Qarabağ torpağı tarixən sənətkarlar yurdu olub. Görkəmli musiqiçilərin, ədəbiyyat, incəsənət xadimlərinin vətəni olan bu torpaqda Azərbaycan təsviri sənətinə bədii töhfələr verən bir çox rəssam, heykəltəraş və dekorativ-tətbiqi sənət ustaları da yetişib. Haqqında söz açmaq istədiyimiz Səyyar Əliyev hələ uşaq vaxtlarında rənglər dünyasına meyl göstərib. O zaman bütün yaxınları onun gələcəkdə yaxşı rəssam olacağını güman edirdi. Amma o ali təhsil almaq üçün rəssamlıq məktəbi əvəzinə Azərbaycan Politexnik İnstitutuna üz tutub.
İndi duyulası zaman distansiyasından arxaya baxanda onun rənglərdən sanki heç vaxt ayrılmadığı hiss olunur. Belə olan halda taleyin hökmü ilə uzun müddət rənglər və sənət dünyası üçün qəribsəyən ali təhsilli mühəndis Səyyar Əliyevin yaşının altmışı ötdüyü bir vaxtda duyğularını rənglər aləminə kökləməsini çox təbii qarşılamaq lazımdır. Bu rənglərlə ifadə olunanlar onun uzun illər ruhunda böyük səylə korşalmaqdan qoruduğu yaratmaq qabiliyyətinin görüntüləridir.
Yəqin ki, onun bizə təqdim etdiyi rəsmlər yaddaqalan və başqalarını duyğulandıra biləcək olmasaydı, onlar bütün yaşlarda çoxlarında müşahidə olunan adi həvəs kimi qəbul olunardı. Reallıqda isə müxtəlif ölçülü kətan üzərində yağlı boya ilə işlənən və özündə müəllifin ayrı-ayrı janrların bədii xüsusiyyətlərinə bələdçiliyini yaşadan rəngarəng və düşündürücü görüntülər kifayət qədər fərqli və səmimi, dünyaya fərdi baxışın ifadəsi kimi baxılırlar...
Sənətə gəlişin yolları müxtəlif olsa da, çox vaxt içində rənglərə sonsuz maraq oyananlar kimlərinsə fəth etdiyi qürurdoğurucu zirvədə onlarla qoşa dayanmaq istəyi ilə bu enişli-yoxuşlu, çətin yola üz tuturlar. Və yalnız tutduğu yolun onu məqsədə çatdıracağına əmin olanlar qarşıdakı çətin yaradıcılıq sınaqlarını davamlı səylərlə arxada qoya bilirlər. Bu mənada Səyyar Əliyev ömrünün çox hissəsini rəssamlıqla əlaqəsi olmayan sahədə keçirsə də, özünü daxilən sənət axtarışlarına kökləyə bilib. Bu da getdikcə genişlənən yaradıcılıq prosesində ona özünü nisbətən sərbəst hiss etməyə imkan verir.
Səyyar Əliyevin qısa zaman kəsiyində əvvəllər “itirdiklərini” bir yerə toplaya bilməsi və onu başqaları üçün də maraqlı görünə biləcək estetik qaynağa çevirə bilməsi onun sənətə gəlişinin təsadüfi olmadığını nümayiş etdirir. 2011-ci ilin mayında açılan Xətai miniatür sənəti qalereyasında təşkil olunan “Yeni məkan” sərgisində onun bir-neçə tablosunun respublikanın tanınmış fırça ustalarının əsərlərinin qonşuluğunda “itməməsi”, bədii məziyyətli qəbulu da bunun göstəricisi idi. O sərgidən böyük zövq alanlar da yəqin ki, üz-üzə qaldıqları lövhələrin xüsusi ixtisas təhsili almayan bir adam tərəfindən çəkildiyinə inanmadılar. Onlar üçün “Səyyar Əliyev” imzası yeni idi, ancaq onları tablolar qarşısında saxlayan imzanın yeniliyi yox, təqdim olunan rəsmlərdə dünyamıza özünəməxsus baxışın mövcudluğu idi.
