Ənənəvi toxuculuq sənətimizdə ipək məmulatı xüsusi yer tutur. Onun emalının ölkəmizdə tarixən iki üsulu (əyirmə və çəkmə-sarıma) mövcud olub. Bu qədim xalq sənətinin maraqlı xüsusiyyətləri var. Bu barədə danışmaq üçün Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elm fond şöbəsinin müdiri, tarix elmləri namizədi Gülzadə Axundovaya müraciət etdik.
   
   - Qədimdə ipəkdən kustar üsulla hazırlanan məmulatlardan biri də cecim olub. Cecim - xalça məmulatlarının daha arxaik növü hesab olunur. Cecim sadə üfüqi və ya şaquli dəzgahlarda hazırlanırdı. Texniki nöqteyi nəzərdən cecim və palaz eynidir. Fərq yalnız ondan ibarətdir ki, palazlardakı rəngli zolaqlar üfüqi, cecimlərdə isə şaquli yerləşir. Toxuculuğun ilkin inkişaf dövrlərində cecim məişətdə geniş istifadə olunurdu. Ondan yastıqlar, örtüklər, süfrələr, qoltuqaltılar, həmçinin aşırma heybə, toqqa, dağarcıq, duz torbası, çuval hazırlayırdılar. Yun cecimlərlə yanaşı bahalı ipək cecimlər də toxunurdu. Firavanlıq əlaməti hesab olunan ipək cecimlər evin içərisinin bəzədilməsi üçün istifadə olunurdu.
   Keçmişdə kümdarlıqla məşğul olan kəndlərdə demək olar ki, bütün qadınlar cecim toxumağı bacarıb. Cecimi, adətən, qadınlar tək toxuyublar. Lakin ikiqat və mürəkkəb ornamentli cecim növlərinin istehsalında toxucunun yanında ipək tellərini aralamaqla məşğul olan daha bir nəfər köməkçi - "yançı" olub. Cecim istehsalçılarının əsas hissəsini bilavasitə öz xammalı ilə iş görən kümdar qadınlar təşkil edib. Lakin əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, şəhər qadınları arasında satınalma ipəkdən cecim toxuyanlar da az olmayıb.
   - Bu məmulatın ərsəyə gəlməsi prosesi necədir?
   - Bu proses bir sıra mərhələlərdən keçir: baramanın açılması, ipək telinin ilkin emalı, xam ipəyin bişirilməsi, çillə və ara ipəyinin hazırlanması, toxuma texnologiyası, boyama və naxışlama üsulu və s. Onun əldə olunması üçün barama ilk növbədə kül və sabun məhlulunda bişirilib pilə halına salınır. Bu istehsal prosesində əsasən çıxdaş baramadan (tonpal, çatal, kəpənəkləmiş) istifadə olunur.
   Əyirmə üsulu ilə pilədən keci sap hasil edilir. Əl iyi (teşi, əyircək, tağalaq) vasitəsilə pilədən əyrilən keci sap əvvəlcə ikiqat, üçqat, dördqat və s. olmaqla, kələflənir və yumaq halına salınır. Daha sonra cəhrə vasitəsi ilə bükdərilir. İpəkçilik sənətində bu əməliyyat "tovvermə" adlanır. Teşi vasitəsilə keci sapa tovvermə üsulu xüsusilə kümdarlar arasında geniş yayılıb. Bunun üçün ələk və ya qazana salınmış sarıqlı teşilərin hərəsindən bir tel götürülməklə, onlar birləşdirilib başqa bir boş teşi üzərinə sarınır. Bunun üçün baş və şəhadət barmağının köməyi ilə əl iyinin yuxarı ucundan burub fırlatmaqla tellərə birgə "tov" verilir.
   Keçmiş məişətdə cecimə tələbat xüsusilə böyük olub. Şəhər və kənd evlərində ən münasib toxuma məmulatı cecim parçalar sayılıb. Cecim toxunuşlu ipək məmulatından, həmçinin, bir sıra geyim növləri (köynək, şalvar, çuxa, arxalıq, qurşaq, dolaq və s.) hazırlanıb. Bundan əlavə heybə, yəhər qaşı (zimquş, ladı çörək torbası, duz torbası, qaşıqlıq və s. kimi zəruri məişət ləvazimatı cecimdən düzəldilib. Bütün bunlarla yanaşı, qeyd etdiyim kimi, xalis ipəkdən toxunmuş cecim keçmiş məişətdə cah-cəlal, qiymətli ev əşyası hesab edilib.
   - Cecimçiliyin ixtisaslaşmasında yardımçı peşələr haqqında nə deyərdiniz?
   - Bu sənətin başlıca sahəsini xam ipəkdən mütəhərrik dəzgahlarda toxunan zərif ipək parça təşkil edir. Karxana şərbaflığında ixtisaslaşmanın dərinləşməsi nəticəsində istehsal prosesində bir sıra yardımçı peşə növləri yaranır. Baramanın açılıb kələf çarxı üzərinə sarınması mancılıqçı, xam ipək tellərinin seçilib yenidən güpü üzərinə sarınması ilə nəqqat, ipək tellərin tovlanması ilə tovçu, ara ipəyinin sarınması ilə sarıyıcı (lüləvəkil) və s. məşğul olur.
   - Bu sənətdə naxışları, ornamental xüsusiyyətləri necə səciyyələndirmək olar?
   - Cecim naxışları ornamental xüsusiyyətlərinə görə palaz bəzəkləri ilə oxşarlıq təşkil edir. Bu oxşarlıq, xüsusilə zolaqlı cecimlərdə daha qabarıq şəkildə görsənir. Cecim naxışlarının tipik növü olan ala-bəzək zolaqlar dar və enli xətlərdən, yaxud bunların müxtəlif şəkilli ovuşmasından əmələ gətirilib. Bunun üçün, əsasən, əriş düzümünün çeşidli tərtibatından istifadə olunub. Bununla yanaşı, cecim toxuculuğunda həndəsi və nəbati məzmunlu naxış nümunələrinə də geniş yer verilib. Ornamental rəsm və fiqurlar isə məmulatın naxış, bəzək xüsusiyyətini -çeşni əlamətini qabarıq şəkildə təzahür etdirib. Məhz bu səbəbdən də naxışlı cecim çeşniləri zolaqların səciyyəsinə görə deyil, həmin bəzəklərin növünə (dırnaqlı, gül, yarpağı, tovuz quşu və s.) görə fərqlənib. Cecim məmulatı təkcə bəzək xüsusiyyətinə görə deyil, istehsal texnologiyası cəhətdən də qruplara ayrılır. Bundan asılı olaraq, cecimlərin bir qismi ikiüzlü, müəyyən hissəsi isə birüzlü toxunub.
   
   Savalan Fərəcov