilib. Muzeyin daimi kolleksiyasına XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Azərbaycan rəssamlarının ən yaxşı əsərləri daxildir. Muzeyin dizayneri, rəssam Altay Sadıqzadənin təbirincə desək, bu məkan “azad incəsənəti” nümayiş etdirmək üçün nəzərdə tutulub. Müasirliyə həsr olunmuş bu muzeyin məqsədi qavrayış və ifadənin yeni təzahürünü təqdim etməkdən ibarətdir.
   Müasir İncəsənət Muzeyində sərgisi açılacaq “Van Cleef & Arpels” zərgərlik şirkətinin Azərbaycan ilə əlaqələrinin əsası 2005-ci ildə qoyulub. 2010-cu ilin iyununda isə onun Bakıda mağazası açılıb. Bu, şirkətin dünya üzrə 85-ci mağazasıdır. Bu məkan zəriflik, nəciblik və enerjinin vəhdəti olan rahatlıq və təmtərağı özündə birləşdirən incəsənət qalereyası kimi təchiz edilib. Bir sözlə, Azərbaycanda incəsənət, cəvahirat və saatsazlıq sahəsində çalışanlar mayın 5-dən iyunun 5-dək “Van Cleef & Arpels” dünyasını daha dərindən kəşf edə, onun gözəllik və sənətkarlığı tərənnüm edən zərgərlik nümunələri ilə yaxından tanış ola bilərlər.