Qeyd edək ki, rəssamın “Yeni məkan”dakı sərgidən əvvəl bu il daha iki sərgidə iştirakı da uğurlu olub. Dövlət İncəsənət Muzeyində 20 Yanvara həsr olunmuş sərgidə ümumxalq kədərini əks etdirən tablosu ağrılı mövzunun düşündürücü bədii şərhinə görə tamaşaçı rəğbəti qazandı, desək, yanılmarıq. Rəssamın bu il “Xocalı faciəsi” mövzusunda keçirilən respublika müsabiqəsinə təqdim etdiyi lövhə də münsiflər heyətinin və sənətsevərlərin marağına səbəb oldu.
Rəssamın yağlı boya ilə işlənmiş lövhələri ən müxtəlif mövzuları və janrları əhatə edir. Yaradıcılığında hansı janrın üstünlük təşkil etdiyini söyləmək çətindir. Bununla belə, əsərlərində mənzərəyə meyl hiss olunur. Bu isə, zənnimizcə, ilk növbədə onun təbiət motivlərinin mahiyyətində və ayrı-ayrı detalların görkəmində ruhunda gəzdirdiyi yaşantılarla səsləşən məqamları görə və onları mənalandıra bilməsi ilə bağlıdır. Ona görə də çox vaxt belə mənzərələr konkret məkanı əks etdirməkdən uzaq olub, ümumiləşdirilmiş, daşıdıqları məna-məzmun yükünə müvafiq ada malikdirlər.
Ağcabədidə dünyaya göz açan, uşaqlığını füsunkar və ecazkar Qarabağ təbiəti ilə təmasda keçirən Səyyar Əliyevin doğma yurda məhəbbətini təbii saymaq olar. Zümrüdü dənizin ağuşuna aldığı qayalıqları “yalayan” ləpələrin yaratdığı lirik ovqat (“Xəzərin sahilində”), rənglərin Turşsu həsrətindən qaynaqlanan nisgili (“Qarabağ mənzərəsi”), təzadlı rənglərin harmoniyasından “boylanan” təbiətin xəzan çağı (“Payız” və “Payız ovqatı”), məşhur təbiət motivinin yara qaysağını qopartmaq gücündə olan yaşantısı (“Cıdır düzünün həsrəti”), qızılı-narıncı koloritin yaratdığı duyğulandırıcı əhval-ruhiyyə (“Odlar yurdu”), əcdadlarımızın torpaq itkisinə ağı deyib sələflərini bu itki ilə barışmamağa səsləməsi (“Sarı qayanın kədəri”) və digər neçə-neçə təbiət motivlərinə bədii güzgü tutan lövhələrdə müəllifin bizə əhatə edən gerçəkliyə özünəməxsus münasibəti görünür.
Səyyar Əliyev sayca mənzərələrindən heç də az olmayan süjetli tablolarında da tamaşaçısını duyğulandırmaq, onun düşüncələrini gah parçalamaq, gah da qanadlandırmaq gücündədir. Sənətkarın iş metoduna işıq salmalı olsaq, deməliyik ki, o, adətən çoxfiqurlu kompozisiyaları üçün eskizlər hazırlamır, duyğularını içində öz-özünə ani olaraq əmələ gələn və bir qədər də mücərrədliyə bələnmiş görüntülərlə ifadə edir. Burada əslində milli bədii ənənələrdən gəlmə xüsusiyyətlər müasir ifadə həlli vasitələri ilə birləşib. “Nur dəryası”, “İnsanlar”, “Nigaran ruhlar”, “Dostlar”, “Həyat toru”, “İnsanlar, talelər”, “Rəssam dünyası”, “Sirli dünya”, “Qovuşanlar”, “Analar, ümidlər”, “Bayram”, “Azad bir quş idim...”, “Bənövşəyi xəyallar”, “Təzadlı dünya” triptixi, “Məhəbbət”, “Mücərrəd kompozisiya”, “Sevincdi, kədərdi dünya...”, “Şeytanın hiyləsi” və s. tablolarda çoxşaxəli insan münasibətləri, bəşəri duyğuların ifadəsi özünün düşündürücü-fəlsəfi bədii yozumunu tapıb. Bütünlükdə təzadlı yaşantılara bələnmiş kimi görünən obrazlar qalereyasını xatırladan bu tablolarda həm böyük, həm də ən xırda detallarda belə məna-məzmun yükü daşıyıcılığını tapmaq və dəyərləndirmək mümkündür.
