Türkiyədə Dənizli Bələdiyyəsinin təşkilatçılığı ilə 11-ci Beynəlxalq Xalq Rəqsləri Festivalı keçirilir. Tədbirə 14 ölkədən 400 rəqqas qatılıb. Festival xüsusi kortejin yürüşü ilə başlayıb və kortejin önündə Türkiyə, Azərbaycan, Bosniya və Hersoqovina, Xorvatiya, Litva, Makedoniya, Meksika, Polşa, Serbiya, Ukrayna, Yunanıstan və digər ölkələrdən olan rəqqaslar olublar. Açılış zamanı Türkiyə Dənizli Bələdiyyəsi PAHOY Xalq Rəqsləri Topluluğunun təmsilçisi Vali Yavuz Erkmen festival iştirakçılarını qəbul edib. Qəbulda Vali Yavuz Erkmen hər il olduğu kimi, bu il də dost və qardaş ölkələrin xalq rəqsləri qruplarını Dənizlidə görməkdən məmnun olduqlarını dilə gətirib. Görüş başa çatdıqdan sonra festivalın açılış yürüşü davam etdirilib və qrupların hər biri öz ölkələrinin milli geyimləri və rəqslərini nümayiş etdiriblər.
Qeyd edək ki, 11-ci Beynəlxalq Xalq Rəqsləri Festivalı bu həftənin sonuna qədər davam edəcək.