Ömər Eldarovun əsəri Cənubi Koreyada heykəltəraşlıq sərgisində nümayiş olunub
   
   İyunun 11-də Koreya Respublikasının Boryeong şəhərində yerləşən Geahva Sənət Parkında 8-ci Beynəlxalq heykəltəraşlıq sərgisi açılıb. Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən bildiriblər ki, sərgidə dünyanın 11 ölkəsindən heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.
   Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin və ölkəmizin Koreyadakı səfirliyinin dəstəyi ilə Xalq rəssamı, akademik Ömər Eldarovun Geahva Sənət Parkında ucaldılmış “Bölünmüş millət” adlı heykəltəraşlıq əsəri beynəlxalq sərgiyə gələn yüzlərlə tamaşaçının böyük marağına səbəb olub.
   Koreya Mosan İncəsənət Muzeyinin, “Koreya post” jurnalının, Boryeong Şəhər Meriyasının maliyyə dəstəyi ilə həyata keçirilmiş beynəlxalq sərginin açılışında, yerli idarəetmə orqanlarının başçıları, bu ölkənin tanınmış sənət adamları, Seulda yerləşən diplomatik nümayəndəliklərin başçıları iştirak ediblər.
   Qeyd edək ki, 2004-cü ildə yaradılan Geahva Sənət Parkında indiyədək dünyanın 50 ölkəsindən tanınmış heykəltəraşların 78 sənət əsəri ucaldılıb.