İnsan intizarının az qala daşlaşmış görkəmi (“İnsanlar”), xaotik torun “ağuşundan” xilas olmağa çalışan talelərin tarıma çəkilən durumu (“Həyat toru”), təbiətin insan iradəsini imtahana çəkməsi (“Sirli dünya”), azadlığın şirinliyinə obrazlı görkəm verilməsi (“”Azad bir quş idim”), dostluğun dəyər kimi təqdimatı (“Dostlar”), şərqli-qərbli insanların qarışıq yaşantılarının başqalarında yarada biləcəyi duyğulandırıcı məqamlar (“Təzadlı dünya”) - bu və digər əsərlərdə gah rənglərin harmoniyası, gah da onların tamaşaçını məna-məzmunu dərkə kökləyən “qarşıdurması” təsirli və yadda qalandır.
Səyyar Əliyevin bəzən fikir daşıyıcılığını bir obrazın üzərində cəmləmək istəyi də yaradıcılıq metodunun tərkib hissələrindəndir. Bu mənada rəssamın bir neçə əsərini xüsusi qeyd etmək lazımdır. “Rəssam dünyası”, “Emalatxanada. Modilyani dünyası”, “Atlı” və s. lövhələrdə insanın yaşayış tərzindən qaynaqlanan psixoloji durumu rənglərin “işığında” özünün təsirli ifadəsini tapıb, desək, yanılmarıq.
Ənənəvi janrlardan sayılan natürmorta zaman-zaman münasibət çox fərqli olub. Yəqin bu, ilk növbədə, yaradıcı insanların cansızlaşan əşya və atributlarda fərqli estetik dəyər axtarması ilə bağlıdır. Səyyar Əliyevin bu janrda çəkdiyi tablolar çox olmasa da, onların artıq bədii görkəm alanları gözoxşayan və yaddaqalandır. Onun günəbaxanlara münasibəti diqqətçəkəndir.
Təbii ki, azərbaycanlı rəssamın təqdim etdikləri Van Qoqun məşhur günəbaxanlarından fərqlənir. Van Qoqun günəbaxanları günəş həsrətlidirsə, Səyyar Əliyevin çəkdikləri yurd, torpaq istəklidirlər. Ona görə də Qarabağ torpağı üçün xiffət çəkməklə özünün cansızlığını hamıya unutduran solğun günəbaxanlar bu qədər küskündürlər. Onun “Cənnət meyvəsi”ndə təqdim etdiyi narlarda isə nikbin notlar qabarıqdır. Sarı işıqlı fonda bədii görkəm alan nar dolu budağın, yerdəki paralanmış meyvələrin plastikasından müsbət enerji duyulur.
Əgər yaradıcılığının indiki mərhələsində axtarışlardan usanmayan Səyyar Əliyevin çəkdiklərinə yekun səciyyəli münasibət bildirsək, deməliyik ki, onlarda yurda bağlılıq, ona sonsuz sevgi çox güclüdür. Yaradıcılarımızın bir qismində korşalmağa meyllənən bu keyfiyyətin onun işlərində kifayət qədər görünən olması müsbət haldır. Müəllifin “Nur dəryası” və “Müdriklər” lövhələrində bir rəngin ifadə gücündən, ovqat yaratmaq mümkünlüyündən bacarıqla ifadə etməsi çağdaş rəssamlığımızda az-az rast gəlinir. Onun zümrüdü rəngin müxtəlif çalarlarından istifadə etməklə həm məsafə dərinliyi, həm də təsvir təsirliliyi əldə edə bilməsi heç şübhəsiz ifadə özünəməxsusluğunun göstəricisidir.
Rəssamın gördüklərinə özünəməxsus səmimiliyə bələnmiş “bədii güzgü” tutmaq istəyi təqdir olunandır. Onun bizi əhatə edən gerçəkliklərə münasibətində də fərqlilik hiss olunur. Bu mənada Səyyar Əliyevin çəkdikləri ilə “Hamı baxır, amma hamı görmür” deyimi bilavasitə təsdiqləyir. Təbii ki, başqaları üçün də yeni və maraqlı görünə biləcək işlər bizi əhatələyən təzadlarla dolu dünyamıza səthi yox, arifanə göz qoymaqdan sonra yaranır. Səyyar Əliyevin bir rəssam kimi ən böyük mənəvi qazancı da çoxsaylı tablolarının məhz belə səmimi münasibətdən sonra yaranmasıdır. Belə işlərsə bir qayda olaraq həmişə müasirdir...
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi