Xəbər verdiyimiz kimi, iyunun 14-18-dək Bakıda «Azərbaycan - doğma diyar» devizi altında Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçirildi. 
   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın müxtəlif bölgələrindən azsaylı xalqların bədii özfəaliyyət kollektivləri iştirak edirdi. Festival iştirakçısı olan kollektivlərin daha bir neçəsi haqda məlumat və onların təəssüratları.
   Zaqatala kəndinin avarlardan ibarət «Xuduxi» ansamblının (Dostluq) əsası 1947-ci ildə qoyulub və ansambl oğlanlardan ibarətdir. Qrupun ifasında «Arpuş», «Ləzginka» və digər Avar xalq rəqsləri ilə yanaşı Azərbaycan xalq rəqsi olan «Yallı» da ifa olunur. Ansamblın üzvləri-rəqqaslar Şahid Məmmədov, Asiad Davudov bildirirlər ki, el şənliklərində, toylarda və bayramlarda rəqs edirlər.
   «Adıgün» türk folklor kollektivi isə Saatlı rayonunda yaşayan Ahısxa türklərindən ibarətdir. 1979-cu ildən fəaliyyət göstərən ansambl nəinki respublika daxilində, hətta respublikadan kənarda da konsert proqramları ilə çıxış edir. Ansamblın rəhbəri Yaşar Uluşanov 1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirib və həm də, Saatlı rayon Nəsimikənd kəndində Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. Onun sözlərinə görə, «Adıgün» türk folklor kollektivi hələ 1985-ci ildə Moskvada Folklor nümunələrinə baxış müsabiqəsində çıxış edərək layiqli diplom qazanıb. 2003-cü ildə Şimali Kipr Türk Respublikasında Azərbaycanı təmsil edib. Milli Azlıqların İncəsənəti Respublika Festivalına gəlincə, artıq üçüncü dəfədir ki, bu tədbirdə iştirak edirlər: “Bu təşəbbüsü irəli sürən və festivalı təşkil edən, başda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olmaqla, hər kəsə bütün milli azlıqlar adından təşəkkür edirik. İki ildən bir keçirilən belə tədbirlər gözəl və yüksək səviyyədə qurulur. Dövlət bizi unutmur və biz də onların inamını doğrultmaq üçün əlimizdən gələni edirik. İstəyirik ki, Azərbaycan mədəniyyətində az da olsa bizim də töhfəmiz olsun».
   Y.Uluşanov onu da bildirdi ki, bu ansambl 1993-cü ildə Xalq kollektivi adına layiq görülüb: «Adıgün» türk folklor kollektivinin rəqs müəllimi, metodisti, bədii rəhbəri, rejissoru var. Ansamblın repertuarında «Yallı», «Ahısxanın qızları», «Gəlinim» kimi rəqslər ifa edilir. Bu festivalda isə nümayiş etdirilən tamaşa-rəqs Ahısxa türklərinin adət-ənənələrində olan «Xınayaxdı» gecəsini əks etdirir. Festival bizləri öz folklorumuzu, adət-ənənəmizi qorumağa həvəsləndirir, bizə böyük stimul verir. Milli azlıqların iki ildən bir paytaxtda bir araya gəlmələri onları bir-birinə daha da yaxınlaşdırır, əlaqələr qurulur. Məsələn, bizim ansamblımız Astarada, Masallıda keçirilən festivallarda iştirak edir, onların da ansamblları Saatlıya gəlir. Arzu edərdik ki, belə festivallar daha çox keçirilsin».
   
   88 yaşlı rəqqas
   
   Festivalda talışlardan ibarət «Lerik uzunömürlüləri» folklor rəqs ansamblının özünəməxsus yeri var idi. Ansamblın bədii rəhbəri, rayon mədəniyyət və turizm şöbəsinin müdir müavini Urşan Əliyevin sözlərinə görə, qrupun əsası 1972-ci ildə qoyulub: «Lerik uzunömürlüləri» respublikanın bir çox yerlərində keçirilən tədbirlərlə yanaşı, Milli Azlıqların İncəsənəti Respublika Festivallarının hər birində iştirak ediblər. Ansambl sərhəd zastavalarında, əsgərlər qarşısında da tez-tez çıxışlar edir. Bundan başqa ansamblımız Rusiya və Türkiyədə də konsert proqramları verib».
   Qeyd edək ki, ansamblın ən uzunömürlü rəqqasının 88, gəncinin isə 46 yaşı var. Ansamblın repertuarına «Mücəssəmə», «Rəfdi», «Laktu» kimi talış xalq rəqsləri daxildir.
   U.Əliyev bildirdi ki, son illər dövlət tərəfindən milli azlıqların adət-ənənələrinin yaşadılmasına xüsusi diqqət yetirilir: «Hazırda rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında ansambla böyük səhnə verilib. Biz də çalışırıq ki, bizə göstərilən bu diqqət və qayğını daha yaxşı doğruldaq».
   Rutul ləzgilərindən ibarət «Abay» (böyük qardaş) rəqs ansamblı isə Şəkinin Şorsu kəndində Mədəniyyət evinin nəzdində fəaliyyət göstərir.
   Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovun sözlərinə görə, ansambl 1982-ci ildə yaranıb və bu günə qədər bütün tədbirlərdə fəal iştirak edib: «Rutul ləzgiləri Azərbaycana Dağıstandan gəlib. Hazırda qrupda 20-22 uşaq fəaliyyət göstərir və bu günə qədər 2-3 nəsil dəyişib. Uşaqlar isə əsasən 10 yaşdan yuxarı yaş həddindədir. Rəqqasların ifasında «Şəki», «Abay» və digər rəqslər ifa olunur».
   A.İbrahimxəlilov Azərbaycanın digər yerlərində olduğu kimi, Şəkidə də milli azlıqlara böyük hörmətlə yanaşıldığını deyir: «Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə milli azlıqların incəsənəti ilə bağlı belə bir festival artıq üçüncü dəfədir keçirilir. Bu tədbir bir daha xalqların bir-birinə yaxınlığını, dostluğunu ifadə etməklə yanaşı, azsaylı xalqların Azərbaycanda yaşam tərzinin yüksək olduğunu göstərir. Digər dövlətlər də görür ki, Azərbaycanda milli azlıqların zəngin tarixi bu günə qədər yaşadılıb, qorunur».
   
   Mehparə Sultanova