Respublikamızda yaşayan azsaylı xalqların növbəti incəsənət festivalı keçiriləcək
   
   Tarixən tolerant cəmiyyəti, milli müxtəlifliyi, mədəniyyətlərin qovuşma məkanı kimi tanınmış Azərbaycanda bu mühüm xüsusiyyət bu gün də qorunub saxlanılır, təşviq və təbliğ edilir.
   
   Ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ümumi Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilir, hətta bu xalqların incəsənətinin, adət-ənənələrinin yaşadılması, təbliği istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan rəhbərliyi tərəfindən mədəniyyətlərarası dialoqla bağlı beynəlxalq təşəbbüslərin həyata keçirilməsi bu sahədə dövlət siyasətinin mühüm hissəsini təşkil edir.
   Bu gün Bakı şəhərində və respublikanın bölgələrində 20-dən artıq müxtəlif mədəni mərkəz, rus, ukrayna, talış, kürd, ləzgi, tat, tatar, gürcü, ingiloy, avar, Ahıska türkləri, yəhudi, alman, yunan, udin və bir sıra başqa icmalar fəaliyyət göstərir. Üç səmavi dini (İslam, xristian və iudaizm) icmanın nümayəndələri dövlət tədbirlərində birgə iştirak edirlər. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycan Respublikasının dövlət siyasətində öz əksini tapıb.
   Artıq bir neçə ildir ki, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların incəsənət festivallarının keçirilməsi də ölkəmizdə milli-mədəni müxtəlifliyin dəstəklənməsinə bariz nümunədir. Bu qəbildən növbəti festival iyunun 14-18-də keçiriləcək. Bu ərəfədə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin festivalla bağlı fikirlərini öyrəndik.
   Şöbə müdiri bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006 və 2008-ci illərdə keçirilmiş «Azərbaycan - doğma diyar» devizi altında azsaylı xalqların incəsənəti festivalları respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb: “Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzusunda elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar İctimai Televiziya tərəfindən geniş işıqlandırılıb, elmi konfransın materialları «Musiqi dünyası» jurnalında çap olunub».
   Fikrət müəllim qeyd etdi ki, «Azərbaycan - doğma diyar» III respublika festivalına da ciddi hazırlıq görülüb: «Tədbir çərçivəsində 5 dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) «Azərbaycanda yaşayan xalqların mahnıları» (42 mahnı) CD diskinin təqdimatı, Muzey Mərkəzində «Qloballaşma dövründə Azərbaycanın etnik mədəniyyəti» mövzusunda dəyirmi masanın keçirilməsi, Bakı şəhərində və respublikanın bölgələrində fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin çıxışlarının təşkili və sonuncu gün festivalın qala konsertinin keçirilməsi nəzərdə tutulub».
   İyunun 14-dən 18-ə qədər Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək festivalın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
   «Azərbaycanda yaşayan xalqların mahnıları» adlı CD-nin hazırlanması bu sahədə böyük təcrübəyə malik olan professor Tariyel Məmmədova həvalə edilib. Şöbə müdiri onu da bildirdi ki, Azərbaycan Respublikası Ombudsman Aparatından verilən məlumata görə, bu qurumun iyunun 17-18-də keçirəcəyi beynəlxalq konfransın iştirakçıları da festivalın tədbirlərində iştirak edəcəklər.
   Festivalla bağlı digər tədbirlər də nəzərdə tutulub. Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən özfəaliyyət kollektivlərinə diqqətin artırılması, onların yeni səhnə geyimləri ilə təmin olunması, habelə Bakı şəhərinə ezam edilməsinə yardım edilməsi məqsədilə müvafiq icra hakimiyyəti başçılarına məktublar göndərilib, festivalın qala konsertində çıxış edəcək kollektivlərin Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunması, ən yaxşı kollektivlərin gələcəkdə beynəlxalq folklor festivallarına göndərilməsi nəzərdə tutulub. Festivalın elektron və yazılı informasiya vasitələrində işıqlandırılması ilə yanaşı, İctimai Televiziya tərəfindən tədbirə rəsmi informasiya dəstəyi veriləcək.
   
   Mehparə