Xəbər verildiyi kimi, ötən həftə Bakıda, İçərişəhərdə “Qız qalası” ikinci beynəlxalq incəsənət festivalı keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə keçirilən üçgünlük festivalda 20 ölkədən 25 tanınmış rəssam iştirak edib. İyulun 1-də festival başa çatıb.
   
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov mərasimdə çıxış edərək deyib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşıyır. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə yerləşən bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsi zənginləşdirir.
   Ötən il Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müəllifi olduğu əsəri təqdim etməklə festivala öz dəstəyini vermişdi. Bu il isə Leyla xanım Əliyevanın əsəri festivalda nümayiş olunub.
   İdarə rəisi bildirib ki, müxtəlif ölkələrdən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradıblar. İçərişəhərdə Bakı sakinləri və şəhərin qonaqları üçün bu işlərdən ibarət sərgi təşkil edilib. Həmin əsərlər dünyanın müxtəlif ölkələrində də nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək.
   Festivalın litvalı iştirakçısı, rəssam Skaydra Yançaite Litva və Azərbaycan milli musiqilərindən parçalar səsləndirmiş, sərginin onda zəngin təəssürat oyatdığını, burada yeni dostlar qazandığını bildirib. Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli Heydər Əliyev Fondunun son illərdə incəsənətimizə və mədəniyyətimizə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb.
   Qeyd olunub ki, Bakının rəmzi olan Qız qalası maketlərinin müxtəlif ölkələrə məxsus milli çalarlarla bəzədilməsi mədəniyyətlərin yaxınlaşması baxımından mühüm addımdır.
   Meksika Müasir İncəsənət Muzeyinin direktoru Osvaldo Sançez, Özbəkistanın “Karvan” İncəsənət Qalereyasının rəhbəri, sənətşünas Natalya Musina Bakının gözəlliyinə məftun olduqlarını vurğulayaraq Heydər Əliyev Fondunun milli mədəniyyətin inkişafına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini diqqətə çatdırıb. “Qız qalası” İncəsənət Qalereyasının rəhbəri Emin Məmmədov da ikinci Beynəlxalq incəsənət festivalının uğurla keçdiyini bildirərək, müxtəlif ölkələrdən olan sənət adamlarının bir araya gələrək bacarıqlarını göstərməsi baxımından tədbiri yüksək qiymətləndirmişdir.
   Xatırladaq ki, 2010-cu il mayında keçirilən “Qız qalası” birinci Beynəlxalq incəsənət festivalında 18 ölkədən 20-dən çox rəssam iştirak etmişdi.